Vaşinqtonun “Afrində əməliyyatı dayandırın, atəşkəsə əməl edin” çağırışına Ankaradan – Sərt etiraz

0
4
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert keçirdiyi günlük ənənəvi mətbuat konfransında Türkiyəyə Afrinlə bağlı mesaj verib.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, o, Afrində keçirilən əməliyyata işarə vuraraq, Türkiyəni BMT TŞ-nın fevralın 24-də qəbul etdiyi Suriyada 30 günlük atəşkəs qərarına əməl etməli və əməliyyatı dayandırmalı olduğunu vurğulayıb.
Departament sözçüsü qərarın Afrinə şamil olunmadığı haqda Ankaranın izahına belə cavab verib: “Türkiyə BMT-nin atəşkəs qərarını yenidən oxumalıdır”.
Mia.az bildirir ki, rəsmi Vaşinqtondan gələn bu etiraza Türkiyənin cavabı gecikməyib.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib ki, BMT Təhlükəsizlik Şurasının 2401 saylı qətnaməsi Suriya rejiminin dinc sakinləri qətlə yetirməsinə, xəstəxana, məktəb kimi dinc məqsədlər üçün istifadə edilən yerlərə qarşı hücumların qarşısının alınması, yardıma ehtiyacı olan şəxslərə kömək edilməsi məqsədi daşıyır: “Türkiyə münaqişə tərəfi deyil. Türkiyə Suriyanın ərazi bütövlüyü çərçivəsində öz təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar həyata keçirir. Bu əməliyyatlar BMT-nin 51-ci maddəsinə tamamilə uyğundur. ABŞ-a terrorçulara dəstək verən açıqlama yaymaq əvəzinə, rejimin məsum insanlara hücum etməsinin dayandırılması üçün fəaliyyət göstərməyi tövsiyə edirik”.