Təhlükəsizliyimizdən sorumlu olanların təhlükəli oyunları…

0
4

Ramiz Tağıyev

Təhlükəsizliyimizdən sorumlu olanların təhlükəli oyunları…

“Çekist”lər dövlətin “onurğa”sını sındırmaq istəyirdilər.

Milli Təhlükəsizlik Nazirliyində baş verən “təmziləmə” işlərinə toxunmaq istəmirdim. Əslində, bu mənim xasiyyətimə heç uyğun da gəlmir. Necə deyərlər, “yıxılana balta vurmaq” istəməzdim. Amma bir məqamı nəzərə aldım, axı son on bir ildə yırtıcılar yığınağına çevrilmiş MTN-lə elə həmin illər ərzində açıq mübarizə aparmışam. Yəni “daldan daş atan”lardan deyiləm.
Bu nazirliyin dövlətçilik üçün əhəmiyyətini anlamayanlardan deyiləm… Açıq söyləyim, mənfur SSRİ-nin cəlladlıq makinası rolunu oynayan KQB-yə özümü dərk edən gündən nifrət etmişəm. Səbəbsiz deyildi… “KQB” zülmündən Azərbaycan bütövlükdə zərbə almışdı. Nəslimin, kökümün nələr çəkdiyini unutmaq çətin idi. Böyük Cavidin, Çəmənzəminlinin çəkdiyi müsibətləri isə millətimizin faciəsi adlandırmaq daha düzgün olardı. Təəssüf ki, olanlardan, yazılmış tarixdən ibrət götürülmədi. İbrət götürmək üçün qafanın yekəliyi deyil, içindəki ağıl “simkartı”nın tutumu əhəmiyyətli imiş.
Doğrusu, kimlərinsə həbsinə sevinmirəm. Uzun illər həbsxana həyatı yaşadığımdan, ailənin, övladların həbsxana qapılarında boynubükük dayanmasının nə demək olduğunu yaxşı bilirəm. Cəzaçəkmə müəssisələrində MTN tərəfindən həbsə məruz qalmış iki tip insanlarla rastlaşırdım. Bəziləri çox rahat görünürdülər. Belə ki, törətdikləri cinayətə adekvat cəzaya layiq görülmüşdülər.
Bir çoxu isə günahsız olduqlarından yuxuları belə ərşə çəkilmişdi. Haqsızlığa tab gətirə bilmirdilər. Elələrinə rast gəldim ki, tam günahsızlıqlarına rəğmən Vətənə xəyanətdə suçlandırılıb, sərt cəzayla “mükafat”landırılmışdılar. Ürəkləri tab gətirməyib, dünyasını dəyişənləri də gördüm…
Mənim üçün qorxu-hürkü yaddır desəm, bəlkə də inandırıcı görünməyəcək. Qorxduğum, ehtiyat etdiyim yeganə məqam kiminsə qəlbinə toxunmaqdır, buraxdığım hər hansı səhvin digərlərinə-Millətimin hər hansı bir nümayəndəsinə ağrı-acı yaşatmaq ehtimalıdır. Müqəddəs bildiyim yol isə Millətimə, canımdan artıq sevdiyim Azərbaycanıma təmənnasız xidmət etməkdir. Millətimin bütün övladlarının qarşılıqlı rəğbət, sevgi, sayğı mühitində yaşamasını arzu edənlərdənəm.
Axı, nə apara biləcəyik ki, bu fani dünyadan!

MTN-nin bitməyən zülmü…

1991-ci ildə, Culfa rayonuna rəhbərlik etdiyim zaman “KQB” əməkdaşlarının təxribatları ilə rastlaşmışdım. Çəkinmədən “KQB” Culfa rayon şöbəsinin fəaliyyətini dayandırmaq baradə sərəncam imzaladım. Bu, SSRİ imperiyası tarixində sözün əsil mənasında sensassiya oldu. Elə həmin sərəncamda qeyd etmişdim ki, Azərbaycanın müstəqil Milli Təhlükəsizlik Nazirliyi yaranan zaman şöbənin fəaliyyəti bərpa olunacaq. Bəli, o günü görmək mənə də nəsib oldu. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Culfa rayon şöbəsinə rəisi təqdim etdiyim gün sevincimdən göz yaşımı saxlaya bilməmişdim. Ancaq ağlıma gətirə bilməzdim ki, həmin nazirlik mənim əzizələrimin göz yaşı axıtmasına, acılar yaşamasına da səbəb olacaq. Yaşatdıqları faciəyə mən soyuqqanlı yanaşsam da, özümü heç bir vəchlə sındırmasam da övladlarım üçün bu asan başa gəlmədi.
MTN əməkdaşlarının tam qanunsuz əməllərinə etiraz davasına qalxan qızım Lalə ağır ürək əməliyyatı keçirməli oldu. İnanın ki, bu gün qələmi əlimə alıb, yaxın keçmişdə baş verənləri bir daha xatırlamağın səbəbi də məhz həmin faktdır. Utanıb-qızarmadan qızımı məhkəməyə çəkdilər. Ölümün pəncəsindən yalnız dəyərli dostlarımın etdiyi maddi yardımlar hesabına xilas olmuş Laləyə tam on ay məhkəmə işgəncəsi verdilər. Dözdü, tab gətirdi, çünki o mənim-həyatın ağrılı-acılı, təhlükəli sınaqlarından üzüağ çıxmış Ramiz Tağıyevin qızıdır. Məni yəqin ki, qınamazsınız, mən onun iradəsi, fədakarlığı ilə qürur duyuram.
Təəssüf ki, bir çox qohum sayılan pısırıq, qorxan məxluqat MTN-nin dələduz, iyrənc əməkdaşlarının fitnə-felinə uyub, mənə qarşı “37”-ni –SSRİ “çekist”lərinin atasının, dayısının üzünə durdurduğu və sonradan təbliğ edib, pioner, komsomolçuların qürur obyektinə çevirdiyi Pavlik Morozovu xatırladan rolu oynadı. Sadəcə qorxaqlıqlarını boyunlarına aldılar. Buna məcbur edildilər. Bunu dəfələrlə, on ildən bəri qatı cinayətləri barədə yazdığım “şanlı çekist”lərimiz etdi. Nə qədər günaha batdılar, qoy qiymətini Böyük Tanrımız versin!
Mənə edilən təzyiqlərin, işkəncələrin sayını-hesabını, növünü unutmağa çalışsam da, MTN əməkdaşlarının cəza çəkdiyim 7 saylı Ciddi Rejimli Cəzaçəkmə müəssisəsinə basqın edib, mənim oradan səsli-küylü 12 saylı-Qaradağda yerləşən daha ağır şəraitli cəzaçəkmə müəssisəsinə köçürülməyim bir film kimi bəzən gözümdə canlanır.
Onların cinayətkar adlandırdıqları-7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkənlər MTN-nin cinayətkar “çekist”lərindən daha ədalətli tərpəndilər. Onlar ayağa qalxıb, mənə edilən haqsızlığa, zorakılığa etiraz edirdilər. Etirazın 3-4 saata-dəfələrlə etdiyim müraciətlərdən sonra qarşısını ala bildim…
MTN-dən verilmiş göstərişə əsasən dörd ay 12 saylı cəzaçəkmə müəssisəsinin “kars”ında saxlanıldım. Saxlanıldım demək, bir az yumşaq görünər, işgəncə çəkdim. MTN-nin cinayətkar dəstəsinin mənə “bəxş” etdiyi şəkərli diabet xəstəliyinin fəsadları özünü büruzə verdi. Ayağımda şiş əmələ gəlməsi bəs deyilmiş kimi, həmin hissədəki qaralmanın törətdiyi şiddətli ağrılardan gecə-gündüz qıvrılırdım. Yalnız ədalətli insanların xəbər almasından sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüm. Etiraf edim ki, indi yaşadığıma görə həmin müəssisəyə və mənim müalicəmi nəzarətində saxlayan yaxşı insanlara borcluyam.

Nə üçün həbs edilmişdim?

Səbəb birdir, indi hamının açıqca söylədiyini, mən düz 10 il idi ki, qələmə alırdım. Çünki MTN fəaliyyət istiqamətini büsbütün dəyişmişdi, qorxunc-ölkə vətəndaşlarının yuxusuna haram qatmış dəhşətli bir struktura çevrilmişdi. Onlara göstərilmiş eitmaddan dövlətçilik naminə deyil, şəxsi mənafeləri, maddi maraqları üçün gen-bol istifadə olunurdu. Pivə boçkasını xatırladan sabiq “nadzor” Akif Çovdarovun adı gələndə iş adamlarının dizləri əsir, MTN-nin Antiterror Mərkəzinin əməllərindən xəbər tutanların isə yuxusu ərşə çəkilirdi. Mən, onlarla dəfələrlə qarşılaşmışam. Bu tiplər, hətta məni bağlı qapı arxasında-Bakı İstintaq Təcridxanasında da rahat buraxmırdı. MTN-nin nazir müavini sayılan Hilal Əsədov ağzı köpüklənə-köpüklənə, ölkədə MTN-nin qarşısına çıxa biləcək kişi yoxdur. Sən nə atılıb-düşürsən, deyirdi. Geri çəkilmədiyimi, mövqeyimi dəyişmədiyimi görüb, şirnikləndirici vədlərlə məndən ölkənin nüfuzlu şəxslərinin əleyhinə izahat almağa çalışırdılar. Həmin sırada Daxili İşlər naziri Ramil Usubovun, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, şöbə müdirləri Novruz Məmmədov və Əli Həsənovun, Prezidentin şəxsi mühavizəsinin rəhbəri Bəylər Əyyubovun, həmin zaman MTN-də nazir müavini vəzifəsini daşıyan Əli Nağıyevin adları yer alırdı. Əvəzində mənə guya evimin olmadığını nəzərə alıb ev, avtomobil və miqdarı milyonlarla ölçülən pul təklif olunurdu. Təbii ki, ünvanı səhv salmışdılar.
Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi Elçin Quliyev və onun dəfələrlə qeyd etdiyim kimi məşhuri-cahan olmuş, “çepeşnik” müavini İlqar Əliyev isə əleyhimə ifadə almaq üçün kabinetlərinə dəvət etmiş insanlara seyflərini açıb, orada toplanmış milli və xarici valyutaları nümayiş etdirərək istəklərinə nail olmaq istəyirdilər. Onlar kimilərin naşılığı ucbatından MTN-nin fəaliyyətində məxfilik adına bir şey qalmamışdı. İş o yerə çatmışdı ki, MTN-nin yüksək çinli əməkdaşı sərbəstcə maliyyələşdirdiyi qəzetin ofisinə gedib, öz xətti ilə DİN naziri Ramil Usubov və onun müavini Vilayət Eyvazov barəsində yazdığı ağlasığmaz iyrənc yazının qəzet səhifəsinə çıxarılmasına göstəriş verirdi. Əlbəttə, bütün bunları tam zamanında yazırdıq. “OBXSS”-ləşmiş MTN-nin dövlətçiliyimizdən savayı əksər xarici ölkələrin kəşfiyyat strukturlarına xidmət göstərmələrindən də dəfələrlə yazmışdım.
Yazıdıqlarım faktlara məhəl qoymayan, ətrafına topladığı cinayətkar ünsürlərin himayədarına çevrilmiş Eldar Mahmudovu məhz həmin səbəbdən istefaya dəvət etdiyimdən qəzəblənərək, 2010-cu ildə növbəti dəfə qondarma, hədsiz gülünc ittihamlarla həbsimin sifarişini vermişdi.
Müxalif mövqeli olmağıma baxmayaraq, ölkə prezidenti, cənab İlham Əliyevin uğurlu, cəsarətli addımlarına daima dəstək vermişəm. Kimlərinsə dodaq büzməyini nəzərə almadan hələlik İlham Əliyevə heç bir alternativ olmadığını dəfələrlə vurğulamışam. Mövqeyimi kifayət qədər əsaslandıra bildiyim qənaətindəyəm. MTN-də baş verənlərə görə də kimsə ölkə prezidentini suçlaya bilməz.

Eldar Mahmudovun komandası prezidentə xəyanət etməməliydi…

Açıq söyləyim, kişi kişi bildiyinə etibar edər, etimad göstərər və yaxud güvənər. Nə etməli, böyük etimaddan, eitbardan namərdcəsinə istifadə edənlər tapılır. Etməməliydilər… E.Mahmudovun “OBXSS” komandası İlham Əliyevə xəyanət etməməliydi. Ortada bir kişilik məfhumu-kişi sözü, kişi sədaqəti adlanan meyarlar var. Nə vəzifə, nə deputatlıq, nədə başqa imtiyazlar kişiliyin meyarı sayıla bilməz. Mənim insanlıq üçün meyar toplumu haqq-ədalət, insaf-mürvət, sədaqət, sözünə, vədinə sahiblik, sadəlik, haramı halal sanıb həzmi-rabedən keçirməmək və dövlətin, millətin uğrunda şəhid olmaq arzusuyla yaşamaqdır. Vəssalam!!!
Bəs, bu doymazlıq nədir? Nə üçün günahsız iş adamlarını hədə-qorxuyla məhv etməliydilər? Axı, məhz onların fəaliyyəti heç olmasa 5-10 və ya daha artıq insana yaşamaq şəraiti yaradır. Yoxsa, Azərbaycan adlı məmləkət Eldara, Hilala, Çovdara, Elçinə, İlqara aiddir? Bədbəxtlər belə düşünürmüşlər. Yazıqlar olsun… Heyif, ailələrinə, övladlarına heyif…
“Təskinliyim” odur ki, onlar balalarına məndən fərqli olaraq milyardları, milyonları, cah-cəlalı buraxacaqlar… Bütün hallarda “içəri”də yaşayışları pis olmayacaq. Təcrübəm bunu söyləməyə əsas verir. Narahatlığa əsas yoxdur, pulları qalacaqsa həbsxanada həm özləri, həm də digər məhkumlar yaxşı yaşayacaq.

MTN-ni narkobiznes yuvasına kimlər çevirmişdi?

Dəfələrlə yazmışdım, MTN-nin narkotiklərlə mübarizəsi səbəbsiz olmayıb. Bu mübarizə əslində bir çox MTN “bossu”nun narkobizneslə külli-miqdarda gəlir əldə etməsinə şərait yaradırdı. MTN ələ keçirdiyi narkotik vasitələri qanuna uyğun olaraq zərərsizləşdirmək əvəzinə, onu təkrar “bazar”a çıxarırdı. Yalnız “Millətim” həmin mövzuya toxunduqdan sonra, MTN narkobaronları bir neçə dəfə ələ keçirdikləri qənimətin yandırılmasını telekanallarda nümayiş etdirdi.
Açıq söyləyim, MTN-nin cinayətkar şəbəkəsi ilə mübarizədə tək qalmışdıq. Yazdıqlarımız ciddi faktlara söykənərək tam hədəfə dəydiyindən üzərimizə olan basqılarını ardı-arası kəsilmirdi. Özümüz bir yana qohum-əqrəbamız, dost-tanışımız da təqibə məruz qalırdı. Yaxın dostum, sabiq polis polkovnik-leytenantı, Ordubad və Culfa rayonlarında polis rəisi vəzifəsində çalışmış Faiq Əhmədov da sərt cəzaya məruz qaldı. Mənimlə yaxın münasibətlərinə görə MTN-nin Antiterror Mərkəzi onu Dəmiryol İdarəsində tutduğu vəzifəsindən uzaqlaşdırmağa nail oldu. Harınlamış, gözlərini qan tutmuş naşı “çekist”lər bununla kifayətlənməyib Faiq müəllimin oğlu Ruslan Əhmədovu MTN-də daşıdığını məsul vəzifədən azad etdirə bildilər. Sual olunur; axı, nə idi Ruslanın günahı? Sizin övladınızın ətrafında belə iyrənc oyun oynanılsa idi, qəbul edərdinizmi? Nə edək, indi, bir az da siz dözün, cənablar!

Antiterror mərkəzindən idarə olunan “reket” jurnalistlər…

Burada yaxın keçmişə nəzər yetirmək yerinə düşərdi. “OBXSS” Eldar ötən əsrin 90-cı illərində Bakı restoranlarında əyləncəli həyat sürən zaman F.Əhmədov Heydər Əliyevin əleyhdarlarıyla mübarizə aparırdı. Yaxşı xayırlayıram, 1992-ci ildə AXC Ordubad rayon şöbəsinin fəalları həmin rayonun polis rəisi F.Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasını tələb edirdilər. Səbəbi isə, polis rəisinin H.Əliyev tərəfdarı olması idi. Bu bir faktdır və kimlər üçün maraqlıdırsa, Youtube-da H.Əliyevin Milli Məclisdə Ordubad hadisələri barədə söylədiklərini bir daha izləsin.
MTN-nin ölkə mətbuatına, siyasətinə vurduğu zərbədən dəfələrlə söhbət açmışam. “Reket” mətbuat birbaşa MTN-dən, məhz Anteterror Mərkəzinin müavini İlqar Əliyev tərəfindən idarə olunurdu. Onun çirkli pullarıyla ərsəyə gələn “reket” qəzetlər ölkənin nüfuzlu məmurları barədə iyrənc, şantaj yönümlü yazıları ard-arda sıralayıb, əvəzində milyonlara sahib çıxa bilirdilər. Yülgülvari araşdırma həmin “reket”lər ordusunun dəm-dəsgahlarını ortaya çıxara bilər.
Yaxşı yadımdadır, 2005-ci ilin avqust ayında MTN-nin iyrənc oyunlarını ifşa etmək üçün keçirdiyim mətbuat konfransında, İsrail “Mossadı”na xidmət etməsindən şübhələndiyim bir hüquq müdafiəçisi xanım yanımda əyləşərək, “Ramiz, Antiterror əməkdaşlarının adını çəkmə, səni öldürəcəklər” deyib, məni qorxutmaq istəyirdi. Təbii ki, belə hədə-qorxular mənim üçün təsirsiz olub və bundan sonra da olacaq. Qeyd edim ki, dəfələrlə Eldar Mahmudovun və onun əlaltılarının bəzi ölkələrin xarici kəşfiyyat strukturlarında isti münasibətləri barədə açıqca münasibət bildirmişəm və “Millətim”in arxivi söylədiyimi bir daha təsdiq edə bilər. Həmin yazılar yalnız analitik təfəkkürün məhsulu olaraq ortaya çıxsa da, əlahəzrət zaman yanılmadığımı mütləq təsdiq edəcək.

“Çekist”lər dövlətin “onurğa”sını sındırmaq istəyirdilər

MTN ölkəmiz üçün hədsiz önəmli strukturdur. Yazılarımda daima təhlükəsizliyimizdən sorumlu olmalı olan həmin nazirliyin dövlətimizin onurğa sütunu olması zəruriliyindən söhbət açmışam. Əksinə, başabəla “çekist”lər ölkənin dəyərli iş adamlarının onurğasını sındırmaqla məşğul olublar, 2010-cu ilin noyabr ayında yaxın dostum olmuş, iş adamı Eldar Əliyevin MTN əməkdaşlarının qəddarlığı, zorbalıqlarıyla qarşılaşmasından sonra bir daha əmin oldum ki, belə davam edə bilməz. Bilirdim və böyük ümidlə gözləyirdim ki, ölkə prezidenti MTN-də kök salmağa nail olmuş cinayətkar quldur dəstənin mütləq cəzasını verəcək. MTN zorbalarının, təbirincə söyləsək “MTN-nin qarşısına çıxa biləcək” kişinin tapılacağına qətiyyən şübhə etmirdim. Bilirsinizmi, Hilal Əsədov və ətrafındakı cinayətkar cocuklar mənə nə üçün “ölkədə MTN-nin qarşısına çıxa biləcək kişi yoxdur” bəyanatını vermişdilər?!
Mənim həbs edildiyim zamana qədər-2008-09-cu illərdə “Millətim”də imza atdığım “Prezidentimizin ləyaqəti və cəsarəti”, “İlham Əliyevin alternativi yoxdur” başlıqlı yazılar onlara toxunubmuş.
Düşünürəm ki, burada iş adamı E.Əliyevin saxlanıldığı MTN-nin İstintaq Təcridxanasından bir çox rəsmi isntansiyalara ünvanladığı müraciətə təkrar diqqət yetirmək yerinə düşərdi. Əlbəttə onun vəkili olmuş İkram Abdullayevin də məktubu oxucularımız üçün maraqlı olacaq.

Mövzuya isə qayıdacağıq.

P.S. Ömrümün 7 ilə yaxın bir müddətini məhz MTN-də baş verən qanunsuzluqlar sayəsidə həbsxanalarda keçirsəm də, həbs edilmiş MTN əməkdaşlarına, Allah qapınızı açsın deyirəm!

LEAVE A REPLY