685 bal toplayan Siyəzənli məzun nəticədən imtina etdi –Yenidən imtahan verəcək

0
6
Siyəzənli abituriyent Çinarə Kərimova qəbul imtahanlarında 685 bal toplayaraq şimal bölgəsi üzrə ən yüksək göstəriciyə nail olub.

İmtahanlarda cəmi üç sualı düzgün cavablandırmayan Çinarə nəticəsindən narazıdır. Onun hədəfi maksimum – yəni, 700 bal toplamaq olub. Məhz buna görə də o, iyul ayında keçiriləcək növbəti imtahanlara qatılacaq.

Çinarə Kərimova Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin XI sinfində təhsil alır. IV ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyent təhsilini Tibb Universitetində davam etdirmək istəyir. Çinarənin ən böyük arzusu ürək-damar cərrahı olmaqdır. Valideynləri bildirirlər ki, həkimlik Çinarənin uşaqlıq arzusudur.

Çinarə Kərimova ilə yanaşı, Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin daha 5 şagirdi bu il keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib. (AZƏRTAC)