AXCP-Xəyanətin tüğyan etdiyi məkan!
Kimi həbs edəcəklər?
Demişdik ki, AXCP-nin taleyi Müsavatın aqibətindən fərqlənməyəcək. Səmimiyyət, ciddi ideoloji xətt üzərində qurulmayan və bununla belə böyük iddialara düşən hər hansı siyasi qurumun sonu mütləq belə olmaylıydı. Uzun illər ustalıqla məkrli, çirkin məqsədlərini gizlətməyi bacaran AXCP sədri Əli Kərimli demək olar ki, tamamilə ifşa olunub. Bununla belə AXCP idarəolunmaz durumdadır.
Partiyadakı çirkin oyunları ifşa edən AXCP Nərimanov rayon təşkilatının Təşkilat məsələləri üzrə sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu Ə.Kərimli və yaxın çevrəsini çətin duruma salıb. KİV-lərə etdiyi şok açıqlamalarla AXCP-də gedən iyrənc oyunları-pul davasını ortaya qoyan sabiq şöbə müdirinin yeni faktlar açıqlayacağı barədə verdiyi anons AXCP-nin bütün funksiyonerlərini qarşı-qarşıya qoyub. Ən çox narahat olan AXCP Rəyasət heyətinin üzvü Sahib Kərimli, hətta A.Tanrıverdioğluna fiziki güc nümayiş etdirib. Öz hüququnu qanuni yolla müdafiə etmək məqsədilə sabiq şöbə müdiri polisə müraciət etməli olub. S.Kərimli Nərimanov rayon Polis İdarəsinə dəvət edilib, sorğu-sual edildikdən sonra sərbəst buraxılıb.
A.Tanrıverdioğlu “Yeni Müsavat”a açıqlamasında bir sıra AXCP funksionerinin adlarını hallandırıb. Adı çəkilənlərin sırasında sabiqlər də var. Belə ki, Ağaşirin bəy AXCP sədrinin sabiq müavini Razi Nurullayevin Rəyasət heyətinin üzvü S.Kərimli ilə ciddi işbirliyində olduğunu söyləyib. Məqsəd AXCP sədri Ə.Kərimlini devirmək imiş. Əlbəttə, şəxsən mənim bundan narahatlığım yoxdur. Görünən odur ki, Ə.Kərimlinin getmək zamanı artıq yetişib. Məsələ, AXCP-də gedən çirkin oyunlardadır. Başqa cür ola da bilməzdi. Axı, Ə.Kərimli illər uzunudur ölkə siyasətini çirkaba bulaşdırıb. İndi isə sadəcə olaraq qarşılığını alır.
A.Tanrıverdioğlu R.Nurullayev və S.Kərimlinin hansısa millət vəkili tərəfindən hazırlanmış ssenariylə hərəkət etdiklərini də söyləyib. Belə görünür ki, proses AXCP-dən xeyli kənara çıxıb. Bu açıqlamanın sabiq şöbə müdirinə baha başa gəlmək ehtimalı böyükdür. Şikayətçi olmasına baxmayaraq A.Tanrıverdioğlunu həbs edə bilərlər. Belə ki, onun açıqlaması hazırlanmış ciddi planı iflasa uğrada bilər.
Qəribədir, daha öncə A.Tanrıverdioğlunu dəstəkləyən AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirov yenidən AXCP sədrinin alovlu müdafiəçisinə çevrilib. Belə ki, onun və digər bir neçə AXCP-çi gəncin hazırladığı bəyanat hələ də “Millətim”in arxivində saxlanılır. Həmin bəyanatda AXCP Ali Məclisinin sədri Həsən Kərimovun istefaya göndərilməsi Ə.Kərimlidən israrla tələb olunub. Bəyanatda həm də AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlıya sərt ilişdirilib. Etirazçılar xüsusi olaraq Həsən Kərimovun yaşının 60-ı ötdüyünü və səhhətində ciddi problemlər olduğunu da vurğulamışdılar.
Bəli, AXCP-də durum hədsiz gərginləşib. İş orasındadır ki, təşkilata həm də kənar qüvvələrin basqısı səngimir. Sabiq müavin R.Nurullayevin hansısa millət vəkili vasitəsiylıə AXCP-də gedən proseslərə müdaxilə etməsi yəqin ki, sabiq müavinin qisasçılıq hisslərindən doğub. Ancaq R.Nurullayev də deyəsən oyun qaydalarını pozub. Şübhəsiz ki, siyasi oyunlara baş vurmaq istəyənin siyasətdən azacıq anlayışı olması da gərəkdir. Düşünürəm ki, Razi bəyin daha öncədən siyasi proseslərə baş vurması yanlış olub.
AXCP-də bir o qədər nüfuz və söz sahibi ola bilməyən S.Kərimlinin iddialarda bulunması gülünc görünür. Açıqlamalarında qeyd etdiyi kimi, S.Kərimli fəaliyyətini kafeyə həsr etsə uduzmaz.
AXCP təşkilat şöbəsinin müdiri R.Daşdəmirov yaxın çevrəsiinə dəfələrlə etiraf edib ki, həbs olunmuş oğlunu hakimiyyətdəki bir klanla razılaşmadan sonra azadlığa çıxara bilib. Bu barədə Ə.Kərimlinin məlumatı olmamış deyil. Sadəcə olaraq tərəflər açıq savaşa atılmaqdan ehtiyatlanmaqdadır.
A.Tanrıverdioğlunun AXCP yetkililəri ilə çəkişməsi bir çox qaranlıq mətləblərə də aydınlıq gətirdi. S.Kərimlinin qanunlara hörmətsizlik nümayiş etdirib, qoçuluq etməsi, Arzuman Məcidlinin və digər AXCP funksionerlərinin A.Tanrıverdioğluna etikadan tam uzaq hücumlar təşkil etmələri bütövlükdə AXCP-nin səviyyəsizliyini ortaya çıxardı.
Bir zamanlar evində çörək kəsdikləri A.Tanrıverdioğlunun özəl həyatına ədalətsiz, qeyri- obyektiv münasibətlər sərgiləndi. Beləliklə, AXCP-nin bütövlükdə mahiyyəti aşkar oldu. Hakimiyyətə iddialı olan təşkilatın siyasi mübarizəni ailə-məişət məsələsinin müzakirəsinə çevirməsi birmənalı qəbul edilən deyil.
AXCP-nin sabiq bir funksionerinə total hücum təşkil etməsi, təşkilatın və eləcə də ayrı-ayrı funksionerin A.Tanrıverdioğlunun açıqladığı faktlardan qorxu yaşadıqlarının təsdiqidir. Ə.Kərimlinin ətarfı A.Tanrıverdioğlunun son açıqlamalarının bəzi məqamlarından razı qaldıqlarını da büruzə verib. R.Nurullayevin, S.Kərimlinin və onları himayə edən, hələlik kimliyi açıqlanmamış (məlumatımız olsa da, millət vəkilinə olan sayğımız səbəbindən hələlik açıqlamırıq-T.T) millət vəkilinin ifşası Ə.Kərimlini sevindirməmiş deyil. Təbii ki, bu sevinc uzun sürə bilməz. A.Tanrıverdioğlunun və AXCP sıralarından qanunsuz olaraq çıxarılmış bir çox cəbhəçinin “Millətim”ə açıqlayacaqları ciddi faktlar Ə.Kərimlinin müvəqqəti sevincini kədərə çevirəcəyinə tam əminəm. Hələlik isə AXCP sədrinin yaxın çevrəsi A.Tanrıverdioğlunun yenidən ələ keçirməyə səylər göstərir. R.Nurullayev də tam ifşa olunmamaq üçün A.Tanrıverdioğlunu söhbətə çağırsa da, qarşı tərəf görüşdən imtina edib. Hər iki tərəf-AXCP sədri Ə.Kərimli və R.Nurullayev A.Tanrıverdioğlu və digər sabiq cəbhəçilərin CANP sədri Ramiz Tağıyevin ətrafına toplaşmasından xüsusilə rahatsızlıq keçirməkdədirlər. Ramiz bəy isə AXCP adlı təşkilatın ona heç bir təhlükə törədə bilməyəcəyini vurğulayıb: “Artıq AXCP yoxdur, Ə.Kərimlinin ətrafında yalnız xaricilərin agentura şəbəkəsi və iyrənc siyasi oyunlarından varlanmaq istəyən kiçicik bir qrup qalıb. Mən bir zamanlar təmsil olunduğum təşkilatın belə faciəvi sonluğunu arzulamırdım. Olan oldu, indi AXCP-dən qanunsuz çıxarılmış mübariz insanları tək buraxmaq fikrindən çox uzağam. Ömürlərini mübarizəyə həsr etmiş insanları problemləriylə baş-başa buraxmaq əxlaqıma, xarakterimə uyğun gəlmir. Yaxşı olar ki, Əli Kərimli və ətrafındakı siyasi dəllallar sakitcə siyasətdən çəkilsinlər, yoxsa elə ifşa olunacaqlar ki, Azərbaycan adlı ölkədə onlara yer tapılmayacaq.”
Açıqlamadan açıq-aşkar görünür ki, R.Tağıyev keçmiş cəbhədaşlarını tək buraxmayacaq. Hələlik bir suala aydınlıq gətirə bilmirik ki, CANP sədri iki cinahla-Ə.Kərimli ilə yanaşı R.Nurullayevlə də qarşı-qarşıya dayanacaqmı?
Yaxın zamanlarda çəkişmələrin “pik” həddinə yüksələcəyi şübhəsizdir. CANP sədri istənilən formada “savaşa” hazır olduğunu bəyan etməkdən çəkinmir: “Ölkədə əsil müxalifət bizik. Yaxşı ki, Əli Kərimli kimliyi cəmiyyətə bəlli oldu. O və əlaltıları iqtidara gələ bilsəydilər, ölkə ağır faciələrlə baş-başa qalardı. Onların əxlaqı ilə ölkə idarə etmək olmaz. Hər iki tərəfdən-iqtidar və ənənəvi müxalifətdən hücumlara məruz qalsaq da, fərq etməz, tezliklə böyük uğurlara imza atmağımıza şahidlik edəcəksiniz”.
Belə mövqe sərgiləyən R.Tağıyevin özünə və ətrafına hədsiz güvənli görünməsi diqqətimizdən yayınmadı.
Turan Türk