Afrika standartlı internet təminatına, Avropa standartında ödəmə.

0
4

Afrika standartlı internet təminatına, Avropa standartında ödəmə.

Bilmirəm ki, total olaraq Azərbaycanımızın hər yanında belədir, yoxsa sadəcə Abşeron rayonunda, yada bu rayonun Masazır qəsəbəsində? Başlıqdan da gördüyünüz kimi söhbət kabel internet təminatından gedir və əlbəttə yaxşı təminatdan deyil, zəif və ödənilən pulunun haqqını əsla verməyən internetdən…
Axı, niyə televiziyalardan özümüzü bütün dünyaya reklam edib, əslində bu reklamın sadəcə bir görüntü olduğunu sosial və ya digər media vasitələri üzərindən bildirərək dünyaya rəzil olmalıyıq? Axı, bizim də ödədiyimiz haqqın qarşılığını alma hüququmuz var. Sizcə də elə dəyilmi?
Bir vaxt elektrik idarəsi işçiləri ilə etdiyim mübahisə yadıma düşdü. Xatırlatsam nə qədər yerinə düşdüyünü siz də görəcəksiniz. Bir neçə il bundan öncə idi, o vaxt elektriklər yayda həftədə bir, qışda isə demək olar ki, günaşırı kəsilirdi. İstifadə etdiyimiz eləktrik pulunun ödəməsində gecikmə olmuşdu və qapıda səs-küy salan elektrik idarəsi işçilərinə eynən belə demişdim: siz Afrika standartları ilə elektrik verirsiniz, amma pulunu Avropa standartları ilə tələb edirsiniz.
İndi də həmin proses internet üçün keçərlidir. Ödəmə vaxtını çox deyil, sadəcə bir gün keçirin, internet xəttiniz bağlanacaq, amma verilən internet o qədər zəifdir və o qədər sıx intervalla qırılır ki, sözün əsil mənasında insanı canından bezdirir desəm yeridir. İnternet verilişindəki bu keyfiyyətsizliyin səbəbini soruşduqda isə müvafiq şöbənin işçiləri bunu telefon xətlərindəki nasazlıqla izah etməyə çalışırlar, amma bir nəfər çıxıb demir ki, ay qardaşım, abunəçiyə nə sizin xətlərinizdəki probləmlərdən? Mən internet üçün ödədiyim maddi vəsaiti bu xidmətdən keyfiyyətli şəkildə istifadə edə bilmək üçün ödəyirəm. Daha sizin bəhanələrinizə qulaq asacaqdımsa onda niyə ayda filan qədər pul ödəyim ki?
Biz sakinlərin başqa seçiminin olmaması da əlimizi qolumuzu bağlayan səbəblərdəndir. Daha yaxşı xidmət göstərən hər hansı internet provayder olsa yığışpıb o şirkətin üstünə gedərdik, amma neyləyək ki, bu sahədə xidmət göstərən şirkətlərin birinin digərindən fərqi yoxdur. Bəs, indi biz neyləyək? XXI əsrdə internetdən imtinamı edək?

Murad

LEAVE A REPLY