Elçin Əli Xan
Yaşasın Xalq Cəbhəsi!
Son günlər AXCP-də baş verənlər haqda hər birinizin məlumatı var. Rəhbərlik “təmizləmə” işləri aparır. İllərdir partiyanın üzvü olan, həyatlarını mübarizəyə həsr edən fədakar cəbhəçilər absurd bəhanələrlə təşkilatdan uzaqlaşdırılır. Bu kampaniyanın əsası AXCP-nin Suraxanı rayon şöbəsində qoyuldu. Suraxanı RŞ-nin qərarı ilə üç gənc fəal heç bir səbəb göstərilmədən partiyadan xaric edildi. Lakin o zaman xeyli cəbhəçi gənclər birlik göstərərk rəhbərlikdən qərarın ləğv edilməsini tələb etdi.
Gənclərin tələbi nəticəsində Rəyasət Heyəti qərarı ləğv etdi və həmin gənclər AXCP-nin Nərimanov şöbəsinə yenidən bərpa olundular. Bu qərar istəklərinə çatmayan bəzi intriqaçı, kinli insanları qane etmədi və onlar məqsədlərinə çatmaq üçün yorulmadan çalışmağa başladılar. Məqsədə çatmaq yolunda ilk addımları Ağaşirin Tanrıverdioğlunun partiyadan qovulması oldu. Bununlada sakitləşmək istəmədilər. Bu dəfə yenə Nərimanov məclisinin qərarı ilə Dəyanət Babayev, Ehtiram Mehdiyev və Cavid Musazadə partiyadan qovuldular.
Qeyd edim k, bu hələ son deyil. Azad düşüncəli hər kəs partiyadan kənarlaşdırılacaq. Növbəti hədəf isə mən və Cabbar Savalanlı olacağıq. İndi isə bu “təmizləmə” siyasəti haqqında danışım. Partiyada şəxsiyyətə pərəstiş pik həddədir. Əli Kərimli və digər rəhbər şəxsləri tənqid etmək olmaz, yalnız tərifləmək lazımdır. Bu isə mümkün deyil. Tənqid olmayan yerdə inkişaf ola bilməz. 15 ildir ki, Əli bəyi tərif edirik və bunun heç bir müsbət nəticəsi olmayıb.Əksinə arxayınlıq yaranıb.Səhvləri düz adı ilə insanların gözünə soxmaq olmaz. Neçə ildir ki “bəy tərifi” əvəzinə özümüzü tənqid edib, səhvlərimizdən nəticə çıxarsaydıq bəlkə AXCP indi daha fərqli səviyyədə olardı. Bu gün əsas məqsədləri azad düşüncəli insanları təşkilatdan uzaqlaşdırıb partiyanı öz istədikləri kimi idarə etməkdir. Biz isə buna imkan vermək istəmirik. Mart ayında “Facebook” sosial şəbəkəsində belə bir status yazmışdım: “Növbəti qurultayda Əli bəyin namizəd olmasını istəmirəm.” Həmin statusdan sonra eşitmədiyim söz qalmadı. Alkaş deyənlər də oldu, satqın deyənlər də.Və bundan sonra artıq rəhbərliyin “qara siyahı”sına düşdüm. Partiyadan qovulanların hamısı bu cür ittihamlarla qovulub. Vacib məsələlər, mitinq təbliğatı olan zaman iclasa çağırmağa adam tapmayanlar, dostlarımızın partiyadan qovulduğu iclasların təşkilində çox ürəkdən çalışırdılar. Aksiyalarda görmədiyimiz adamlar həmin iclaslarda dostlarımızın əleyhinə səs verirlər. Ölkədə bu qədər problemlərin olduğu bir zamanda AXCP rəhbərliyini maraqlandıran tək iş azad düşünən, tənqid edən insanları ətraflarından uzaqlaşdırmaqdır. Biz onların fəaliyyətinə mane oluruq. Rəqibin YAP olduğunu unudub bizi özlərinə düşmən elan ediblər. Bizi partiyadan qova bilərlər, amma cəbhəçiliyi qəlbimizdən çıxara bilməzlər. Biz hər zaman xalqımızın azadlığı,demokratik dəyərləri uğrunda mübarizə aparacağıq. Bizim rəqibimiz cəbhəçilər deyil, YAP hakimiyyətidir və bu rejim gedənədək mübarizəmiz davam edəcək. Bir məsələni də qeyd edim.
P.S.Partiya rəhbərliyindən bir nəfər mənim cəbhəçi olmadığımı deyib. Həmin adama xatırladıram ki, 05.05.2011-ci il tarixindən rəsmi olaraq AXCP üzvüyəm. Hər zaman da cəbhəçi olaraq qalacağam.