Rəsul Quliyevin ardınca daha bir mühacir seçkidə iştirak niyyətini açıqladı –HÜSEYN ABDULLAYEVDƏN SƏRT BƏYANAT (VİDEO)

0
4
Keçmiş deputat, bəstəkar, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev 2018-ci ilin prezident seçkilərinə namizəd kimi qatılmaq niyyətini açıqlayıb.

Hüseyn Abdullayev belə bir gözlənilməz bəyanatla bu gün çıxış edib.

Sabiq deputatın “Facebook” səhifəsindəki açıqlamasında deyilir:

“Əziz bacı-qardaşlarım və çox dəyər verdiyim ağsaqqal, ağbirçəklərim!!!

Məlumat üçün sizlərə bildirməliyəm ki, mən – Hüseyn Abdullayev gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindəyəm.

Əminəm ki, bu yüksək vəzifəyə seçildiyim təqdirdə, dağılmaqda olan iqtisadiyyatımızın bərpa edilməsini, eləcədə, hüquq, məhkəmə, vergi, təhsil, səhiyyə və digər vacib sahələrdə köklü və radikal islahatların aparılmasını təmin etmək gücündəyəm”.

Hüseyn Abdullayev daha sonra xəbərdarlıq edib ki, heç bir təxribat onu yolundan döndərə bilməyəcək:

“Bilirəm, bu qərara gəlməyim Bakıdakı bir çox xain qüvvələri ciddi şəkildə narahat edəcək və onlar tərəfindən şəxsimə qarşı yönəlmiş çirkin qarayaxma təbliğatlarına start veriləcək. Çünki onlar yaxşı bilirlər ki, mənim Azərbaycana qayıtmağım onların kriminal əməllərinə, cəzasızlığına, korrupsiyasına və qudurğançılığına son qoymaq deməkdir.

Bəri başdan həm onlara, həm də uzun illər onlarla işbirliyində olan bəzi saxta və “cib müxalifəti” funksionerlərinə bəyan edim ki, onların heç bir avantürası məni öz yolumdan və doğma xalqıma xidmət etmək arzusundan çəkindirə bilməz.

Önəmli olan millətimizin istəyi və qərarıdır. Əgər canım qədər sevdiyim Azərbaycan xalqı mənə ehtimad göstərib, bu vəzifəyə layiq görərsə, qayıdıb öz ölkəmə, doğma yurduma və millətimizin xoşbəxt, firavan və hüzur içində yaşamasının təmin edilməsinə çalışaram”.

Xatırladaq ki, bir neçə gün əvvəl başqa bir mühacir – Rəsul Quliyev də 2018 prezident seçkilərinə namizədliyini elan edib.