Musa Quliyev Milli Azadlıq Hərəkatına niyə kölgə salır?

0
5

Musa Quliyev Milli Azadlıq Hərəkatına niyə kölgə salır?

Ramiz Tağıyev: “Mili Azadlıq Hərəkatını inkar etmək nadanlıqdır”

Millət vəkilləri Sabir Rüstəmxanlı və Musa Quliyev arasında baş verən çəkişmə geniş müzakirə mövzusuna çevrilib. S.Rüstəmxanlının “Musa Quliyev ağ elədi” yazısına M.Quliyev “Ağın yeddi çaları, yaxud siz kimsiniz Sabir Rüstəmxanlı” adlı yazısı ilə cavab haqqından istifadə edib. M.Quliyevin yazısına ironik girişlə başlaması xüsusi olaraq diqqət çəkib:
“Hörmətli millət vəkili həmkarım, “yazı-pozu adamı” Sabir Rüstəmxanlının özünə yaxın bir saytdakı məqaləsi məni sözün əsil mənasında təəccübləndirdi və bir az da mütəəssir etdi. Ona görə ki, deputat həmkarım xarakterini açan son illərdə yazdığı ən istedadlı yazısını oxuyurdum və bu yazı… mənə ithaf olunmuşdu.”
Əlbəttə, cavab haqqı hörmətli Musa Quliyevin müstəsna hüququdur. Musa Urud kimi tanınmış şairin qələminə daima hörmətlə yanaşmışıq və qələmə aldığı cavabında səviyyəsini qiymətləndirirdik. Təbii ki, razılaşa bilmədiyimiz bir çox məqamları nəzərə almasaq…
M.Quliyev S.Rüstəmxanlının “yazı-pozu adamı” adlandırmaqla, hətta ümummilli liderimiz Heydər Əliyevin yüksək qiymət verdiyi Sabir bəyi aşağılamağa çalışıb. Sabir bəyin ərsəyə gətirdiyi “Ömür kitabı” adlı əsərinin ən çox oxucu kütləsi toplaya bildiyini nədənsə hörmətli M.Quliyev unudub. Eləcə də S.Rüstəmxanlının son illər ərsəyə gətirdiyi “Difai fədailəri” sənədli romanı diqqətdən yayındıraraq, onun sadəcə olaraq “yazı-pozü” adamı adlandırılmasını qısqanclığın təzahürü hesab etmək olar.
S.Rüstəmxanlının “Ölüm Zirvəsi” adlı əsərinə yazdığı ssenari əsasında çəkilmiş “Cavad xan” adlı bədii filmi qiymətləndirməməyi Musa müəllimə yaraşdırmaq olmur. Əlbəttə, hər hansı mövzu polemikaya, dialoqa çevrilə bilər, təbii ki, tərəflərin bir-birini aşağılaması, qisasçılıq və qısqanclıq hissini açıq-aşkar büruzə verməsi qəbul edilən deyil.
Qəbul edilməyən əsas məqam isə hörmətli Musa Quliyevin Milli Azadlıq Hərəkatını inkar etməsi oldu. O, birmənalı olaraq müstəqilliyin bizə hədiyyə olaraq bəxş edildiyinə işarə vurmaqdan çəkinməyərək, cavab haqqında belə açıqlamalar edib: “Siz, doğurdanmı inanırsınız ki, SSRİ-ni Sizin mitinqləriniz yıxdı və Azərbaycan məhz buna görə müstəqillik əldə etdi? Bəs onda necə oldu ki, meydan mübarizəsi aparmayan Moldova, Belorusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan, Tacikistan respublikaları bizdən də qabaq-1991-ci ilin avqust aylarında öz müstəqilliklərini elan etdilər?”
M.Quliyevin bu açıqlaması bir çox Milli Azadlıq Hərəkatı öndərlərinin ciddi narazılığına səbəb olub. İlk reaksiya da Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyevdən gəlib. O, M.Quliyevin həmin açıqlamasından təəssüfləndiyini bildirdi:“Musa Quliyevi ən fəal deputatlardan biri kimi tanımışam. Hörmətli ziyalıdır. Əla qələmi var. Sabir bəylə münasibətlərinə qarışmaq istəməzdim. S.Rüstəmxanlının zaman-zaman siyasi fəaliyyəti ilə bağlı mənim də tənqidi fikirlərim olub. Ancaq o da inkaredilməzdir ki, milli ruhlu, böyük ziyalılarımızdandır. Sabir bəyin Milli Azadlıq Hərəkatındakı xidməti də danılmazdı. O zaman hər ziyalının hünəri deyildi ki, milyonlarla insanın önünə çıxıb, Azərbaycanın müstəqilliyi barədə söhbət açsın. Nədənsə, biz zamanında özümüz iştirakçısı olmadığımız böyük tarixi hadisələrə qısqanclıqla yanaşmağa alışığıq. Milli Azadlıq Hərəkatını inkar etmək, onu sırf qısqanclıq hisslərinə qurban vermək nadanlıqdan başqa bir şey deyil. Əgər müstəqilliyi bizə M.Qorbaçov hədiyyə veribsə, onda nə üçün onu qəhrəman hesab etmirik? Bəllidir ki, SSRİ imperiyasının dağılması üçün tarixi şərait yaranmışdı və cəsarətli insanlar onun tezləşməsi, həyata keçməsi naminə mübarizəyə qalxdı. Azərbaycan xalqı həmin mübarizənin önündə idi. Mən deyərdim ki, SSRİ məhz Azərbaycan xalqının mübarizəsi sayəsində dağıldı. M.Qorbaçov Tiflisdə, Bakıda, Vilnüsdə, daha öncə isə Kazaxıstanda minlərlə insanın qanını nədən axıtdı, bunu Musa Quliyev hələ də dərk edə bilməyibsə təəssüflənirəm. Bəli, daima etiraf etmişəm ki, Azərbaycanda Milli Azadlıq Hərəkatının ikinci-proqramlı, qələbəyə aparan mərhələsi məhz 1990-cı ilin yayından-Heydər Əliyevin Azərbaycana qayıdışından sonra başladı. Yəqin ki, Musa müəllimin böyük dövlət xadimi H.Əliyevin SSRİ imperiyasına qarşı Naxçıvanda apardığı mübarizədən xəbəri yoxdur. Yoxdursa, yenə təəssüf…1991-ci ilin 17 mart tarixində SSRİ-nin saxlanılması üçün keçirilən referendumun
Naxçıvanda boykot edilməsi Milli Azadlıq Hərəkatının tərkib hissəsi deyildimi? Bəli, sirr deyil ki, SSRİ rəhbərliyi hər vəchlə SSRİ-ni saxlamaq istəyirdi və həmin məqsədlə cəhdlərini davam etdirərək 1991-ci il martın 17-də referendum elan etmişdi.
Mən ömrümün ən yaxşı çağlarını müstəqilliyimiz uğrunda mübarizəyə həsr etmişəm. Əvəzində isə “mükafatım” həbsxana həyatları, zülmlər, maddi sıxıntılar olsa da, keçdiyim ömür yolundan heç bir zaman peşman deyiləm. Əksinə, Milli Azadlıq Hərəkatındakı fəallığımdan daima qürur duymuşam. Əlbəttə, Musa müəllim zamanında mənim kimi M.Qorbaçovun Qarabağ siyasətinə etiraz edərək SSRİ-də ilk dəmiryolçuların tətilinə rəhbərlik edib, rus generallarının təhdidinə, hətta SSRİ imperiyasının rəhbərləri Qirenko, Nişanov, Şatalin, Varennikov kimilərin üzbəüz hədə-qorxularına məruz qalsaydı bu gün belə açıqlamalar etməzdi. Açıq-aşkar SSRİ imperiyasının dağılması uğrunda mübarizə aparırdıq. Və bunun üçün imperiyaya iqtisadi, siyasi zərbə vurmaqdan çəkinmirdik. Musa müəllim zəhmət çəkib həmin illərin “Kommunist” və eyni ruhlu qəzetlərinin arxivinə baxsın, görsün ki, barəmizdə hansı iftiraları yazmırdılar. Məni SSRİ iqtisadiyyatına on milyonlarla zərbə vurmaqda ittiham edirdilər. İdeya müəllifi olduğum Sərhəd Hərəkatı SSRİ imperiyasının dağılmasına təkan deyildimi? Və yaxud SSRİ-nin onurğa sütunu sayılan “KQB”-nin Culfada, az sonra isə bütövlükdə Naxçıvan Muxtar Respublikasında fəaliyyətinin dayandırılması SSRİ-nin çöküşünə hesablanmamışdı?”
Ramiz bəy M.Quliyevin bir sıra SSRİ respublikalarının Azərbaycandan öncə müstəqilliyə qovuşması mülahizəsinə də aydınlıq gətirdi: “Musa müəllimə məsləhətim budur ki, çağdaş tariximizə bir daha nəzər salsın. 1991-ci ilin 19 avqust tarixində SSRİ-də məşhur “QKÇP” baş verdi. Əslində, həmin tarixdə Sovet imperiyası tamamilə laxlamışdı. İndi öz xəyanətlərini inkar edən, o zaman Azərbaycanın rəhbəri olmuş Ayaz Mütəllibov müttəfiq respublikalarından yeganə rəhbər oldu ki, “QKÇP”-yə dəstək verdi. Adam əməlli- başlı hərbi diktaturanın tərəfdarı olduğunu bəyan edib, məhz həmin yolla SSRİ-nin saxlanması mümkünlüyünə haqq qazandırmışdı. Buna baxmayaraq 30 avqust 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” bəyannamə qəbul edildi. Bu sənədin adı da, mahiyyəti də göstərir ki, müstəqilliyin bərpası əslində həmin zaman baş vermişdi. Həmin sənəddə açıq şəkildə qeyd edilirdi ki, “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikanın beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmil Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir.”
Görürsünüz, bəyənnamədə açıq-aşkar xalqın iradəsindən söhbət açılır. Xalqımız isə həmin iradəni məhz meydanlarda-Milli Azadlıq Uğrunda apardığı mübarizədə ortaya qoymuşdu. Qeyd etdim ki, “QKÇP”-dən yararlanan bir sıra respublikalar müstəqilliklərini elan etməyə nail oldular. Bizim azacıq gecikməyimizin səbəbi isə Azərbaycanın o zamankı rəhbərliyinin nəticəsi idi. Musa müəllim müstəqillik aktına ilk olaraq imza atan millət vəkillərinin imzası sırasında Heydər Əliyevin imzasının olduğundan qürur duymaq əvəzinə, təəssüf ki, həmin şərəfli tarixə kölgə salmaq istəyib.
Mənim sonda Musa müəllimə və onun kimi düşünən, sərəfli Milli Azadlıq Hərəkatı tariximizə qara yaxmaq istəyənlərə bir müraciətim var. Bu qədər olmaz! Müstəqilliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizə hörmətlə yanaşın! Şəxsi münasibətlərinizə, qısqanclığınıza rəğmən tariximizi saxtalaşdırmayın! Müstəqillik uğrunda şərəfli mübarizənin cəfasını bizlər çəksək də, səfasını sizlər görürsünüz. Nələrə “nail” olduqlarınızdan xəbərsizmiyik? Barı susun! Unutmayın ki, kimlərinsə unutqanlığına baxmayaraq, qoca tarix hər şeyi əbədi olaraq yaddaşına həkk edib! Mübarizə bu gün də var, yarın da. Millətsevər, Vətənsevər insanlar isə daima onun ön sıralarında olub və olacaq!!!”

Nicat Sadiq

LEAVE A REPLY