“İTV-yə verəcək o qədər pulum yoxdur”-Namizədlər TV-dəki qiymətlərdən narazıdır

0
4

İTV axşam saatlarında prezidentliyə namizədlərin bir dəqiqəlik çıxışına 3 min manat istəyir. Bunu 5 dəqiqəyə vuranda 15 min edir.

MSK-nın açıqladığı bilgilərə görə, adıçəkilən televiziyada saat 11:50-də efirə çıxmaq istəyənlər 1 saniyəyə 20, 12:30 və 14:35-də 22, 16:50-də 24, 17:30-da isə 30 manat ödəməlidir. Saat 18:40-da efirin bir saniyəsi 35 manata təklif olunur. Ən baxımlı zamanda – saat 20:20-də efirə çıxmağın bir saniyəsinin qiyməti isə 50 manatdır. Beləliklə, prezidentliyə iddialı şəxs bir dəqiqəlik çıxışa 3 min manat ödəməlidir. Üstəlik, bura ƏDV daxil deyil.

İctimai Radioda isə təşviqat çıxışı, materialının yayımlanmasının saniyəsi vaxtdan asılı olaraq 7-25 manat arasında dəyişir. “Mənim ödənişli efirdən istifadə imkanım yoxdur”. Prezidentliyə namizəd Araz Əlizadə İctimai televiziyanın (İTV) ödənişli təşviqat üçün tələb etdiyi məbləğdən danışarkən belə deyib. Qiymətləri yüksək sayan A.Əlizadə buna görə də ödənişli efirdən istifadə etməyəcəyini bildirir. O, İctimai Televiziyanın təklif etdiyi qiymətlərin baha olduğunu desə də, bunun səbəbləri haqda danışmaq istəmir: “Mənim televiziyadan başım bir o qədər də çıxmır. Bazar iqtisadiyyatıdır, yəqin onlar da ölçüblər-biçiblər, hesablayıblar və belə qərara gəliblər”.

A.Əlizadə prezidentliyə iddialı şəxs kimi ödənişsiz efirin imkanlarından yararlanmaq niyyətindədir. O, təxminən altı saatlıq efir vaxtı olacağını və bunun ona bəs edəcəyini söyləyir: “Mən düşünmürəm ki, ödənişli efirdən istifadə nəsə versin. Ona görə pulu belə şeylərə xərcləmək, göyə sovurmaq fikrim yoxdur. Elə o qədər çox pulum da yoxdur”, – gülərək bildirir.

Prezidentliyə başqa namizəd Zahid Oruc da qiymətlərin baha olduğunu, əlçatımlı olmadığını düşünür. O, bununla bağlı namizədlərin öz aralarında müzakirə aparacaqlarını, hətta bəlkə İctimai Televiziyanın rəhbərliyinə müraciət edə biləcəklərini də qeyd edir. “İctimai televiziya və radionun siqnalları ölkənin ən ucqar bölgələrinə də çatır. Bu baxımdan burda çıxış etmək daha əlverişlidir, qiymətlər əlçatımlı olardısa, İTV-də çıxış etmək istərdik”, – Z.Oruc izah edir.

Ancaq o da televiziya vaxtının bahalı olduğunu «bir reallıq» kimi qəbul edir və “BBC-də bəzən bir dəqiqəyə bir milyon dollar ödənir”, – deyə əlavə edir. Prezidentliyə namizəd televiziyanın alternativsiz olmadığını da qeyd edir. Z.Oruc sosial şəbəkələrin imkanlarından yararlanacağını söyləyir. (Azadlıq Radiosu)