Bu gün Güney Azərbaycan Milli Azadlıq Hərəkatının (CAMAH) lideri, böyük şairimiz Piruz Bəy Dilənçinin doğum günüdü. Həmin Piruz Bəy ki, onu ötən əsrimizin 90-cı illərindən tanımışam. Bu tanışlıq sonradan dostluğa, qardaşlığa çevrildi söyləsəm, Piruz Bəy də yəqin etiraz etməz. O zaman Piruz mücadilə apardığı İran rejiminin təqibindən xilas olaraq, ikiyə bölünmüş Vətəninin Quzeyinə mühacirət etməli olmuşdu. Nə etməli, hələlik Vətəndən Vətənə mühacirət etmək reallığıyla razılaşmaq zorundayıq.
Piruz bəy, özünü dərk edən gündən bütöv Azərbaycanı Vətəni bilib, İran kəlməsini leksikonundan birdəfəlik silib. O, ustad Şəhriyarın ən sevimli şagirdlərindən biri olaraq, hələ 14 yaşında yaratdığı əsərlərə rəğmən adının İran Ədəbiyyatı antologiyası kitabına düşməsi haqqını qazanıb. Bu yaşında zirvəyə ucalması da Vətənini ikiyə bölmüş İran rejimini Piruza sevdirə bilməyib.Apardığı barışmaz mübarizəyə görə şair həbs edilərək 17 yaşında Tehranın dəhşət saçan Evin həbsxanasına salınıb.
Münasibətimiz elə səviyyəyə çatdı ki, Piruz bəyin xahişilə mən,1991-ci ildə Tehrana səfər edib, onun salamlarını oğul həsrətiylə gecə-gündüz göz yaşı axıdan ata-anasına çatdırmalı oldum.Valideyinlərini tanıdıqdan sonra Piruz gözümdə daha da böyüdü. Onun yüksək mədəniyyətə, əxlaqa, Milli ruha bağlı doğmaları var idi. Atası məni Piruzun memarlıq işlərilə də tanış edərkən təəccübümü gizləyəmmədim. Çünki, şair 14-15 yaşlarında elə memarlıq abidələri yaradıb ki, bu gündə Tehranın bəzəyi sayıla bilərlər.
Piruz bəy Vətənin qəzetində də boş oturmadı .Yazdı,yaratdı,bu taydan o taya səsləndi… Bu yolda Milli Azadlıq hərəkatının öndərləri sırasında oldu. Canından artıq sevdiyi Millətini birliyə, Vətənin bütövlüyü uğrunda mübarizəyə dəvət etdi.
“Sərhəd hərəkatı”ndan sonra “Ədəbiyyat və İncəsənət”qəzetində mənə həsr etdiyi şeir mübarizə ruhumu birə beş etdi. Piruz qardaşım yazmışdı:
“Sərhədləri kəsək qardaş,
Gəl Arazda üzək qardaş!”
O, həsrət şairi olaraq, yazdığı şeirləriylə bütöv Azərbaycan eşqi ilə alışıb-yandığını daima bəyan edə bilib. O zamanlar Piruz Bəy tez-tez Culfaya gələr, ikiyə bölünmüş Culfanın bu tayından o tayına kövrələrək baxardı. Şair təbiəti, hədsiz duyğusallığı hisslərini gizlətməsinə mane olmurdu. İçində nə çəkdiyini bir özü, bir də Uca Tanrı bilirdi. O taydan Ermənistana salınmış körpü onunçün ağır dərd olmuşdu.
Təəssüf ki, Piruz Dilənçi sığındığı Quzey Vətənindən də didərgin salındı… Növbəti mühacirəti də onun bütöv Azərbaycan uğrunda köklənən mübariz əzmini qıra bilmədi. Bu dəfə də Vətəndən yalnız bir yük apardı-ikiyə bölünmüş Vətən sevgisi adlanan yükü…
Qorxmadan,çəkinmədən dünyanın hər yerində Azərbaycanın bütövləşməsi zərurətindən söhbət açdı. Hələ 1991-ci ildə yaratdığı CAMAH-ın sədası İran rejimini sözün əsil mənasında xoflandırdı.Tülküdən də hiyləgər olan molla rejimi geydirmə dissidentlər yaradaraq , bir sıra ölkələrə ixrac etməklə Piruza problemlər yaşatmağa çalışdı. Ancaq, yellər qayadan heç nə qoparmağa nail ola bilmədilər. Piruz yenə mübarizənin önündədir, yenə zirvəsidir. Onun cəsarətli addımları rəqiblərini daima pat vəziyyətinə salır ki, molla rejiminin ixrac etdiyi saxta “dissident”lərin CAMAH əleyhinə apardığı kampaniyalar uğursuzluqdan başqa nəticəyə nail ola bilmir.
Piruz Bəy ağıllıdır, çevik zəkalıdı, cəsarətlidi, yorulmazdı, mübarizdi. Bu keyfiyyətləri onu Vətən sevgisiylə birgə daha güclü edir. İnanıram ki, Piruz Bəy arzusuna-bütöv Azərbaycanı na tez qovuşacaq. Bunu özü də deyir-illərin ağır sınaqlarından daima üzüağ çıxmış Piruz Dilənçi deyir.Ömrünü-gününü Vətənə həsr etmiş mübariz, həsrət şairimiz Piruz Dilənçi.
Səndən əsərlər yazılsa bəs etməz, Əziz Qardaş! Bu, hələlik sadəcə doğum gününə təbrikimdir.Tanrı Sənə apardığın mübarizədə daima yardım etsin. Tezliklə Təbrizə Bütöv Azərbaycanın bayrağını sancasan!
Ramiz Tağıyev
Canımzı Azərbaycan Naminə Partiyasının sədri