Soylu Atalı
(Mütləqə İnam Ocağının Yükümlüsü)
Türk dövlətlərinin birgə hərəkət qaçılmazlığı
Bəşəriyyət Orta Doğunun timsalında ağlamalı günlərini yaşayır. İnsanlar qan içində çabalayır, yaşlılar, qadınlar, körpələr fəryad qoparır. Tükənməyən qırğınlar, tükənməyən dağıntılar böyük məqsədlərə qatılır. Dünyaya demokratiya yayılır – qırğınlar, vəhşətlər, nifrətlər, düşmənçiliklər biçimində. Dünyanı “ağ günə” çıxartmaq yönündə “Ağ evdə” planlar tutulur, əməllər becərilir. Tapıldığı (kəşf olunduğu) gündən yalnız qətllər, qırğınlar, terrorlar hazırlanır, yetirilir Amerika qitəsində. Hələ bəşəriyyətə böyük bir dəyər sunmayıb bu qitə. Tərsinə, qədim, tarixi xalqların tarixi dəyərlərini, yaşı minilliklərə dayanan, insanlığın keçmişindən soraq verən abidələrini məhv edib torpağa gömməklə uğraşır. İnsanlığı məhv edən, insanlığa qarşı hazırlanan hər cür baza bu qitədə yerləşir.
Amerika – Avropa xalqlarının imperiyası, dünya xalqlarının yağısı anlamı daşıyır. Bilirik ki, bəşər bəlli olandan, dövlət yaranandan xalqlar arasında savaşlar olub, torpaq uğrunda, sərvət uğrunda çəkişmələr gedib. Bu savaşlarda bir sıra abidələr də məhv edilib. Ancaq heç vaxt bütün dəyərlərin, bütün tarixi abidələrin məhv edilməsi qarşıya məqsəd qoyulmayıb. Amerika isə belə bir məqsəd daşıyır, bilərəkdən köklü xalqları sıradan çıxarmağa girişib. Bu köklü xalqlar da ən çox Doğuda yerləşir. Ona görə də Amerika Doğunu qan dənizinə çevirib. Əfqanıstandan başlayaraq, Misirdə, İraqda, Suriyada, indi də artıq Türkiyədə törədilən alovlar sönmək, söndürülmək bilmir. Hamını demokratiyaya vərdiş elətdirmək adı qoyulub qırğınlara. Ancaq bu demokratiyanın nə başı bəllidir, nə ayağı. Xalqların özünəxaslığı (mentalitetləri) sıradan çıxarılıb qul halına gətirilir. Bəllidir ki, qulun sabahı yoxdur. Deməli, köklü xalqlar bəşəri yaradıcılıq keyfiyyətlərini itirməklə aradan getməli, dünyada Amerikanın istədiyi hakim xalqlar qalmalıdır. Bütün torpaqlar da, sərvətlər də onların əlində olmalıdır. Orta Doğu Projesinin qlobal hədəfləri budur. Bunun üçün ayrı-ayı aşamaları özündə daşıyan hədəflər gerçəkləşdirilir. Biz bu hədəflərin canlı görənləriyik (şahidləriyik). Onsuz da bütün planlar üzdədir. Ancaq dünyada elə bir zəncir bağları yaradıblar ki, heç kim bu zəncirin həlqələrindən açıla bilmir. Uluslararası (beynəlxalq) qurumlar, uluslararası maddi fondlar bu zəncirin həlqələrindəki açarlar rolunu oynayır. Ona görə də heç bir dövlət təkbaşına bu zəncirlərdən açıla bilməyəcək. Hesab edirik ki, hər bir dövlətin milli gələcəksəl proqramı (strategiyası) olmalı və bir-biriylə anlaşma, birgə qorunma strategiyası yaranmalıdır. Ancaq anlaşılan odur ki, bu istək xeyli uzaq hədəfdir. Çünkü yaxın, qonşu dövlətlərin hər birinin o birisiylə çözülməmiş sorunları var. Bu sorunlar yaxalarından tutub onları Amerikanın etkisinə sürüyür.
Bu yanaşmamıza görə kimsə düşünməsin ki, biz üstünlüyü Rusiyaya ötürmüş oluruq. Rusiya çox qorxulu, əməlinin, addımının yerini bilməyən dövlətdir. Yaxasını ona verən yüzillərnən açıla bilmir. İndi Rusiyanın özü də Amerikanın basqısı altından qırağa dura bilmir. Bununla belə, Rusiyaya qarşı ayıq olmaqdan heç kim vaz keçməməlidir. Bu başqa və ciddi qonudur…
Bu gün dünyada əsas yanğınlar Amerikanın çaxmağı ilə alışır. Biz bilərəkdən bu yazıda ən çox Batı sözünün yerinə Amerika adını çəkirik. Çünkü Batı deyəndə başda Amerika görünür. Ən əsası odur ki, bizim üçün önəmli bir məsələ (yazımızda da onun üzərində vurğu eləmək istəyirik) türklük məsələsidir. Türklüyün də ən böyük sorunu bu gün Türkiyənin varlığı ilə bağlıdır. O Türkiyə ki, Amerika onu dağıtmağa çalışır, o da Amerikaya yaxınlaşmağa zorlanır. İlk baxışdan bu zorlanma qaçılmaz görünür. Çünkü Türkiyənin İraq torpağında yerləşən PKK-nı vurması üçün Amerikanın icazəsi gərəkdir. Bu yöndən Türkiyə Amerika ilə anlaşmalar yapır. Qıraqdan izləyənlər də, çoxluq olaraq, bu anlaşmadan məmnun görünürlər. Hətta türk toplumlarının içərisində sevinmələr də başlayıb. Yalançı nikbinlik, eyforiyalar baş alıb gedir: “Türkiyə PKK- nın xeyli canlı qüvvəsini məhv etdi; Türkiyə öz istehsalı olan yaraqları PKK-ya qarşı işə saldı; PKK-nın öndərlərindən bir çoxu ələ keçdi” və b. k. Bu yandan Türkiyənin baş baxanı bəyanat verir ki, bu sorunu gələcək soylara buraxmayacağıq.
Bu cür yeritmələrdən (təlqinlərdən) də sadəlövh türk insanları sevinc duyğuları keçirirlər. Əslində bunların hamısı kütlənin diqqətinə hesablanmış görüntülərdir. Üzdə qələbəlik kimi görünən məsələlərin heç birinin ciddi özülü yoxdur. Hələ (seçkilərdən sonra) Türkiyədə qalıcı (sabit) hökumət formalaşmayıb, çox işlər yoluna qoyulmayıb. Baş baxan bunları gözə alıb kütləni eyforiyaya yönəldir…
Bilmək gərəkdir, Türkiyə ilə Amerikanın bu yaxınlaşması kimin üçünsə günsəl gedişdir (taktikadır), kimin üçünsə gələcəksəl proqram (strategiya). Düşünürük ki, Türkiyə üçün günsəl gedişdir, Amerika üçün strategiyasının tərkib parçası (hissəsi). Bizə görə Amerikanın “Orta Doğu Projesi”nin Türkiyəyə bağlı aşaması artıq gəlib sınıra çatıb. Burdan geriyə yol yoxdur. Yəni Amerika Türkiyəyə bağlı dağıdıcı istəklərində ancaq qabağa getməlidir. Nəyin alınıb-alınmaması məsələnin ayrı tərəfidir. Hədəf odur ki, plan dayanmasın. Ya plan davam eləməlidir, ya da Amerika imperiyası çökməlidir. Deməli, bu gün Türkiyənin yörəsində fırlanan olaylar Amerikanın olum-qalım məsələsinə özgündür (aiddir). Odur ki, bu gün Türkiyəylə “yaxınlaşma” Amerikanın özünə gərəkdir. Belə ki, həm Türkiyə Amerikaya qarşı ikinci qütblərlə anlaşmaya getməsin, həm də Amerika çılpaq niyyətlə ortaya çıxıb ifşa olunmasın. Onsuz da məqsədli güclərdən yardım alan terror şəbəkələrinin biryolluq sıradan çıxarılması asan bir iş deyil. Türkiyəni terrorla savaşda yorub, sivil sayılan başqa kürd birləşmələri ilə masa arxasına oturtmağa çalışacaqlar. “Kürdlərin özünüidarə haqqını tanımaq” kimi bir layihəni işə salmağa çalışacaqlar. Bir sözlə, bu gedişdə Türkiyənin uduşu gözlənilmir. Türkiyənin parçalanma həddinə gətirilməsi isə Türk Dünyası üçün qorxulu bir siqnaldır. Artıq düşünmək çağı deyil, gerçək addım atmaq çağıdır. Qaradan o yana rəng yoxdur. 7 Dövlət balaca qüvvə deyil, birgə hərəkət etməyin çağı yetişib. Türkiyə parçalanarsa, sabah bu dövlətlərin bağımsızlığından danışmaq çətin olacaq. Yuxarıda vurğuladıq ki, Batının basqısına uğrayan ayrı-ayrı dövlətlərin bir-biriylə siyasal sorunları var. Bu gün onların birgə hərəkəti çətindir. Ancaq türk dövlətlərinin bir-biriylə sorunları yoxdur. Onların böyük anlamda birgə hərəkət etmələri vazkeçilməz tələbə çevrilib.