İnsan tacirləri

0
6

Turan Turk

İnsan tacirləri

Ha düşünürəm, tapa bilmirəm, insan tacirləri insandırlarmı? Bir neçə gün öncə xarici kanallardan birində insan ticarəti ilə bağlı sənədli film izləyirdim. Bu filmi izlədikdən sonra öz özlüyümdə qərar verdim; xeyir. Qətiyyən! İnsan tacirləri insan deyillər, onlar olsa-olsa qanəmici vampir, canavar, ya da soxulcandırlar…
Niyə belə düşündüyümü deyim ki, mənim haqqımda yanlış düşünməyəsiniz. Bəhs etdiyim sənədli filmdə əsasən Suriyadan, İraqdan, Fələstindən və Şimali Afrika ölkələrindən Türkiyəyə gəlib, oradan da Ruminiya və digər Avropa birliyi ölkələri vasitəsi ilə Avropa birliyinə qeyri-qanuni yolla keçməyə çalışan insanlardan bəhs edilirdi. Əlbəttə bu insanlar nə ağaclarını əllərinə götürüb, dəmir çarıqlarını ayaqlarına geyinərək dağlar aşıb bu ölkələrə getmirlər, heç delfinlərin belində üzüb də getmirlər. Onları Türkiyədə yuvalanmış insan tacirləri şəbəkəsi Avropa Birliyi ərazisinə adambaşına altı min avro ilə on min avro arasında dəyişən muzd müqabilində aparırlar. Həm də necə?
Kiçicik bir balıqçı qayığına qırx-əlli nəfər insanı dolduraraq və bu insanları da qısa, sadəcə on saatlıq yol vədi ilə aldadaraq. Bəzi hallarda iki gündən artıq dənizdə saxlayaraq aparırlar. Ələ keçmə ehtimalı olduqda isə zavallı insanları dənizin ortasındaca ölümə tərk edərək yedək qayıqla çıxıb gedirlər.
Bəs, bu vicdansızlığa türk hökuməti niyə göz yumur? Məgər yunan, ya da rum sahil mühavizə idarəsinin böyük əksəriyyətini saxlamağa müvəffəq olduğu bu böyük partiyalar halındakı insan ticarətindən türk hökumətinin xəbəri yoxdurmu? Bir anlıq fərz edək ki, yoxdur. Əgər bu doğurdan da belədirsə, onda vəziyyətin daha da dəhşətli olduğuna işarə deyilmi? Bir ölkə, həm də bölgənin böyüklərindən olduğunu iddia edən bir ölkə bu gün sərhədlərini nəzarət altında saxlamağa müvəffəq deyilsə, onda o ölkənin böyüklükdən danışmağa ən azından mənəvi haqqı olmadığını düşünürəm. Sizcə də elə deyilmi? Daha doğrusu, bir neçə gün öncə CNN türk kanalının Tvitter səhifəsinə insan ticarəti ilə bağlı başqa bir məlumat düşdü. Bu qədər ciddi kanalın rəsmi Tvitter səhifəsi olduğuna görə, əlbəttə inanmaqdan başqa çarəmiz yoxdur. Xəbərdə deyilirdi ki, İtaliyaya miqrantları keçirməyə çalışan qayıq batıb, ilkin məlumata görə qayıqdakı Afrika əsilli mühacirlərdən yüz əlli nəfərini xilas etmək mümkün olsa da, dörd yüz nəfər həlak olub. Əlbəttə bu ilkin məlumat idi. Əlimizdən nə gəlir? Sadəcə olaraq ölü sayının artmaması və bu zavallı insanlardan dənizin içinə düşmüş də olsa, hələ də yaşayanlar varsa xilasedicilər tərəfindən tapılmalarını dua etməkdən başqa…
Keçən il türk sahil mühavizə qayığı bir balıqçının xəbərdarlığından sonra Yunanıstanla sərhəddə gəlmiş və burada dəhşətli bir mənzərənin şahidi olmuşdu. Yunan sahil mühavizəsinin əməkdaşları suriyalı mühacirləri daşıyan qayığı batırmış və iyirmiyə yaxın mühacirə də can yedəyi geyindirərək dənizə atmışdı. Dəqiq xatırlayıram, qış vaxtı idi və türk əsgərləri az da yetişməsəydilər mühacirlərin hamısı soyuqdan donub öləcəklərdi. Bəli, xristianların müsəlmanlara baxışı əslində belədir, amma yenə də afrikalı mühacirləri daşıyan qayıqdan yüz əlli nəfəri xilas etməyə müvvəffəq olmuş italyan əsgərlərinə sağ ol düşür. Yəqin onların yerində yunanlar olsaydılar indi o sağ qalanları da öldürmüşdülər…
Bəs, bu insanlar insan tacirlərinə nəyə görə bir ətək pul verib, hələ bir də canlarını təhlükəyə atırlar? Əlbəttə onların hamısı ya vətənlərindəki ədalətsizliklərdən, yoxsulluqdan, ya da bitib tükənmək bilməyən müharibədən qaçırlar. Yoxsa, kim durub dururkən isti yerini soyuq etmək istəyər ki? Kim bilinməz yola çıxar ki? Öz ölkələrində artıq hər şeydən bezmiş, yorulmuş, bir gün yaşayım, amma insan kimi yaşayım ümidiylə yola çıxan onlarca mühacir hər il ya Aralıq dənizinin, ya da Qara dənizin sularında evini-eşiyini, ailəsini qoyub, düşdüyü ümid yolçuluğunu başa vurmadan can verir.

LEAVE A REPLY