Gənc əsgərlərimiz xidmətə hazırdırmı?

0
4

Vətən kimə əmanətdir?

Gənc əsgərlərimiz xidmətə hazırdırmı?

Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. Bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq. Azərbaycanın hər bir gənci Vətəni qorumağa borcludur və bunu da şərəflə yerinə yetirir. Bütün bunlarla yanaşı bizi narahat edən bir məqam da var. Bəs, hərbi xidmətə yollanan gənclərimizin heç olmasa cuzi hərbi məlumatı varmı? Hərbi xidmətə çağırılan gənclərimiz məktəblərdə ilkin hərbi hazırlıq dərsləri alırlarmı?

Əlbəttə ki, bəli. Ancaq necə və hansı səviyyədə? Orta məktəblərdə hərbi hazırlıqla bağlı verilən biliklər nə dərəcədə qənaətbəxş səviyyədədir? Bir vətəndaş kimi bizi də narahat edən məhz məsələnin bu tərəfidir.
Əvvəllər, sovet dövründə və imperiyanın yenicə dağıldığı vaxtlarda məktəblərdə yuxarı sinif şagirdləri üçün ilkin hərbi hazırlıq dərsləri keçirilirdi. Bu dərslərdə əyani vəsait kimi təlim üçün nəzərdə tutulmuş avtomat (ak) silahlardan, tank və piyada əleyhinə minalardan, elektrikli partladıcı vasitələrdən, toz və tir tüfənglərindən, əleyhiqaz və xüsusi plakatlardan və sairələrdən istifadə olunurdu. Ayrıca dərs proqramlarına salınan atış təlimləri vasitəsi ilə şagirdlər tir tüfənglərindən yaxın məsafədəki hədəflərə atəş açaraq həm praktiki olaraq pnevmatik də olsa silahla davranış qaydalarını öyrənir, habelə silahla ünsiyyət quraraq onu hiss edirdilər. Lakin imperiya dağılar dağılmaz bütün bu əyani vəsaitlər məktəblərimizin maddi texniki bazalarından çıxarılaraq yığışdırıldı və rayonların müvafiq şöbələrinə təhvil verdilər. Təbii ki, silahlar təhvil verildikdən sonra bu silahların xüsusi saxlama otaqları və seyfləri də ləğv olundu. İndi məktəblərdə hərbi hazırlıq dərsləri üçün sadəcə olaraq əleyhiqazlar və üzərində silahların, hərbi geyimlərin və sair şəkilləri olan plakatlardan başqa heç nə qalmayıb.
Müharibə şəraitində olan və hər an yeni müharibənin başlanması təhlükəsi altında yaşayan ölkəmiz üçün bu silahların məktəblərdən yığışdırılaraq şagirdlərimizin praktiki biliklərə yiyələnmələrinin qarşısının alınmasıl nə dərəcədə düzgündür?
Mənim səlahiyyətim olsa nəinki hərbi hazırlıq kabinələrinin maddi texniki bazalarının faktiki olaraq ləğv edilməsinə göz yumardım, hətta bu dərslərin saatlarını artırardım. Çünki bayaq da qeyd etdiyimiz kimi, biz müharibə şəraitində yaşayan ölkəyik. İcbari hərbi mükəlləfiyyət müddətinin də on səkkiz ay kimi qısa bir müddət olduğunu və bu müddətdə sadəcə olaraq elementar hərbi biliklərin verilməsinin mümkün olduğunu nəzərə alarsaq, əslində məktəblərdə keçirilən hərbi hazırlıq dərslərinə əsgərliyin ön hazırlıq sinifi kimi baxmalı və məktəbi bitirən şagirdlərimizin nəinki atıcı silahlardan istifadə qaydalarını öyrənmələrini təmin etməliyik, hətta məzunların əsgərliyə getmədən əvvəl bütün sıra hazırlığı təlimlərini də keçməsini təmin etməliyik.
Yeri gəlmişkən, hərbi hazırlıq dərs proqramları ilə bağlı tənqidlərimi də bildirmək istərdim. Belə ki, məsələn sıra təlimləri keçirilməsi dərs proqramında dekabr ayına salınıb. Bəs, bu nə dərəcədə düzgündür? Bizim Təhsil nazirliyimizdə dərslərin proqramlaşdırılması ilə məşğul olan şəxslər ölkəmizin böyük bir qisminin dağlıq ərazilərdən ibarət olduğunu, bu dağlıq ərazilərdə dekabr ayının necə dondurucu şaxtalarla müşaiyət olunan iqlim şəraitindən xəbərləri yoxdurmu? Sıra təlimləri çox rahatlıqla mart-may, və yaxud da sentyabr-oktyabr aylarında keçirilə bilər.
Ayrıca buraxılış sinifləri ilə bağlı başqa bir təklifimiz də var. Belə ki, hər bölgədə yerləşən məktəblərə həmin bölgədəki hərbi hissələrdən biri hami təyin edilə bilər. Bunun vasitəsi ilə, məsələn, həftə sonu, növbəli sistem əsasında və iki gün bir gecə olmaq şərti ilə buraxılış sinfinin oğlanları həmin hərbi hissədə vaxt keçirə, aktiv şəkildə təlimlərə qatıla, və ya xüsusi seçilmiş zabitlər tərəfindən keçirilən təlimlərdə iştirak edə bilər. Bu, əlbəttə ki, şagirdlərin həm orduya isinişmələrinə kömək edər, həm də gənclərimizdə vətənpərvərlik hissləri daha da qüvvətlənə bilər.
Əlbəttə ki, bir məktəbin şagirdlərinin sadəcə iki gün bir gecə hansısa hərbi hissəmizdə qonaq olması nəinki o hərbi hissəmizi kasıb salmaz, əksinə məktəbli uşaqlarının bu hərbi hissələrdə necə təlim keçdikləri, onlarla və avtomatik olaraq həm də hərbi mükəlləfiyətli əsgərlərlə necə davranıldığını öyrənmək istəyən, bununla maraqlanan valideynlərin hesabına hərbi hissələrimizin üzərində ictimai nəzarət də güclənəcəkdir. Bütün bunlardan əlavə hələ məktəbli ikən qısa müddətliyinə də olsa əsgərlik təcrübəsi yaşayan övladlarımızın əsgərliyə olan münasibətlərində pozitiv dəyişiklik olacaqdır ki, bu da öz növbəsində hərbi xidmətdən yayınma hallarının azalmasına, bəlkə də bitməsinə səbəb olacaqdır. Axı, məktəbin son sinif şagirdlərinin nə qədər macərapərəst olduqları, psixoloqlar tərəfindən də təsdiq olunmuş faktdır və bu macərapərəst gənclər üçün müvəqqəti də olsa əsgərlikdən daha yaxşı nə macəra ola bilər ki?
Ümid edirik ki, qərar vermək səlahiyyəti olan hörmətli şəxslərimiz bu yazını oxuyaraq təkliflərimizi, xüsusən də son sinif şagirdlərinin hərbi xidmətlə tanışlığı barəsindəki təklifimizi dəyərləndirəcəklərdir.

Zaur

LEAVE A REPLY