“Oktay Əsədov Papaya, Vatikana necə münasibət bildirə bilər?”
Əvəz Zeynallı:“Vatikanın sütunları əbədiyyətə qədər türk millətinə nifrət, qəzəb, kin və düşmənçilik üzərində ucaldılacaq”
“Bunlar tacir-tüccar yığınıdır, gəliblər bu ölkəni idarə eləyirlər”
Bir müddət öncə əfv sərəncamı ilə azadlığa çıxan sabiq vicdan məhbusu Əvəz Zeynallının hüqiqi müstəvidə problemleri hələ də bitmək bilmir. Belə ki, məhkəmə hökmü və hətta onun həbsdə olduğu müddətdə verilmiş məhkəmə qərarlarınnan kəsilmiş cərimlər gündəmdədi və baş redaktordan bu cərimələrin ödənilməsi tələb olunur. Bu arada, “Xural” qəzetinin məhkəmə qərarı ilə müsadirə olunmuş əmlakının da geriyə qaytarılması ilə bağlı anlaşılmaz olaylar yaşandı. Bütün bu məsələlərə onun münasibətini öz dilindən eşitmək, həmçinin də son vaxtlarda regionda və dünyada baş verən, Azərbaycana da birbaşa dəxli olan bir sıra ictimai-siyasi poseslərə Əvəz Zeynallının münasibətini öyrənə bilmək üçün, sabiq vicdan məhbusuna bəzi suallarla müraciət etdik.
(Əvvəli ötən saymızda)
– Əvəz bəy, hərçənd ki, uzun zaman keçib, amma sən Türkiyəni görübsən, ordakı cəmiyyətə də bələdsən. Bu son günlərdə, həftələrdə, tutaq ki, Roma Papasının soyqırımla bağlı çağırışı, ardınca da Avropa Birliyinin, daha da irəli gedərək, faktiki olaraq “erməni soyqırımı”nı tanımaq anlamına gələn açıqlamalarla çıxış etməsi, səncə nəynən bağlıdı? Türkiyə hakimiyyətinin siyasətimi yanlışdı, yoxsa, elə bunların dediyi kimidi və bütün dünya bizə qənim kəsilib, gözləri götürmür, bizə paxıllıq edirlər, bizi əzməyə bəhanə axtarırlar və sair …
– Vallah, gəlin mən bəribaşdan bir şeyi deyim. Azərbaycanda indi qəribə bir rəy mövcüddür ki, Ərdoğan türkiyəni dəyişib, ya da dəyişir, nə bilim Türkiyə də bizim kimi olacaq, orda da diktatura yaradılır, daha nələr. Amma bir şeyi hamı bilməlidi ki, türk milləti, ərdoğanları, əcəvitləri, daha kimləri, kimləri, o cümlədən də diktator olmaq istəyən şəxsləri də, səxsiyyətləri də, görüb, həm də dəfələrlə. Mən hesab eləmirəm ki, Ərdoğan Türkiyəni dəyişəcək, ya da dəyişə biləcək. Amma, eyni zamanda da, Ərdoğanın , Türkiyəyə, türk millətinə, türkiyənin milliyətçi fikrinə vurduğu ağır yaraların o qədər ciddi fəsadları var ki, onları aradan qaldırmaq ola bilər bir az çətin olsun. Bu arada, Vatikan məsələsi də heyrətli və gözlənilməyən bir şey deyil. Yəni, Azərbaycanda insanların və qurumların həm rəsmi, həm də qeyri-rəsmi mövqeyini o qədər tez-tez dəyişirlər ki, Azərbaycan xalqı da, yəqin bütün düyada, elə belədir, deyə düşünür. Vatikan 1000 ilin, 2000 ilin Vatikanıdır və yarandığı, qurulduğu gündən bu günə qədər türk millətinin düşmənidir. Vatikan səlib yürüşlərinin memarıdır, Vatikan yaranışından türk millətinin yer üzündən silinməsi planlarının memarıdır, nə dəyişib ki ? Azərbaycan hakimiyyəti deyil ki, keçən dəfə onu desin, bu dəfə də bu birini. Bu, Vatikandır və Vatikan heç dəyişmədi və heç dəyişməz ki. Vatikanın sütunları əbədiyyətə qədər türk millətinə nifrət, qəzəb, kin və düşmənçilik üzərində ucaldılacaq. O ayrı bir məsələdir ki, böyük qüvvələr, dünyanı idarə edən gizli hökumətlər, qruplar və qurumlar Vatikanla iş birliyi içərisindədilər. Həmçinin də Türk millətinin içərisindən, rəsmi, ya da qeyri-rəsmi qurumlardan kimləri alırlar, hansı qurumları özlərinə işlədirlər, Türkiyənin öz içərisində, türk milləti arasında hansı işləri görür, hansı fəsadları yayırlar ki, bu da məsələnin başqa bir boyutudur. Amma, yenə də deyirəm 2000 illik Vatikanda heç nə dəyişmədi və bu Vatikanın erməniləri dəstəkləyəcəyindən, hətta ciddi şəkildə müdafiə edəcəyindən savayı kim nə gözləyirdi ki,? İşin o tərəfini, bizim Vatikanla əməkdaşlıq edənlərimiz fikirləşməliydilər. Eləcə də, bunu Türkiyənin Vatikanla əməkdaşlıq edənləri, gedib Roma Papası ilə görüşən Fətullah Gülənlər fikirləşməliydilər. 15-20 ildir ki, Fətullah Gülən Roma Papasıynan oturub-duran çox az adamlardan biridi. Və o, həm də Roma Papasının açıq dəstəyini alan bir adamdır. Demək istədiyim budur ki, Roma Papasının bu addımında qəribə heç nə yoxdur. Sadəcə mən bircə şeydən rahatam ki, Türkiyədəki türk milləti (mənim bayaqdan bəri türk milləti deyimim Türkiyəyə və bu olkənin xalqına aiddi – Ə.Z. ) nə təslim olmaz, nə türk dövlətçiliyini kimsəyə verməz, nə də Atatürkdən imtina eləməz. Yəni, Atatürkün dövləti və Atatürkün əsgərləri, mən belə hesab eləyirəm ki, kifayət qədər güclüdür. Amma, burda da zatən poblem Atatürklə bağlıdır. Diqqət eləyin, Roma Papasının açıqlaması da, Avropa Birliyinin, Avropanın digər qurumlarının bütün fəaliyyətləri ona yönəlib, Türkiyədə qalan və hələ də yaşayan, ayaqda olan son quruma qarşıdı. Bu saldırıların hamısının hədəflərində dayanan əsas məsələ də budur. Bəs, niyə Vatikan indi dilə gəlib? Çünki indi Türkiyəni ən zəif zamanında yaxalayıblar. Ərdoğan bir tərəfdən, iç və dışda olan digər güclər də bir tərəfdən, uzun illərə dayanan fəaliyyətləri ilə Türkiyəni heydən salıblar və ona görə də, hədəfdə heç Türkiyə hökuməti də deyil, əsas hədəf Atatürkdür. Vatikanla birgə, Türkiyəni sevməyən bütin qüvvələrin birgə fəaliyyətlərinin tək məqsədi, indi Türkiyədə var olan dövləti dimdik ayaqda tutan Atatürk sütununu qırmaqdı. Özləri də əmindilər və bilirlər ki, əgər, Atatürk sütunu qırılarsa, Türkiyənin özü də qırılar. Amma bir daha deyirəm, türk milləti sağlamdı və mən hesab eləyirəm ki, səksən milyonluq türk milləti bu qüvvələrin də, Vatikanın da hədəfə yetmələrinə imkan verməyəcək. Bu arada bunu da birmənalı bilməmiz lazımdı ki, Allah eləməmiş, Türkiyənin yıxılması Azərbaycanın ümumiyyətlə yox olması deməkdi və buna görə də, Azərbaycan hakimiyyəti də, xalqı da bu ağır zamanda və ağır savaşda qardaş Türkiyənin yanıda olmalı və faktiki olaraq ölüm-dirim mücadiləsi verməlidir. Əslində, indi, “BİT MİLLƏT İKİ DÖVLƏT” deyiminin sınaq zamanıdır.
– O zaman, Papadan dərhal sonra Avropa Birliyini də bu cür bir addım atması, belə deməyə əsas verirmi ki, əslində bu qurumun özü də, Vatikandan yola çıxmış qatarın vaqonlarından biridi?
– Təbii ki, Avropa Birliyinin də, bütün xristian dünyasının da, böyük mənada Amerikanın özünün belə, mənəvi iqamətgahı da, düşünən başı-beyni də Vatikandır. O baxımdan Avropa Birliyi nəyi ortaya qoyur? Bu qurum Türkiyəni illərdi öz sıralarına qəbul etməməklə, açıq şəkildə ortaya qoyub ki, Avropa Birliyinin özü daha çox xristian klubudur, nəinki millətlərin bərabər şəkildə birgə yaşayıb inkişaf edə biləcəyi bir məkan. Mən burada Avropa Birliyi ilə Vatikanın durumunu da tam eyniləşdirmirəm. Çünki, bütün hallarınnan, Avropa Birliyi demokratik bir qurumdur və bəşər tarixinin ən böyük uğurlarından biridir. Amma mövzu Türkiyəyə, türk millətinin üzərinə gəlincə, bu birlikdən qeyri-adi heç nə gözləməyinə dəyməz.
– Avropadan söz düşmüşkən, Azərbaycanda keçiriləcək Avropa oyunlarına münasibətiniz necədi, bir az konkret cavab istiyirəm, yəni olarmı olmazmı ?
– Bizdə indi dollar bu qədər bahalaşıb və ümümi gedişatdan da görsənir ki, bu bahalaşma artan xətlə davam edəcək. Azərbaycan insanlarının yarıdan çoxu müflis durumdadır, evlərinə çörək aparmaq iqtidarında belə deyillər, İnsanların işlə təminatı sıfırın altında, yaradıcılıq imkanları, rəqabət imkanları, bazar imkanları yox, bu ölkədə normal işləyən heç bir yer yox, ayaqda olan tək bir qurum da yoxdu. O zaman biz nə günümüzə səkkiz milyardı Avropa oyunlarına qoymalıyıq, hələ ondan sonra da İslam oyunları gəlir, hələ bu beynəlxalq forumlar, hələ digər mənasız yerlərə böyük xərcləmələr və sair. Baxın, ABŞ-ın prezidentləri vəzifəni tərk edəndən sonra dövlətə borclu qalırlar. Onlar prezidentlik fəaliyyətindən sonra memuarlar yazırlar, gedib işləyirlər ki, dövlətin borcunu ödəyə bilsinlər. ABŞ prezidentləri Ağ Evdə qonaq qəbul etmələrinin belə pulunu ödəyirlər. Vəziyyət belə ikən, Azərbaycan dövlətinin harasına yaraşır ki, bu millətin düşürüldüyü bəlli durumda Avropa oyunları keçirib milyardlarını çölə töksün. Hələ mən mənəvi durumlardan danışmıram, bizim təhsilimiz sıfır, tərcümə ədəbiyyatımız yox, biz dünyanı tanımırıq və sözün həqiqi mənasında, Azərbaycan xalqı hələ də Biləcəridən o tərəfə çıxmayıb. Dubayın, ya da İstambulun bazarlarına gedib alver eləmək çox asandır. Yəni, bu dövlət hansı gündədi ki, neftin də ucuzlaşdığı bir zamanda, səkkiz milyard manatını Avropa Yay Oyunları adı ilə faktiki dənizə tökür. Hələ indi də bəlli olur ki, bu nə olimpiada kimi olimpiadadı, nə oyun kimi oyundu, ümumiyyətlə prosesin özü nə oyundu bilinmir. Bu Azərbaycan xalqının gələcəyinə yönəlmiş qəsddi.
– Amma Oktay Əsədov parlamentin tribunasından bəyan elədi ki, bu oyunları istəməyənlər ermənidən də pisdir.
– Vallah bizdə parlamentdi, Oktay Əsədovdu, nə bilim, Artur Rəsizadədi, prlament üzvlərinin əksəriyyətidi, yəni bu adamlar gərəkdir ki, beynəlxalq siyasətdən, Papadan, Vatikandan və sairdən danışmasınlar. Bu bilirsinizmi nəyə bənzəyir, bir dəfə elə parlamentdə biri durub demişdi ki, Jak Şirak qudurub. Bunlar məsələyə o qədər məhəlli baxırlar ki. Amma indi durub Oktay Əsədovdan soruşsan, heç Vatikanın mənasını biləsi deyil. Yəni bunlar tacir-tüccar yığınıdır, gəliblər bu ölkəni idarə eləyirlər. Vallah yenə də deyirəm ki, gərəkdir ki, bunlar belə məsələlərə heç bir rəy bildirməsinlər. Belə məsələlərə rəy bildirəcək kontingenti olmalıdı Azərbaycanın. O da çox qəribədi ki, Azərbaycanda adına politologiya, siyasətşünaslıq deyilən elmi də o vəziyyətə salıblar ki, ümumiyyətlə ya hər kəs hər şey haqqında münasibət bildirir, ya da üvumiyyətlə hər məsələnin öz əhli yoxdur. Oktay Əsədov Papaya, Vatikana necə münasibət bildirə bilər? İndi Azərbaycanda dəbdir, müxalif fikirli, sərbəst düşüncəli adamları ermənilərnən müqayisə eliyirlər. Baxin mən demirəm ki, biz bu olimpiya adlandırılan oyunların qarşısında olmalıyıq, mən demirəm ki, Azərbaycanda beynəlxalq forumlar keçirmək ziyandı. Mən sadəcə onu deyirəm ki, Azərbaycanda bu qədər poblemlər varkən, iqtisadiyatımız bu qədər tənəzzül içində çırpınırkən, əhalimizin yarıdan çoxunun ac və səfil olduğu bir durumda, səkkiz milyard dolları boş yerə havaya sovurmaq bizim gələcəyimizə qəsddi. Bizim artıq neft fondunda pulumuz qalmayıb, yoxdur. Yəni Azərbaycan xalqının gələcəyini belə oğurlamaq, bu cür bihudə şeylərə həsr eləmək , mən belə düşünürəm ki yanlışdı, amma, əgər Oktay Əsədov hesab eləyirsə ki, doğrudu, qoy onlar deyən olsun. Bir sözlə, bizim məclis indiki durumu ilə hal əhli deyil. Bunu Elşad Abdullayev çox rahat sübut elədi ki, bu məclisdə ya kimsə kimsənin qohumudur, ya da gedib pullarını verib ordan özlərinə kreslo alıblar. Ona görə də bu məclisin nəyisə müzakirəyə çıxarması, nəyəsə münasibət bildirməsi, nəyəsə irad tutması, hətta nəyisə təqdir etməsi belə, həmişə ironiya doğurur, gülüş hədəfinə çevrilir və ciddi səslənmir. Məlumdur ki, indi bu ölkəni idarə eləyən bir nəfər var , o da hörmətli İlham Əliyevdir və onun nə dediyi olur. Bu səbəbdən də, belə məsələlərin hamısına İlham Əliyevin özünün münasibət bildirməsi gərəkir. Yay Olimpiya Oyunlarına Oktay Əsədov niyə münasibət bildirir ki, deyilməli nəsə varsa da onu da İlham Əliyev deməlidi. Çünki yumurta 15 qəpik oldu, İlham Əliyev deyənnən sonra 11 qəpiyə düşdü və dörd ildi ki, yuxarı qalxmır. Deməli buna da özü münasibət bildirməlidi.
Söhbətləşdi: Sərdar ƏLİBƏYLİ