Lalə Ramizqızı
Lamiyə, Maral və Aybəniz.
Bəri başdan qeyd edim ki, Aybəniz xanınım adını bu mövzuda hallandırmağım səbəbsiz deyil. İstəyirəm ki, onu unudulmağa qoymayaq. Axı, son aylar telekanlları Lamiyə və Maral Tahirqızı zəbt edib…
Aybəniz xanım bir çox mənada müqayisə olunmaz xanımdır. Sözün əsil mənasında xanımdır. Söhbət Reaspublikamızın əməkdar artisti Aybəniz xanım Haşımovadan gedir. Son dəfə incəsənət xadimlərinə fəxri adlar verildikdə, gözləyirdim ki, Aybəniz xanıma “xalq artisti” fəxri adı mütləq veriləcək. Axı, oturuşunu-duruşunu, danışığını bilməyən Aygün Kazımovadan daha çox haqq edir həmin adı Aybəniz xanım.
Söylənilənə görə, Aybəniz xanım hələ 70-ci illərin sonunda, mərhum Xeyransa Məmmədova və görkəmli sənətkarımız Nuriyə Hüseynova ilə birgə, Ümummili lider Heydər Əliyevin xeyir-duası ilə peşəkar olaraq müğənnilik sənətini seçib. 40 ildən artıqdır ki, Aybəniz xanım xalqın xidmətindədir. Qəlb oxşayan, məlahətli səsiylə yüz minlərin urəyini fəth edən gözəl xanım sənətkar, deyəsən, təkcə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin diqqətini cəlb edə bilməyib. Amma, bu da inandırıcı deyil…
Çünki Aybəniz xanım tək özüylə deyil, həm də minbir əziyyətlə öyrətdiyi yetirmələriylə qürur duyula biləcək xanımdır. “Evrovision” musiqi yarışmasında böyük uğur qazanmış Fərid Əhmədovun kimin yetirməsi olduğunu, məgər Mədəniyyət naziri bilmir?!
Təkcə yetirməsinin uğuru bəs edərdi ki, Aybəniz xanım ən yüksək fəxri adlara layiq görülsün. Dəfələrlə şahid olmuşuq ki, idamanda beynəlxalq uğur qazanmış idmançıların məşqçiləri fəxri adlarla, mükafatlarla təltif ediliblər. Demək, Aybəniz xanımın “dayı”sı yoxdur. Kim bilmir ki, bir çox sahələrdə “uğur” qazanmaq üçün ya “dayı” lazımdır, ya da ki, “sponsor”.
Aybəniz xanım son aylar heç telekanallarda da görünmür. Səbəbi məlumdur, çünki uzun zaman efiri Maral Tahirqızı zəbt etmişdi. Sanki el arasında deyildiyi kimi, Maralı sözün əsil mənasında “qurd” oynadırlar. Cəmiyyətə nə aşılamaq istəyirlər, bunu telekanal rəhbərlərindən soruşmaq lazımdır. Və sual etmək lazımdır ki, efirdə kimin görünməsi vacib idi, Maralın, yoxsa Aybəniz xanımın?
Aybəniz xanımın keşməkeşli taleyi çoxları üçün örnək ola bilər. Gənc yaşlarında əri şəhid olmuş xanım öz yaşam tərziylə barəsində artıq söz-söhbətin yaranmasına imkan verməyib. Necə deyərlər, müharibə belə onu dəyişə bilməyib.
Efir sahiblərindən biri ANS-in vitse-prezidenti Mirşahin Ağayevdir. Zaman-zaman əlində olan imkandan bəhrələnərək Azərbaycan xalqına “dərs” deməyi unutmur. Gah tarixdən, gah ədəbiyyatdan, gah da müharibədən söhbət açır. Yəni, bütün mövzularda danışmağı xoşlayır, Mirşahin müəllim. Son günlər Lamiyədən də söhbət açdı. Nədən danışdığını bir daha açıqlamaq əxlaqıma uyğun gəlmədiyindən, Mirşahinin peşəkarcasına toxunduğu tibbi “yenilik”lər barəsində söhbət açmayacağam. Məni 13 yaşında zorakılığa məruz qalmış, 15 yaşından həbsxana həyatı yaşamağa məhkum edilmiş Lamiyənin taleyi maraqlandırır. Çoxları deyir ki, həmin mövzunu KİV-lərə çıxarmaq lazım deyil. Bəli, bir çox mənada deyilənlərlə razıyam. Çünki çox gecikmişik… Düz on iki il gecikmişik. Şəmkir “tiranı” Aslan Aslanovun “qılıncı”nın həmin zaman dal-qabaq kəsdiyindən qorxmuşuq. Onun kirvəsi Səfər Əbiyevin erməni üstünə getməkdən daha çox, öz millətini əzməyə hazır olan tank-topundan ehtiyat etmişik. Faciəmiz elə o zaman baş verib.
Qardaş Türkiyə Cümhuriyyətində gənc bir qızın-Özgəcan Aslanın vəhşicəsinə, zorakılıqla qətlə yetirilməsinə necə etiraz edildiyini gördünüzmü, Mirşahin müəllim?! Biz isə daldan daş atırıq, özü də hara gəldi. Sizin atdığınız “daş” olsa-olsa Lamiyənin, bizim atdıqlarımız isə Aslan Aslanovla, Səfər Əbiyevin “topuğu”na dəyəcək. Geçikmişik, özü də çox gecikmişik. Artıq gec olsa da, mövzunun müzakirə olunması bu günümüz və sabahımız üçün hədsiz vacibdir. Aslan Aslanovla, Səfər Əbiyevin taleyindən narahat olmaq lazım deyil, cənab Mirşahin!Zaman-zaman cəmiyyətimizdə baş verən ədalətsizlikdən, özbaşınalıqlardan,qoluzorluqdan söhbət açmaq zəruridən də zəruridir.
ANS-in “Adam içində”-sində hər gün faciələrdən söhbət açılır. Dəhşətli hadisələr baş verir ölkəmizdə. Nədən…?Nədənini hamımız araşdırmalı, ən düz olanı ortaya çıxarmağı bacarmalıyıq.
Çətindir, çox çətindir…Bir məmləkətin telekanalları Aybənizi deyil, Maralı təbliğ etməyi, ortaya alimləri, görkəmli ziyalıları yox, “Həzrət” Sabiri çıxarırsa, özünüz vəziyyətimizi müəyyənləşdirin.
Ətəyini qaldırmaqla gündəmdə qalmaq istəyən Aygünə xalq artisti, 40 il Azərbaycan xalqın xidmət göstərmiş əsil xanıma-şəhid xanımı Aybəniz Haşımovaya biganəlik. Ədalətsizliyin nəticəsi əxlaqsızlıq, qanunsuzluq olar.
Lamiyənin taleyi hələ çox müzakirə olunmalıdır. Müəyyən etməliyik, kimdir günahkar; Lamiyəmi, qanunsuz məmur əməllərimi, yoxsa cəmiyyətimizin ətrafda baş verənlərə soyuqqanlılığı, biganəliyimi?!