Müsavat İsa Qəmbəri tək buraxır?
Sabiq başqanı kim “vurur”?
Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin 15 saylı Yasamal Birinci Seçki Dairəsindən namizədliyi qeydə alınsa da, görünən odur ki, imzatoplama kampaniyası bir o qədər asan başa gəlməyib. Sabiq başqan müsavatçılar tərəfindən yetərincə yardım ala bilmədiyindən imza toplamaq üçün öz qohumlarını səfərbər etməli olub. Əksinə, Müsavat partiyasının hazırkı başqanı Arif Hacılı 33 saylı Xətai Birinci Seçki dairəsindən namizədliyinin qeydə alınması üçün partiyanın bütün gücünü ortaya qoyub.
Buna baxmayaraq, imzatoplama kampaniyası A.Hacılı üçün bir o qədər uğurlu alınmayıb. Onun adını eşidən seçicilərin əksəriyyəti etiraz edib, qapılarını imzatoplayanların üzünə bağlayıblar.
Müsavatın parlament seçkilərinə pessimist əhval-ruhiyyə ilə qatılması təşkilatın ciddi problemlər yaşadığını təsdiq edir. Üstəlik də sabiq başqanla A.Hacılı arasında narazılığın baş qaldırması parlament seçkilərində təşkilata yaxşı heç nə vəd vermir. Müsavatdakı mənbənin verdiyi məlumata görə A.Hacılı müsavatçılara İ.Qəmbərin seçki marafonunda iştirak etməmək göstərişini verib. İncikliyin səbəbi kimi isə sabiq başqanın partiyanın gündəlik fəaliyyətinə birbaşa müdaxilə etməsi göstərilir.
Məlumatda həm də İ.Qəmbərin Müsavatdan narazılıqla ayrılıb “Ağ yol”u yaratmış qrupun nümayəndələri ilə gizli görüş keçirməsi, başqanlığa sabiq namizəd Qubad İbadoğlu ilə virtual əlaqə yaratmasının A.Hacılının ciddi narazılığına səbəb olması yer alıb. Məhz bundan sonra Müsavat başqanı sabiq başqanın qərargahdakı kabineti təhvil verməsi məsələsini gündəmə gətirib. A.Hacılı bu barədə öz yaxın ətrafına “kabinet gün keçirmək, çay içib, seriallara tamaşa etmək üçün ayrılmış yer deyil” mesajını verməklə, İ.Qəmbərin kabineti qanunsuz zəbt etməsinə işarə vurub. Belə görünür ki, seçkidə uğursuzluqla üzləşəcəyi halda sabiq başqanla hazırkı başqan arasında dava daha da şiddətlənəcək. Onlar uğursuzluqlarını sığortalamaq üçün daxili çəkişmələrə baş vuracaqlar ki, siyasi meydanda yerlərini qoruyub saxlaya bilsinlər.
Müsavatdakı mənbənin verdiyi məlumatdan açıq-aşkar görünür ki, İ.Qəmbər A.Hacılının başqanlığa gətirilməsində çəkdiyi əziyyətlərdən peşmanlıq yaşamaqdadır. Sabiq başqan dəfələrlə “Qubad bəy başqan seçilsəydi, partiya belə dağılmazdı”, deyib. İ.Qəmbər onu da etiraf edib ki, Müsavatın dağılmasında rolu A.Hacılı və qardaşları oynayıb. Sabiq başqanın verdiyi proqnoza görə iqtidar Müsavatı yarımcan hala saldığına görə A.Hacılını mandatla mükafatlandıracaq.
Mənbənin verdiyi məlumata inansaq, İ.Qəmbər həm də “Yeni Müsavat”ın baş yazarı Rauf Arifoğluyla münasibətlərin pozulmasında özünü suçlu sayır. Sabiq başqan təbliğat kampaniyasında “Yeni Müsavat”ın dəstəyi olmadan uğura imza ata bilməyəcəklərini xüsusi olaraq etiraf edib.
İ.Qəmbərdən fərqli olaraq A.Hacılı indiki durumdan kifayət qədər razı görünür. O, seçkidə əsas rəqibi sayılan deputat Hüseynbala Mirələmovu üstələyəcəyinə inamını gizlətmir. Müşahidələrimiz də təsdiq edir ki, H.Mirələmov bu dəfə seçkiyə həvəsli qatılmayıb. Əvvəlki seçkilərdə seçicilərini müxtəlif şirnikləndirici tədbirlərlə ələ almağı bacaran deputatı indi deputatı olduğu ərazidə gördüm deyən yoxdur.
Aldığımız digər bir məlumat isə, A.Hacılının İsa Qəmbərin seçki dairəsində əsas rəqibi sayılan hazırkı deputat Ülvi Quliyevlə gizli görüş keçirməsi barədədir. Məlumatda qeyd olunub ki, Müsavat başqanı İ.Qəmbərin seçki təbliğatına dəstək vermədiyi halda Ü.Quliyev onun mandat almasına yardım edəcək.
Müsavatın çətin günlərini yaşaması inkaredilməzdir. Seçkilərin qaynar məqamı olmasına baxmayaraq Müsavat qərargahının boşluğu xüsusi olaraq diqqət çəkir. Müşahidəçilərin proqnozuna görə parlament seçkilərindən sonra Müsavatın qərargahı tamamilə boşalacaq. Arif Hacılının sabiq başqanla kabinet davası isə daha kəskinləşəcək. İndi müsavatçıları bir sual düşündürür; görəsən, kim kimin kabinetini əlindən alacaq? Böyük ehtimalla seçki uğursuzluğunu kompensasiya etməyə çalışan İ.Qəmbər dəlicəsinə vurulduğu başqanlıq “qoltuğunu” A.Hacılıya buraxmayacaq. Sabiq başqan A.Hacılının dağıtdığı Müsavatı bütövləşdirmək adıyla təşkilatı və “qoltuğunu” əlində saxlaya biləcək.
Qudrət