MƏRDİN GÜLLƏSİNDƏN ÖLMƏYƏ NƏ VAR!!! – III yazı

0
5

R.T

(əvvəli bu linkdə http://milletim.info/?p=25218)

Həbs edilməyim Rauf Arifoğlunu nədən sevindirmişdi?

“OBXSS”-lər adlarına layiq “fəaliyyət” göstərirdilər. İşləri ancaq çapıb-talamaqdı. Əvvəllər bu mövzuya dəfələrlə toxunsamda, nədənsə, çoxları yazılarımın obyektivliyinə inanmırdı. Əksinə, hər yazıdan sonra təqib, basqı daha da şiddətlənirdi. İş o həddə çatdı ki, kürəkənim və qızıma Xırdalanın girəcəyində silahla hədə-qorxu edildi. Şikayətlərimiz isə növbəti dəfə qulaqardına vuruldu. “Millətim”-in baş redaktoru-qızım Lalə belə sarsıntılardan ömrü boyu daşıyacaq ağır xəstəlik tapdı. Özümün hər anı izlənilirdi. Bu azmış kimi görüşdüyüm hər bir dostum, qohumum da nəzarətə götürürlürdü. Onların əksəriyyəti işlərindən azad edilir, yada ki, həbs olunub, qurama ittihamlarla istintaqa cəlb olunurdular. Bilirdim ki, bütün bunlar məni susdurmağa yönəlib.

Yaxın dostum Eldar Əliyevə işkəncə verilərək əleyhimə ifadələr ala bilsələr də, o, saxlanıldlğı MTN-nin İstintaq Təcridxanasından ölkənin bütün rəhbər strukturlarına, hüquq müdafiəçilərinə müraciət yazıb, vəkili vasitəsilə ünvanlarına çatdıra bilmişdi. Həmin müraciətin bir nüsxəsi də bizə təqdim edildi. Onun başına gətirilmiş müsibətləri sakit qarşılamaq qeyri-mümkün idi. Belə işkəncələrin ölkəmizdə baş verdiyinə inanmaq istəmirdim. Ancaq, fakt faktlığındaydı. Ardınca, 2009-cu ilin 21-i noyabrında bacımoğlunu həbs etdilər. “OBXSS”-lərin mənəvi işkəncə metodundan yəqin ki, çoxlarının xəbəri yoxdur. Belə ki, bu yaramazlar insanları çox zaman onlar üçün əlamətdar və ya əziz bir gündə həbs etməkdən xüsusilə zövq alırlarmış. Jurnalist-Fərəməz Novruzoğlu, Sərdar Əlibəyli və mənim barəmdə məhkəmə hökmü məhz mətbuat günündə çıxarılmışdı. Bacımoğlu Akif isə doğum günündə həbs edildi. Eldar və Akifin həbs olunma motivləri o qədər gülünc idi ki, bu tragikomediyanı təşkil edənlərin nə zamansa Tanrının qəzəbinə tuş gələcəklərinə inanırdım. Bu barədə “Millətim”də dəfələrlə yazılarım olub.

Eldar və Akif tam günahsız qurbanlar idilər. Onlardan yalnız mənim həbs edilməyim üçün istifadə etmək istəyirdilər. Məlum idi ki, məni həbs edib, onları azad edəcəklər. Və belə də oldu…

Təəssüf ki, hələ də bəziləri yazdıqlarımı qərəz kimi qiymətləndirir.Belə deyil axı…Biz yazırıq, cavabını mütləq qoca tarix verir. MTN-nin quldur dəstəsi barədə 2005-ci ildən bu yana yazdıqlarımın hamısı saxlanılır. İndi, həmin dələduzlar, quldurlar barəsində aparılan məhkəmə prosesləri 10 il ərzində yazdıqlarımı tam təsdiqlədiyindən, zamanımı boşa keçirmədiyimin fərqindəyəm.

 

“Hələ 2014-cü ilin əvvəllərindən olkədə  devalvasiya, iqtisadi böhranın baş verəcəyindən məlumatlı idilər”

2

Bəli, MTN-nin quldur dəstəsi məni düz 10 il təqib etdi. Hətta 2013-cü ilin iyun ayının 19-da azadlığa çıxdıqdan sonra da təqib olunduğumu açıq-aşkar hiss edirdim. Telefon danışıqlarım elə dinlənilirdi ki, bunu mənə telefon açanlar da anlayırdı. Qəribə idi, Elçin Quliyev və İlqar Əliyevin adamları əlaqə saxlayıb, mənimlə növbəti dəfə “işbirliyi” qurmaq istədiklərini də gizlətmirdilər. Konkret cavab vermir, onların məram-məqsədlərinin nə olduğunu müəyyən etməyə çalışırdım. Maraqlı o idi ki, aradlıqda gedib-gələnlər əsil müxalifətçilər kimi danışırdılar. Hələ 2014-cü ilin əvvəllərindən olkədə  devalvasiya, iqtisadi böhranın baş verəcəyindən məlumatlı idilər. Açığı, bu barədə nə yazmaq, nə də məlumat yaymaq həvəsində deyildim. Kim inanacaqdı ki..? Böyük ehtimalla növbəti həbsim qaçımaz olacaqdı. İnana bilmirdim ki, MTN-də əyləşib, müxalifətçilik etmək olar. Düşünürdüm ki, Elçin-İlqar “tandemi” məni növbəti oyuna çəkib, daha ağır zərbə vurmaq istəyirlər. Zaman keçdikcə qaranlıq məqamlara aydınlıq gətirilir və kimin kim olması özünü büruzə verir. İndi, tam qətiyyətlə söyləmək mümkündür ki, illər ərzində ölkəni talayan MTN-nin quldur dəstəsi oranı qarışdırıb, diqqətdən kənarda qalmağa çalışırmış. İntihar etmiş İlqar Əliyevin qardaşının KİV-lərə verdiyi açıqlama söylədiyimi bir daha təsdiq edir: “İlqar son zamanlar bu sistemə nifrət edirdi”. Şübhə yoxdur ki, sistem deyiləndə, ölkədəki idarəçilik mexanizmi nəzərdə tutulur.

Növbəti həbsimin gözləntisində olsam da, özümü sındırmır, mütəmadi təqib olunduğumu büruzə vermirdim. Müvəqqəti ofisimizin qarşısında hər gün “taksi” keşik çəkirdi. Şəhərin hər hansı bir tərəfinə hərəkət etdiyimizdə “taksi”lər bizi qarabaqara izləyir, hətta 3-4 saat vaxtlarını sərf edib, bizim necə və neçə çaynik çay içməyimizi belə müşaiyət edirdilər. Təcrübəsizlikləri, qeyri-peşəkarlıqları xeyli açıqlara səbəb olurdu. Ölkənin durumuna acıyır, gör, millətin təhlükəsizliyi kimlərə tapşırılıb, deyə narahatlıq keçirirdim.

Bacımoğlu Akifin həbs edilməsi azmış kimi, onun qardaşı Elşadı da rahat buraxmırdılar. Onu MTN-ə dəvət edib, qarşısına şərt də qoymuşdular; dayının həbs edilməsinə yardım et, qardaşını həbsdən azad edək. İlqar ona telefon nömrəsini vermiş, mənim barəmdə məlumatlar ötürməyi tapşırıbmış. Elşad da etməyib tənbəllik, məni Elçin və İlqarla görüşlərinin xülasəsiylə bilgiləndirmişdi. O, Elçinin kabinetində olarkən, Antiterrorun rəisinin seyfi açaraq, “Millətim”in bir çox sayını qəzəblə ona göstərdiyini, həm də ona seyfdəki paçka-paçka pulları nümayiş etdirdiyindən də söhbət açmışdı. Hələ bu harasıdı, “mərd igid dayısına oxşayar” deyiblər. Elşad MTN-də gördüklərini “Xural” qəzetinə açıqlayaraq, Elçin və İlqarı pat vəziyyətinə salmışdı. Beləliklə, İlqar daha bir bahalı, necə deyərlər, “zerkalnı” telefon nömrəsindən imtina etməli olmuşdu. Axı, həmin açıqlamada İlqarın telefon nömrəsi də qeyd olunmuşdu.

 

“Milli hisslər, dövlətçilik prinsipləri və ən əsası insanlıq onlar üçün unudulmuşdu”

 

Baş verənlərin nə qədər iyrənclik olduğunu Hilal, Elçin, İlqar kimilər dərk etmək qabiliyyətində deyildilər. Onların başı sərvət toplamağa, bazarlar ələ keçirməyə elə qarışmışdı ki, milli hisslər, dövlətçilik prinsipləri və ən əsası insanlıq onlar üçün unudulmuşdu. Axı, nə qədər vicdansız olasan ki, doğmaca bacıoğlunu dayının üzünə durdurmağa, onun əleyhinə işləməyə məcbur edəsən?

2009-cu ilin sonlarında “Yeni Müsavat” qəzetində diqqət çəkən bir yazı getmişdi. Yazıda sabiq Nəqliyyat naziri Ziya Məmmədovun ona məxsus “Meridian”  otelində öz yaxın çevrəsiylə gizli müşavirə keçirməsindən söhbət açılırdı. Guya, Z.Məmmədov ətrafına müxalifətlə, müxalifyönlü qəzetlərlə əlaqə yaratmağı tapşırıb və bu işdə gecikdiklərini bəyan edibmiş. Bəli, hədəfdə Nəqliyyat naziri idi. MTN-nin ona mənfi münasibətindən də müəyyən qədər məlumatlıydım. Çünki, Elçin və İlqarın şəbəkəsinə daxil olan qəzetlər mütəmadi olaraq Z.Məmmədovu sərt tənqid edir, bu cütlük tərəfindən sabiq nəqliyyat “boss”unun kurasiyasında olan rayonlarda müxtəlif təxribatlar törədilirdi. Bunlar barədə bir müddət Hilal və “kompaniyası”nın təzyiq-təqiblərindən qurtulmaq üçün, onların maliyyələşdirdiklərinə qətiyyən şübhə etmədiyim qəzetdə çalışdığımdan ətraflı məlumata malik idim.

“Yeni Müsavat”ın dezinformasiya yazısının mənim həbsimə hesablandığını ağlıma belə gətirməmişdim. İşlər, oyunlar varmış… Həmin yazının sonunda qeyd olunurdu ki, guya, Z.Məmmədovun məxfi müşavirəsi gizli dinlənilib və audioyazısı da “Yeni Müsavat”a təqdim olunub. Bu yazı barədə bir daha həbs olunaraq MTN-nin İstintaq Təcridxanasında saxlanılan dostum, iş adamı Eldar Əliyevin qeyd etdiyim müraciətindən məlumat aldım. Onu məcbur edirmişlər etiraf etsin ki, guya o, mənimlə birgə Z.Məmmədovun dinlənilməsini təşkil etmişik. Hələ bu harasıdır… Yazdırırmışlar ki, biz, digər nazirlikləri də dinləyib, xarici ölkələrə məlumat ötürmək istəmişik. Məni belə xəyanətlərdə suçlayanların bir adı var-Alçaq, Şərəfsiz, Vicdansız… Bunun üçünmü, Vətənimin azadlığı üçün mübarizə aparmışdım?! Bunun üçünmü, könüllülərdən ibarət batalyon yaradıb, müqəddəs torpaqlarımızın hər qarışı uğrunda vuruşmuşdum? Bunumu haqq edirdim?!

Vəzifələrdə çalışmağıma baxmayaraq, dövlətin malına, millətin puluna heç bir zaman göz dikmədim. Kirayə mənzilləri sıraladıqca, içimdəki bir səsdən daima təskinlik tapırdım; yüz minlərlə qaçqını, köçkünü olan Vətənimdə evim olmasa nə olara ki…

“Yeni Müsavat”ın həbs olunma xəbərimi sevinclə yayımlaması, hətta ilk gündən 8-10 il həbs cəzasına layiq görüləcəyimin “hökmü”nü verməsi bir çox mətləblərdən xəbər verirdi. Qəzetin yazdığına görə, guya, mən ölkənin nüfuzlu şəxsləri barədə təhqirlə zəngin silsilə yazılar müəllifiyəmmiş. Belə yerdə deyiblər, “adımı sənə qoyum, səni də yana-yana”. Nə zamansa təhqirdən istifadə etməyimi isə həbsxana həyatımda nə qədər xatırlamaq istəsəm də, mümkün olmadı. “Yeni Müsavat”ın üfunət qoxuyan, tarixi şəxsiyyətlərimizi açıq təhqir edən yazıları isə gözümün önündən çəkilmədi.

Dəfələrlə Rauf Arifoğluna məktub yazıb, “audio-yazı”nı ortalığa çıxarmasını xahiş etsəm də, səs-səmir çıxmadı. Məlum idi ki, belə bir kaset olmayıb, bu sadəcə həbs olunmam üçün ictimai rəy yaratmağa hesablanmış dezinformasiyadan savayı bir şey deyildi. MTN-nin quldur dəstəsinin ciddi-cəhdlərinə baxmayaraq, “dinləmə” ittihamına bir illik çək-çevirdən sonra təsdiqini tapmadığına rəğmən xitam verildi.

 

“PA-nın məsulu xahiş edərək, MTN və Rauf barədə yazıları dayandırmağımızı istəmişdi”

rauf

“Yeni Müsavat”ın baş yazarının MTN tərəfindən müdafiə olunmasını bacıoğlu Elşadda mənə söyləmişdi. E.Quliyevin əsəbi şəkildə ona “nə istəyir, Rauf Arifoğlundan sənin dayın?”-sualını verməsi mənim üçün təzə xəbər olmamışdı. Daha öncə məni Prezident Administrasiyasına dəvət edib, belə bir xəbərdarlıq etmişdilər. Açıq söyləyim, MTN-dən fərqli olaraq PA-nın məsulu hökmlə deyil, xahiş edərək, MTN və Rauf barədə yazıları dayandırmağımızı istəmişdi.

MTN-nin cinayətkar dəstəsinin məhkəmə prosesləri davam edir. Marağımız olsa da mənim kimilərini məhkəmənin həndəvərinə buraxmasalar da, zamanında həmin cinayətkar qruplaşmayla işbirliyində olan jurnalistlərə xəbəri birbaşa və yaxud ilk mənbədən almaq şəraiti yaradılıb. Belələri hər an, hər zaman, hər yerdə ola bilirlər. Buğələmun kimi rənglərini anında dəyişmək bacarıqları bəzi “jurnalist”lərin yaşam ehtiyaclarını bolluca təmin etməkdədir. Ancaq yaxın keçmişdə-Eldar Mahmudov və komandasının dal-qabağı kəsəndə elələri ağızlarına mum alıb, quzu balası kimi məsum görünməyə çalışırdılar. Düşünürəm ki, MTN-nin cinayətkar dəstəsinin qanunsuz əməllərinin tüğyan etməsində susqun jurnalistlərin kifayət qədər günahı olub. Eləcə də MTN-də özlərini peşəkarlar adlandıranların…

 

Ardı var…