Rəsmi idxal 26 dəfə artıb. 2015-ci ildə gömrük sənədlərində 63 min ədədə yaxın saat gətirildiyi bildirilirdi. Artıma səbəb heç də Azərbaycanda hamılıqca qol saatı taxmağa marağın yaranması deyil. Digər mal çeşidlərində olduğu kimi, əsasən, 2016-cı ildən bəri ölkə gömrüyündə saat idxalı da tam rəsmiləşdirilməyə başlanıb.
İlboyu gətirilən saatların yarıdan çoxunun (992.3 min ədəd) qiymətli metal korpusu olduğu göstərilir. Bununla belə, bu sayda saatın gömrükdə, vur-tut, 2 milyon 160 min dollara bəyan edilməsi sual doğurur.
Ötən il gömrükdən keçən qol saatlarına toplam 6 milyon 392 min 830 dollar qiymət qoyulub. Bu, bir il əvvəlkindən cəmi 3 milyon dollar çoxdur. Başqa sözlə, bir ədəd qol saatı gömrükdən 3.8 dollara, əvvəlki ildəkindən 14 dəfə ucuz keçib.
İSVEÇRƏ SAATLARININ ƏQRƏBLƏRİ NƏ GÖSTƏRİR?
İsveçrədən cəmi 11 min 456 ədəd qol saatı gətirilsə də (bir il əvvəl – 26.6 min ədəd), bunların toplam gömrük qiyməti 4 milyon 475 min dollar olub. İsveçrə saatlarının bir ədədinə Azərbaycan gömrüyündə, orta hesabla, 390 dollar – 2015-ci ildəkindən 278 dollar baha qiymət qoyulub.
İsveçrənin rəsmi orqanlarının Comtrade-ə (BMT-nin beynəlxalq ticarət statistikası bölməsinə) verdiyi rəqəmlər Azərbaycanın açıqladığı məlumatdan xeyli fərqlənir. Azadlıq Radiosunun bu məlumatlar əsasında apardığı təhlillərə görə, İsveçrə 2016-cı ildə Azərbaycana 10 milyon 135 min dollar dəyərində 12 min 367 ədəd qol saatı satıb. Bu saatların 337-si qızıl korpuslu olub və hər biri Azərbaycana, ortalama, 16 min 727 dollara satılıb.