Bizans oyunları…

0
5

Zaur Muradxanlı

Bizans oyunları…
Koalisyon olacaqmı?

Seçimlərdən bir aydan artıq vaxt keçməsinə rəğmən Türkiyə Böyük Millət Məclisində təmsil olunan türk siyasi partiyaları hökumət qurmaqda tələsmir və deyəsən hamısı planlarını mümkün erkən seçimlərə görə qururlar. Əgər belə olmasaydı hər halda məclisdə təmsil olunan siyasi partiya liderlərindən prezidentin hökumət qurmaq üçün partiyalardan birinin liderinə hökumət qurma tapşırğı verməkdə tələsməməsini tənqid edən bəyanat eşidərdik. Ancaq təəssüf ki, hələ belə bir bəyanat eşitməmişik.
Ayrıca prezident Rəcəb Tayyib Ərdoğanın da keçən seçkilərdə qursağında qalan həvəsini təxmin edə bilmək üçün erkən seçimlərə getmək istəyi siyasi müşahidəçilər tərəfindən vurğulanmaqdadır. Belə ki, Ərdoğan seçkilərə getməklə mitinq meydanlarında müxalifət partiyalarını və ümumiyyətlə parlamentli sistemi xalqa şikayət edərək prezident üsul-idarəsinin bərqərar olması üçün bu sistemin məclisdəki yeganə tərəfdarı olan AKP-yə kifayət qədər səs tələb edə bilmək və beləliklə də “parlamentar sistem budur, amma siz bütün səlahiyyətləri mənə verin və canınız hökuməti kim quracaq, necə quracaq dərdindən qurtarsın”deyə bilmək naminə mümkün koalisiya ortaqlıqlarını altdan-altdan baltalamaqdadır. Təəssüf ki, siyasət bəzən şəxsi mənafələrin, istək və eqoların təxmini üçün bu qədər çirkablaşmaqda, heç də həmişə “xalqa xidmət” sənəti olmamaqdadır…
Bütün bunları düşündüyümüzdə və tərəflərin hökumət qurmaq, əslində isə qurmamaq üçün sərf etdikləri cəhdlərini bir araya toplayaraq analiz etsək, qardaş ölkədə hökumətin qurulmasına olan ümidlərimiz bir xeyli azalacaqdır.
Gəlin, 7 iyun tarixindən bu yana Türkiyənin siyasi həyatında baş verən hərəkətliliyə qısaca nəzər salaq:
Seçkilərdən bir neçə gün sonra bəyanat verən Ərdoğan siyasi partiya liderlərini eqolarını kənara qoyaraq koalisiya hökumətinin qurulması üçün kompramislərə getməyə çağırdı. O, əlavə etdi ki, əgər hər hansı partiyanın koalisyon hökumətinin qurulma cəhdlərinə qarşı çıxışı olarsa bu partiya erkən seçimlərdə xalq tərəfindən cəzalandırılacaqdır və bu əslində məclisdə təmsil olunan AKP xaricindəki digər partiyalara yönəldilmiş hədədən başqa bir şey deyildi. Lakin burada onu da unutmaq olmaz ki, siyasətdə hələ türk ictimaiyyəti kimi ölkənin gələcəyini və demokratiya prinsiplərini hər şeydən üstün tutan bir ictimaiyyət Ərdoğanın bu hədəsini bumeranq təsiri ilə onun özünə də qarşı yönəldə bilər. Biz hətta keçən seçimlərdən birində bunu görmüşdük. Belə ki, Ərdoğan Urfa vilayəti ilə bağlı bir çıxışında “pencəyim yarışa girsə o belə seçimləri qazanar” demiş, urfalılar da Ərdoğanın onları aşağılayan bu sözlərinə qarşı AKP-yə səs verməmişdilər.
Buna baxmayaraq Ərdoğan özü seçkilərdə birinci olan partiyanın sədrinə hökumət qurma vəzifəsi vermək üçün bir aydan artıq müddət gözləyərək həm məclis başqanlıq divanının seçilməsini gözlədi, həm də Əhməd Davudoğlunun verdiyi bəyanatlarla digər partiyalara “biz koalisiya istəmirik” mesajı verilməsinə nail oldu.

Ə.Davudoğluna hökumət qurma vəzifəsi verilmədən öncəki bir ay müddətində hər nə qədər etik olmasa da bürokratiyanın üst təbəqələrinə yüzlərlə AKP tərəfdarı yerləşdirildi və sadəcə son gün otuzdan artıq olmaqla toplamda onlarca nazirlər kabinetinin qərarnaməsi yayınlandı ki, bunların içərisində ən çox mübahisə yaradanı da məhz azad ticarət bölgələrindən bankların nəzarətindən kənar, istəyənin istədiyi qədər nəğd pul və qiymətli əşya çıxarmasına icazə verilməsi idi. Və təsadüfi deyil ki, nazirlər kabinetinin bu qərarı türk ictimaiyyəti arasında “çalıb-çırpdıklarını kaçırma kanunu” olaraq adlandırıldı.
Artıq türk mediasını az çox izləyən hər oxucumuzun bildiyi kimi məclisdə təmsil olunan digər üç partiya da seçicilərinə rüşvət skandallarının araşdırıllacağı və məhkəmə qərarına rəğmən inşaatına davam edilən və xalq arasında “qaçaq saray” adlandırılan Ağ sarayın gələcək talehi, yeni prezidəntin o saraydan köhnə iqamətgahına köçməsi və bütün nazirliklərlə bərabər kirayədə olan digər dövlət qurumlarının da bu sarayın min yüz əlli otaqlı geniş imkanlarından yararlandırılması və beləliklə də dövlətin sadəcə binası olmayan qurumların saxlanması üçün xərclənən kirayə pulundan əhəmiyyətli dərəcədə qənaət etməsi, ayrıca prezidentin konstitusiya ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsinə dönərək digər qurumların işinə qarışmadan sadəcə öz işi ilə məşğul olması, seçim baryerinin on faizlik antidemokratik həddən beş və yaxud üç faizə endirilməsi, hətta mümkün olarsa tamamən aradan qaldırılması, ədliyyə sistemində islahatlar apararaq məhkəmələr üzərində iqtidarın təsir imkanlarının tamamilə aradan qaldırılması kimi islahatlar aparılacağına dair sözlər vermişdilər. Mən hələ bura siyasi partiyaların iqtisadi islahatlar barəsində xalqa verdiyi vədləri daxil etmirəm.
İndi o syasi partiyalar öz seçici kütlələrinin neqativ təpkisindən çəkinərək AKP ilə koalisiya ortaqlığına getməyə çəkinməkdədirlər. Bunda da haqsız sayılmazlar, çünki sabah-birigün seçici məclisə göndərdiyi vəkilinin yaxasından yapışaraq; “mən səni məclisə rüşvətxorluğun, özbaşınalığın hesabını soruşmaq üçün göndərmişdim, gedib nazir kreslosu xatirinə onlarla ortaqlıq edəsiniz deyə yox”- deyə bilər. Bu mümkündürmü: əlbəttə ki, mümkündür.
Hökumət qurmaq tapşırığı verilən Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu bu ayın on üçündən etibarən məclisdə təmsil olunan digər üç partiyanın liderləri ilə görüşlərə başlayacağını bildirdi. Əhməd bəy bu görüşlərdə hər cür kompromislərə hazır olduğunu bildirsə də, xüsusən prezidentin səlahiyyətləri və Ağ sarayla bağlı istənilən məsələni müzakirə etməyəcəklərini də bəri başdan bildirdi. Bu əslində hökumət qurmuram, görüntü olsun deyə görüşürəm demək dəyil də nədir? Əhməd bəy çox gözəl anlayır ki, istənilən halda müxalifət partiyaları ilə koalisiya müzakirələri gəlib prezidentin səlahiyyətləri məsələsində tıxanacaqdır. Onsuz da Türkiyə Ərdoğanın “məclis başqanlıq divanı seçilsin” kaprizi xatirinə otuz iki günü boş-boşuna ötürüb. İndi də həftənin ilk üç günü siyasi partiyalarla görüşdükdən sonra bayram tətilinə çıxacağını bildirən Əhməd bəy koalisiya hökumətinin qurulması üçün konstitusiyanın yeni məclisə sadəcə qırx beş günlük qısa bir müddət tanıdığından xəbərsizdirmi? Buna ehtimal belə vermirəm, çünki bu bir kərə mümkün deyil. O zaman Davudoğlunun hökumət qurma çalışmalarını belə ağırdan almasının başqa hansı səbəbləri ola bilər ki?
Əlbəttə, burada iki ehtimal dəyərləndirilə bilər. Bunlardan birincisi Əhməd Davudoğlunun gerçəkdən hökuməti qurmaq istəməsi, lakin digər partiyaların AKP ilə koalisiyaya getmək istəməmələrini düşünməsindən olacaq ki, onlara bayram tətili boyunca düşünmə şansı tanımaq istəyi ilə bağlı ola bilər. Başqa bir tərəfdən də sarayın istənilən halda koalisiya hökuməti qurulmasını istəməməsi və bu səbəbdən də Ə.Davudoğluna işləri ağırdan alaraq qırx beş günlük müddəti sonuna qədər istifadə edərək hökumət qurmaması, və yaxud məclisdə say baxımından ikinci partiya olan və AKP-nin hökumət qura bilməməsi durumunda konstitusiyaya görə bu vəzifənin öhdəsindən gəlməli olan CHP-yə koalisiya qura bilmək üçün kifayət qədər vaxt saxlamaması təlimatı da verilmiş ola bilər. Bütün bunlar əlbəttə ki, hələlik sadəcə bir ehtimaldan başqa bir şey deyildir və hər şeyin sürətlə dəyişməyə məhkum olduğu dünyamızda da bir həftəlik bayram tətilindən sonra Türkiyənin siyasi partiyalarının AKP-yə münasibətlərində əməlli-başlı dəyişikliklər ola və əlbəttə ki, yeni koalisiya hökuməti qurula bilər.
Yeri gəlmişkən, AKP-nin ağır toplarından Bülənt Arıncın bu yaxınlarda verdiyi bir bəyanatında mənsub olduğu partiyanın təkbaşına iqtidar olmağa alışdığını, o səbəbdən də koalisiya hökuməti qurmasının, bir koalisiya tərkibində iştirak etmə gələnəyinin olmadığını və dolayısı ilə də hər hansı koalisiya istəmədiklərini bəyan etmişdi.
İş burasındadır ki, bu günkü şərtlərlə məclisdə təmsil olunan digər üç partiya da öz aralarında koalisiya hökuməti üçün anlaşa bilməməkdədirlər. MHP istənilən şərtlərlə olsa da koalisiya ortaqlığına yanaşmır və ana müxalifət partiyası olmaq fikrində israr edir. Ayrıca MHP öz ideologiyası çərçivəsində HDP-nin iştirak etdiyi hər hansı bir koalisiyanı da dəstəkləməyəcəyini bildirir ki, bu da şərhçilərin daha öncə düşündükləri kimi HDP dəstəkli CHP-MHP koalisiyasının yaranma ehtimalını sıfıra endirməkdədir. Belə olduğu təqdirdə ümid qalır iki varianta:
Bunlardan birincisi, Kılıçdaroğlunun da söylədiyi kimi, onun özünün iştirak etmədiyi, lakin digər CHP-li vəkillərin iştirak edə biləcəyi AKP-CHP ortaqlığıdır ki, burada da keçən yazımızda qeyd etdiyimiz kimi CHP-nin on dörd maddəlik şərtləri vardır.
İkincisi isə AKP-HDP iqtidarıdır. Doğrudur, hər nə qədər seçim öncəsi sərt tutum sərgiləsə də, son günlərdə HDP-lilər AKP-yə qarşı yumşaq ifadələrdən istifadə etməkdədirlər.
Nəyin olacağını bilmirəm, ancaq türk xalqı üçün diləklərim odur ki, dörd bir tərəfi problemlərlə dolu qonşularla çevrili olan qardaş ölkə istənilən halda iqtidarsız qalmasın və türk xalqı yeni bir seçimə sürüklənməsin. Əlbəttə, hər zaman millətin mənafələri şəxslərin eqolarından daha üstündür…

LEAVE A REPLY