Azərbaycan prezidenti:“Qondarma “Dağlıq Qarabağ” qurumunun heç bir gələcəyi yoxdur”

0
5
“Bu gün Ermənistan cəmiyyəti sarsıntı içərisindədir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün prioritet məsələdir”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev bu sözləri aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri status-kvonun dəyişməsinin vacib olduğunu vurğulayırlar: “Azərbaycan da status-kvonun dəyişməsini istəyir. Bütün bunlar isə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılması sayəsində baş tuta bilər Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub, danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü”.

Prezidentin sözlərinə görə, hər zaman mülki insanları hədəf alan Ermənistan aprel döyüşləri zamanı da eyni taktikadan çıxış edib: “Lakin onlar yanıldılar, heç kim öz evini tərk etmədi. Xalqımız mətin dayandı. Aprel döyüşlərində şəhid olanların xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Mən yaralı hərbçilərlə görüşü xatırlayıram. Onlar yaralı vəziyyətdə olmalarına baxmayaraq, yenə də sağalıb cəbhə xəttinə getmək arzusunda idilər. Xalqımız vahid amal ətrafında birləşib, bu da ərazi bütövlüyümüzün bərpasına əsaslanır. Qondarma “Dağlıq Qarabağ” qurumunun heç bir gələcəyi yoxdur. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.