Aysel Əlizadə
Ərim məni yesə…
Bölgələrdə insident baş alıb gedir.
Atalar qızlarını zorlayır, sonra da bunu adətə çevirib uzun illər onu seks maşını kimi istifadə edirlər.
Yaxınlarda eşitdim. Ata yeniyetmə qızını zorlayır. Bu, davamlı olur. Bir müddətdən sonra qız artıq təpki vermir. Evin anası xəbər tutanda insultdan ölür.
Zaman keçir. Qız böyüyür, bir oğlana vurulur. Sevgili olurlar. Nişanlanırlar. Ata qısqanır, dava salır. Vəziyyət o yerə çatır ki, qız yaşadıqlarını nişanlısına danışmaq zorunda qalır. Nişanlı polisə gedir, faktı danışır.
Atanı polis bölməsinə çağırırlar. Belə bir şikayət daxil olduğunu deyirlər.
Ata özündən çıxır: “Olmayıb. Sübut edin!”.
Yalan danışdığı dərhal bilinir. Normal kişi – ata bu namussuzluq suçundan dəhşətə gələrdi. Özünü alçaldılmış hiss edərdi. Bəlkə polisin yaxasından yapışıb bağırardı
“Bu nə əxlaqsız söhbətdi, nə biqeyrtəlikdi mənə deyirsiz?”
Ancaq həmin “ata” belə etmir. Həyasızca “sübut edin” deyib gedir.
Hadisədən xəbər tutan qız özü gedir gizlincə bölməyə.
Olayı təsdiqləyir. Ona inanırlar. İnandıqları üçün də onlara bu insidentin baş verdiyini görüntüləyən disk verir. Ata həbs olunur. Ancaq qız sevgilisindən ayrılıb yoxa çıxır. Hara getdiyi məlum deyil. Bundan sonrakı həyatının necə olacağı da…
Bir xəbər yayıldı yaxınlarda. Dörd nəfərlik ailədi: ata, ana, bacı, qardaş yaşayırmış. Ana xərçəngdən ölür. Ondan sonra evin bütün məişəti qızcığazın üzərinə düşür. Yemək hazırla, təmizlik et, yu, ütülə, həyət-bacaya bax. Ataya, qardaşa qulluq elə. Bu ailədə baş verən olayla bağlı da cinayət işi açılıb. Əvvəlcə ata qızını zorlayır. Atanın bu vərdişini təsadüfən onlara gələn əmi görür kənardan. Sakitcə çıxıb gedir. Evi güdür bir müddət. Ata evdə olmayanda o da gəlib qardaşı qızını zorlayır. Daha sonra əsgərlikdən qayıdan qardaş da…
Bunlar real olaylardı. Polis, müstəntiq tanışınız varsa soruşun.
Bu günlərdə Xırdalandan Bakıya gələn avtobusda ər arvadını bıçaqla öldürüb.
Bu gün yenə 15 yaşlı qızını zorlayan ata həbs edilib.
Ərəb müfti Əbdüləziz Əl- Şeyx “kişi ac qalarsa arvadını yeyə bilər” fətvasını açıqlayıb. İzahı da belədi: “qadın ərinin bir parçasıdı, bunu başa düşməlidi. Ər acdısa fədakarlıq etməlidi qadın”.
Bəs qadın acdısa kişi nə etməlidi? Uzaqgörən fətvadı. Deyəcəm niyə.
Əvvəlcə onu deyim ki, müfti – İslam ölkələrində vilayətlərdə, qəzalarda din işlərinə baxan məmurdu. O, dini qərarları, fətvaları ictimaiyyətə açıqlayır.
Ağlasığmaz fitvaları ilə tanınan bu şeyxin bütöv adı belədi: Əbduləziz İbn Abdullah Muhammad ibn Əbdul- Lətif ibn Əbdür- Rəhman ibn Həsən ibn Muhammad ibn Əbdül – Vəhhab Əl – Şeyx.
1943-cü ildə Məkkədə doğulub. 1999-cu ildən Səudiyyə Ərəbistanında ali müfti vəzifəsini yerinə yetirir.
Əl-Şeyx ərəbcədə “şeyx ailəsindəndi” anlamına gəlir. Səudiyyə Ərəbistanında idarəçi nəsildi. Bənu Təmim soyundan olan dini idarəçi xanədanlıqdı. Onlar 18-ci əsrdə yaşamış Məhəmməd ibn Əbdül Vahhabın törəmələri sayılır. Əbdül Vahhab vəhhabizmin (sələfilik) banilərindədi.
Bu dini idarəçi nəslin, onların verdiyi qərarların və fətvaların bizim ölkəyə, mədəniyyətə aidiyyatı olmasa da, bizim cəmiyyətdə dartışmasız ötüşmədi. Danışılır, xəbər olaraq paylaşılır, zarafat mövzusuna çevrilir. Ancaq hiss edirəm ki, bunun mistik təsir etmə gücü var. İstər-istəməz adam narahat olmağa başlayır. Bizdə bu qədər olay baş verirsə, kişilərin buna təpkisini görümürüksə, sabah bizi basıb yeməyəcəklərinə qarantımız hardandı? Öz-özümə şübhələnməyə başlamışam həyat yoldaşımdan. Fətva çıxandan gözümə birtəhər görünür. Belə bir cür baxır sanki. Qorxuram məni yemək fikrinə düşə. Dözməyib içimdəkini açdım ona, narahatlığımı dedim. Məni əmin etdi ki, türk kişisi acından ölər, ancaq xanım dediyini basıb yeməz. Bu fətvanı neftin qiymətinin düşməsi və ərəb ölkələrində gözlənilən aclıqla izah etdi. “Ohh…” – deyib yüngülləşdim.
Ancaq yenə də sözümün qəmbərqulusu bu deyil. Son günlər düşündürən bir məsələ var. Bizim kişilər nəsə bütün bu xəbərlərlə bağlı mövqesiz görünürlər. Yaxşı anlaşılmır. Belə çıxır, siz eynicinsdən olduğunuz üçün qızını zorlayanları, arvadını öldürənləri, yoldaşını bıçaqlayanları başa düşürsüz. İmicinizə dəyən bu silkələyici zərbə sizin heç ağlınızın ucuna da toxunmur kimi təsir oyadır. Elə yenə qadınlar etiraz edir, yenə qadınlar deyir.
Yenə qadın hüquqçular narahatdı. Biz nədənsə bu mövzularla mübarizədə kişi həmrəyliyi, yaxşı effektli münasibət görə bilmirik.
Siz də qadınlar kimi bir araya gəlib bu neqativ hadisələrə qarşı çıxa bilərsiniz. Erkəkcə bir şeylər düşünə bilərsiniz. Niyə etmirsiniz, bunu anlamıram.