Banklarının yeni kredit fırıldaqları
Bir neçə gün əvvəl Azərbaycanda manat və dollarla kredit verən bankların siyahısını dərc edilmişdi. Yazıda qeyd olunurdu ki, hazırda ölkədəki 44 bankdan yalnız 7-si həm milli, həm də xarici valyutada kredit ayırır. Bunlar “AGBank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Expressbank”, “Bank VTB Azərbaycan”, “Qafqaz İnkişaf Bankı”, “Naxçıvanbank” və “Rabitəbank”dır.
Banklardan 6-sı kreditləşməni yalnız manatla, 17-si isə yalnız dollarla həyata keçirir. Hər iki valyutada kredit verilməsini dayandıran bankların sayı isə 14-dür.
Manatla kredit götürərkən diqqətli olun…
Sözügedən yazıdan sonra bəzi banklar bildirdilər ki, onlar müştərilərə krediti həm manat, həm də dollarla verirlər. Biz də problemin aktuallığını nəzərə alaraq yenidən mövzuya qayıtdıq.
Məlum oldu ki, manatla müştərilərə kredit verən bankların faiz dərəcələrində əsaslı artım müşahidə olunur. Bankların bəzisi manatla krediti 32 , bəzisi isə 26, 28 faizlə verirlər. Eyni krediti dollarla götürmək istədikdə isə faiz dərəcələrinin aşağı olduğunun şahidi olduq.
Ölkə prezidenti göstəriş versə də…
Bu məqamda qeyd edək ki, vaxtilə dollarla kredit götürən istehlakçılar manatın bugünkü məzənnəsinə uyğun kredit borcunu ödədikləri üçün, ciblərinə əsaslı dərəcədə ziyan dəyib. Bu səbəbdən müştərilər fevralın 21-də manatın dollara nisbətən ucuzlaşmasını nəzərə alaraq, dollarla deyil, manatla kredit götürməyə üstünlük verirlər. Banklar isə insanların bu həssas vəziyyətindən istifadə edərək manatla kreditin faizini kəskin şəkildə artırıblar. Yuxarıda qeyd etdiyimiz kimi, manatın devalvasiyası prosesindən sonra onsuz da banklardan kredit götürən əhali təşvişə düşmüşdü. Bu gün isə üstəgəl bankların yenidən özlərini sığortalamaq məqsədilə manatla verilən kreditlərin faiz dərəcələrini qaldırması, təşviş içində olan əhalini daha da narahat edib.
Belə ki, Azərbaycanda manatın devalvasiyası prosesindən qabaq da bankların kredit faizlərinin yüksək olması barədə narazılıqlar var idi. Hətta bu problemin həll edilməsi ilə bağlı ölkə prezidenti də banklara göstəriş vermişdi.
Banklar bunu onunla əsaslandırırlar ki, Mərkəzi Bankın manatın devalvasiyası ilə bağlı məlum qərarından sonra kommersiya bankları üçün manatla kredit vermək böyük risk tələb edir. Ona görə də gələcəkdə özlərini sığortalamaq üçün manatla verilən kreditin faizini yüksək tutublar.
“Banklar manat üzrə kredit faizlərini artırıblar”
İqtisadçı ekspert Samir Əliyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycanda kredit faizlərinin əvvəllər də yüksək olmasını xatırladıb:
“Biznes kreditləri 16 faizdən, kreditləri isə 22 faizdən başlayırdı. Bu devalvasiyadan əvvəlki faiz dərəcələri idi. Əslində bankların bu addımı atması gözlənilən idi. Manatın dəyərdən düşməsindən sonra banklar manat üzrə kredit faizlərini artırıblar. Dollar üzrə kredit faizlərini isə sabit saxlayırlar, ya da azaldırlar. Eyni problem əmanətlərdə də müşahidə olunur. Manat üzrə əmanətlərdə faiz 12, 13, 14 faiz arasında dəyişir. Dollar üzrə isə əmanət faizləri xeyli dərəcədə aşağıdadır. Manatın bundan sonra da ucuzlaşmağa davam etməsi bankları özünü sığortalamağa vadar edir. Oxşar proses Rusiyada da müşahidə olunur.
Onu da qeyd edək ki, devalvasiyadan sonra manatın məzənnəsində ciddi ucuzlaşma yoxdur”.
İqtisadçının sözlərinə görə, problemin ikinci səbəbi banklarda manat qıtlığının yaranması ilə bağlıdır:
“Manat əldə etmək üçün banklar xeyli xərc çəkməli olur. Nəzərə alsaq ki, manatla əmanət qoyuluşunda da kəskin azalma müşahidə olunur. Belə olan halda Mərkəzi Bank proseslərə qoşulub bankları manatla təmin etməlidir”.
Sonda isə milli valyutada kredit götürmək istəyən müştərilərin diqqətinə çatdırırıq ki, banklara müraciət edərkən dollar və manatla kredit faizlərinin nə qədər olması barədə əvvləcə məlumatlı olsunlar, sonra isə hansı valyutada kredit götürmək istədiklərinə qərar versinlər.