Prezident İlham Əliyev:“ABŞ-ın bəzi regionlarında ölkəmiz haqqında dolğun məlumata malik deyillər”

0
6
Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnardı qəbul edib.

C. Mesnard artıq bir neçə gündür Azərbaycana gəldiyini, Bakı və regionlarımız ilə tanış olduğunu deyib: “Sizin ecazkar ölkənizdə olmağımdan çox məmnunam. Azərbaycan çox gözəl ölkədir. Mən ilk dəfədir ki, buradayam. İnsanlar hər yerdə dostluq və qonaqpərvərlik nümayiş etdirirlər. Mən ABŞ-a geri döndükdə, bu təəssüratlarımı hamı ilə bölüşəcəyəm”, – deyə o vurğulayıb.

C. Mesnard Arizona ştatının qanunvericilərinin əksəriyyətinin Azərbaycan haqqında çox eşitdiyini bildirib.

Prezident İlham Əliyev  qonağın Bakıda və regionlarda olmasının ölkəmiz haqqında daha geniş informasiya əldə edilməsi işinə kömək edəcəyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, ABŞ-dan Azərbaycana daha çox səfərlərin həyata keçirilməsi insanlar arasında təmasların genişləndirilməsi və xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önəmlidir və bu, həm də ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcək. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində ikitərəfli münasibətlərin və eləcə də ölkəmizin ABŞ-ın ayrı-ayrı ştatları ilə əməkdaşlığının çox yaxşı səviyyədə olduğunu deyib. Dövlət başçısı, eyni zamanda, ABŞ-ın bəzi regionlarında ictimaiyyətin ölkəmiz haqqında bir o qədər də dolğun məlumata malik olmadığını vurğulayaraq Azərbaycan haqqında həqiqətlərin daha çox yayılmasının önəmini qeyd edib.