Dünyaca məşhur ingilis alimi Hokinq 30 ildən sonra qopacaq Qiyamət günündən danışıb:”Bəşəriyyətin məhvi qaçılmazdır” – Təhlil

0
6
Sara Nepton

The Telegraph UK (Böyük Britaniya), 22.06.2017
İnsan irqi əhali çoxluğu və iqlim dəyişikliyindən məhv olmamaq üçün 30 ildən sonra Yer kürəsini tərk etməlidir. Professor Stiven Hokinq bu cür xəbərdarlıqla çıxış edib. Norveçin Tronheym şəhərində Starmus elm festivalında ehtiraslı çıxış edən fizik bildirib ki, Mars və Ayda məskənlər yaratmaq, həmçinin yeni dünya yaratmağa başlamaqdan ötrü bitki, heyvan, göbələk və həşəratlardan Nuh Gəmisi yığmaq həyat baxımından önəmlidir.

Professor Hokinq deyib ki, Yer bizə məlum görkəmdə asteroid zərbəsi, yüksək hərarət və yaxud əhali çoxluğundan məhv olacaq və bu ancaq vaxt məsələsidir.

Onun sözlərinə görə, “kosmosda hərəkətsizlik” olmamalıdr, çünki təhlükələr son dərəcə ciddi və çoxsaylıdır.

“Mən əminəm ki, bəşəriyyət Yeri tərk etməlidir. Yer bizim üçün son dərəcə dar olmağa başlayıb, fiziki resurslarımız isə təşvişli templə tükənir”.

“Biz iqlim dəyişikliyi, hərarət yüksəlişi, qütb buz örtüyünün azalması, meşələrin qırılması və heyvanların bir çox növlərinin məhvi şəklində planetimizə dəhşətli bir hədiyyə bəxş etmişik”.

“Tariximizdə bu cür böhranlar meydana çıxanda, adətən, köçməyə, məskunlaşmağa yerimiz olub. 1492-ci ildə Yeni dünyanı kəşf edərkən bunu Kolumb edib. Lakin indi heç bir Yeni Dünya yoxdur. Tinin dalında heç bir Utopiya ölkəsi yoxdur. Artıq bizə yer bəs etmir, köçü isə yalnız başqa dünyalara edə bilərik”.

Professor Hokinq auditoriyaya bildirib ki, zaman keçdikcə Yer asteroidlə toqquşacaq və bu, fəlakət olacaq. “Bu, elmi fantastika deyil, buna fizika və ehtimal qanunları zəmanət verir, – o deyib. – Qalmaq məhv olmağı bildirir”.

“Kainata səpələnmək bəşəriyyətin gələcəyini tam dəyişəcək. Ümumiyyətlə, hər hansı gələcəyimizin olub-olmayacağını bu, müəyyən edəcək”.

“Hara yollanırıq, yollanaq, az bələd olduğumuz mühitdə sivilizasiya yaratmağımız gərəkəcək, tamamilə yeni ekosistemi yaratmaq üçün praktik vasitələrdən istifadə etməyimiz lazım gələcək. Bir neçə min adamı, heyvan, bitki, göbələk və həşəratları başqa planetlərə necə daşımaq haqda düşünməyimiz lazım gələck”.

Professorun sözlərinə görə, Ay və Mars ilk məskənlərin yaradılması üçün ən yaxşı yerlərdir. O, hesab edir ki, Ay bazasını 30, Marsdakı ön istehkamı 50 ilə inşa etmək mümkündür. Lakin Hokinq Günəş sistemindən kənara çıxmaq və göyün ən yaxın cənub yarımkürəsində, alimlərin fikrincə, yaşayış üçün yararlı Proksima B planetinin mövcud olduğu Alfa ulduz sisteminə yollanmağı da təklif edir.

Hokinq deyib ki, nüvə sintezi əsasında, “Ulduz yolu”nda və yaxud enerjinin hər hansı tamamilə yeni forması ilə reaktorlarda hissəcik və antihissəciklərlə hərəkətə gətirilən mühərrikli kosmik gəmilər insana işıq illərini dəf etmək imkanı verəcək.

Professorun sözlərinə görə, rus milyarder Yuri Milner özünün  Breakthrough Start Shot layihəsi ilə artıq irəli kiçik bir addım atıb. Bu, “nanoaparatlar”ın tam bir donanmasını dördillik səyahətlə Yerə ən yaxın ulduz sistemi Alfaya göndərməyi nəzərdə tutur. Kameralı miniatür zondlar onlarla giqavatt fövqəlgüclü lazer şüalanması ilə yelkənlərə qovulacaq və təxminən, 20 ilə təyinat yerinə çatacaq.

Alim bildirib: “Müvəffəqiyyətə nail olsaq, Alfa-Mərkəzə zond göndərəcəyik və sizlərdən kimsə bu hadisənin şahidi olmaq üçün hələ sağ qalacaq”.

“Aydındır ki, biz yeni kosmik eraya giririk. Yeni eranın astanasında durmuşuq. Başqa planetlərin məskunlaşdırılması artıq elmi fantastika deyil, elmi fakt ola bilər”.

“İnsan irqi ayrıca növ kimi, təxminən, iki milyon ildir mövcuddur. Sivilizasiya, hardasa, 10 min il qabaq  meydana çıxıb və inkişaf templəri davamlı şəkildə artır. Bəşəriyyət daha bir milyon il yaşamaq istəyirsə, əvvəllər heç kimin olmadığı yerə cürətlə yollanmalıdır. Mən ən yaxşısına ümid edirəm. Ümidvar olmaq lazım gəlir. Başqa variantlar sadəcə yoxdur”.

Kuins universitetinin professoru Alan Fitssimmons da növbəti cümədə qeyd olunan Asteroid günündə xəbərdarlıqla çıxış edib ki, Yer kürəsi  asteroidlə toqquşacağı halda böyük bir şəhər asanlıqla məhv ola bilər. Asteroid günü 1908-ci ildə Sibirə düşmüş və tayqanın iki min kvadrat kilometrini viran qoymuş Tunqus meteoritinin şərəfinə qeyd olunur. Professor Fitssimmons deyib: “Bilmək önəmlidir ki, alimlər və mühəndislər Yerətrafı asteroidlərinn aşkarlanması və onların ifadə etdiyi təhlükələrin dərkində böyük uğurlara nail olublar. Bu günə 1800-dən çox potensial obyekt aşkarlanıb, lakin daha çox tapılacağı gözlənilir”.

“Astronomlar hər gün Yerətrafı asteroidlər tapırlar və onların əksəriyyəti özlüyündə ziyansızdır. Lakin istisna deyil ki, növbəti Tunqus meteoriti bizi pis vəziyyətdə qoyacaq və böyük asteroidləri axtrarıb tapmağı yaxşı öyrənsək də, onlarla nə etməli olduğumuzu  bilməsək, bunun bizə heç bir köməyi olmayacaq”.

 

Tərcümə Strateq.az-ındır.