Qəza!

0
13

Qəza!

(Əvvəli ötən saymızda)

Rahabla ustanın iki saatlıq əlbir çalışmasından sonra anten və peyk alıcısı tənzimlənmiş, sırası ilə Azərbaycan, türk, avropa və rus kanalları yığılmışdı. Daha sonra uşaqların istəyinə görə cizgi film kanallarını da türk kanallarının içərisində sıra ilə xəbər və idman kanallarının ardınca yığdılar. Əllərini yuyub süfrə arxasına əyləşdiklərində Rahab:
-Usta, yeməyimiz hazırdı, bir tikə çörək yeyək sonra çay içərik.
-Sağ ol, gedəsi yerim var, tələsirəm, elə bir çay içib gedəcəyəm.
-Bir tikə yemək yeyək elə gedərdin.
-Allah razı olsun, balalarının toyunda inşallah, indi tələsirəm.
Rahab Aydana səsləndi:
-Qızım, anana de, usta tələsir, tez bir çay gətirsin.
Aydan qapıya doğru qaçaraq tələsik həyətə çıxdı, çardağın altındakı mətbəxdə yemək çəkən anasına səsləndi:
-Ana, ay ana, atam deyir çay gətirsin, usta tələsir.
-Denən yeməyi çəkmişəm, gətirirəm.
-İstəmir, deyir usta tələsir, çay gətir!
-Yaxşı, sən gəl bunları apar, bunu deyib soyuducuya yönəldi, torbasından götürdüyü konfet və şokoladları qənd qabına qoyub digər tərəfdən də mətbəx mebelinin alt gözündəki yarımçıq mürəbbə şüşəsini çıxardı, ağzını açıb mürəbbə qabına mürəbbə qoyaraq qabların ikisini də təpsinin içinə qoydu, daha sonra masanın o biri tərəfində dayanan qızının önünə itələyib:
-Bunları apar icəri, mən də çayları süzüb gəlirəm.
Aydan:
-Yaxşı dedi və təpsini götürərək evə getdi.
İki dəqiqə sonra Rahabla usta önlərində buğlanan pürrəngi çayları söhbətə qızışmış, hansısa mövzuda mübahisə edirdilər. Xanımı və uşaqlar digər otaqda öz işləri ilə məşğul idilər. Natəvan övladları evdə-eşikdə geyinsinlər deyə əlindəki bizlə papış toxuyur, balacalar isə ertəsi günün dərslərini hazırlayırdılar. Rahabın səsləndiyini eşitdilər:
-Aydan, anana de çayları süzsün.
Aydanın yerinə Natəvanın səsi eşidildi:
-Bir dəqiqə, süzürəm. Natəvan bunu deyib əlindəki yarımçıq papışı yerə qoydu, bizi uşaqların əl-ayağına batmasınlar deyə hündür bir yerə qoyub onları da xəbərdar etdikdən sonra otaqdan çıxdı. Gəldiyində artıq çay gətirməyinə ehtiyac qalmadığını görüb Rahaba:
-Götürüm fincanlarınızı?
-Hə, götür, məndə ustanı yola salıb gəlirəm.
Həmin gün axşam Rahab televizoru uşaqların ixtiyarına verib xanımı ilə məişət qayğılarından, gündəlik məsələlərdən söhbət etdi. Axşam balacaların yatmaq vaxtı gəldikdə isə:
-Natəvan, apar bunları yatırt, deyib pultu götürdü, idman kanallarına çevirib Beşiktaşla bağlı son məlumatları öyrənə bilmək üçün xəbər axtarmağa başladı.
O, fanatic bir Beşiktaş tərəfdarı idi, təsəvvür edin ki, bu idman cəmiyyətinin sadəcə futbol komandası ilə bağlı yenilikləri izləməklə qalmaz, atletizmdən basketbola, üzgüçülükdən voleyboladək bütün şöbələrini təqib edər, vaxtının əl verdiyi ölçüdə rəsmi idman müsabiqələrinin heç birini qaçırmamağa çalışardı. İndi də gündüz işdə olduğundan adəti üzrə televizorun önünə keçən kimi öncə gün ərzində baş verən idman yeniliklərini öyrənmək istəyirdi. Ancaq xanımı onun bu arzusunu ürəyində qoydu:
-Oturduğun yerdə yuxulayırsan, dur get yat.
-Mən gedim yatım, sən seriallarına rahat baxasan? Elə şey yoxdu, keçəl suya getməz.
-Nə serialı, ay Rahab, gözlərin açılmır, dur yat, sabah yenə erkən qalxacaqsan.
-İndi duracam, Rahab bunu deyib xanımının üzünə baxdı, sifətində son vaxtlar olduğu kimi işgəncə çəkən insanların çəkdikləri əzab kuliminasiya nöqtəsinə çıxdığı zaman üzlərində yaranan acı bir təbəssümə bənzər ifadə var idi.
-Rahab, nə olub sənə?
-Heç bir şey yoxdu.
-Axır vaxtlar bir cürsən, nə olub sənə, niyə beləsən, bilmirəm ki.
Rahab başını aşağı saldı, bir neçə saniyə oynatdığı ayaq barmaqlarını seyr etdikdən sonra dərindən bir nəfəs alıb:
-Heç Natəvan, heç nə olmayıb.
Natəvan yaxınlaşıb ömür-gün yoldaşının yanında əyləşdi, başını onun çiyninə qoyub:
-Rahab, qurban olum, fikir verirəm sənə, axır vaxtlar bikef olursan, bəlkə mən bilmədən nəsə səhv eləmişəm, bilmədən xətrinə dəymişəm, ya başqa bir dərdin var?
-Yox, Natəvan, məsələ sənlik deyil, son vaxtlar sənin sözün olmasın üstümdə bir ağırlıq, nəsə bir sıxıntı var səbəbini özüm də bilmirəm, amma işdə də bütün gün beləyəm. O günü uşaqlarnan ordan-burdan danışırdıq, bir də görürəm ki, Rza deyir, Rahab, qardaş nə olub sənə, niyə belə fikirlisən, elə bil bu dünyadan əlini-ətəyini çəkmisən… Dedim yox əşi, nə fikri, nə əl-ətək çəkməsi, amma özüm də hiss edirəm ki, başımda nəsə qaranlıq var.
-Ağzından yel alsın, ay Rahab, elə demə, qorxuram. Natəvan bunu deyib, həyat yoldaşının qolunu qucaqlayaraq, nəmlənən gözlərini gizlətmək üçün başını yana çevirdi.
-Yerim hazırdısa, mən gedim yatım.
-Hə, açmışam, sən get yat, mən də gələcəm.
-Yenə nə işin var?
-Cücələrə dən verəcəm, bir də baxacağam görüm yerləri soyuq deyil ki. Bir-ikisi xəstələnib, qarnı gedir, bu gün dərman vermişəm, onlara da baxım görüm qırışıqları açılıb, ya yox.
-Yaxşı, sən get, məndə bir havaya çıxıram gedəm yatam.
-Gecən xeyrə qalsın.
-Sağ ol.
Rahab bunu dedikdən sonra otaqdan çıxan xanımını gözləri ilə izlədi. O, çıxıb qapını örtdükdən sonra isə qalxıb tənbəl-tənbəl gərnəşdi, sinəsini yumruqlayıb ağır addımlarla həyətə çıxdı, əllərini iki yana açıb dirsəkdən yuxarıya doğru qatlayaraq gərdirdi, ciyər dolusu bir nəfəs aldıqdan sonra dönüb geri- yataq otağına qayıtdı.
Günlər bir-birini əvəzləyir, Rahabdakı durğunluq və küsgünlük hər gün bir az daha artırdı. Onun bu halı əlbəttə diqqətcil yoldaşlarının, ən başda da xanımının gözündən qaçmırdı. Hər kəs onda gün keçdikcə artan bu halın səbəbini öyrənməyə çalışsa da, kimsə bir nəticə əldə edə bilmirdi, çünki heç Rahabın özünün də düşdüyü bu vəziyyəti açıqlayacaq cavabı yox idi. Bəzən xanımı ona bir müddətliyə də olsa məzuniyyətə çıxıb doğma rayonlarına getməyi təklif edir, bəlkə orda mənə demədiyi dərdini unudar deyə düşünürdü. Ancaq Rahab onun bu fikrinə qətiyyətlə qarşı çıxaraq; mənə yoldaşlarımın ehtiyacı var, işin-gücün bu vaxtı onları tək qoyub gedə bilmərəm deyirdi.
Payız axşamlarının birində yenə Rahab işdən gec gəlmişdi.Son vaxtlar olduğu kimi yenə də yorğun və halsız idi, amma bütün yorğunluğuna baxmayaraq evə girmədən öncə çəkmələrini yaxşıca təmizləyib cütlədi, üzünü çıxışa tərəf qoyub yanında dayanıb onu gözləyən xanımına:
-Qoy qalsın burda, hava vursun dedi.
Onun zabit gödəkcəsini saxlamaqda olan xanımı:
-Yaxşı, dəymərəm, gəl evə, soyuqdu, xəstələnərsən.
Rahab içəri keçən kimi çəkmələrinin üzünü tərsinə çevirib o da ardınca gəldi. Evdə kişinin ayaqqabılarının üzünü çölə tərəf qalmasının yaxşıya əlamət olmadığı haqqında qocalardan eşitdiyi söz yadına düşmüş içi ürpənmişdi, elə Rahabın çəkmələrinin üzünü də ona görə xəlvəti çevirdi ki, bir şey hiss etməsin. Çünki o bunu etdiyi zaman Rahab görsə səbəbini söyləmək məcburiyyətində qala bilərdi ki, bunu da qətiyyən arzulamırdı. İçəri girdiyi zaman Rahab köynəyinin düymələrini aça-aça ona döndü:
-Uşaqlar hanı?
-Yatıblar hamısı, bir Nihad oyaq qalmışdı, səni gözləyirdi, onu da elə indicə yuxu tutdu aparıb yatırdım yerinə. Sən nə əcəb gecikmisən belə?
-İşdəydim, Aydanla Şəbnur dərslərin hazırlayıblar?
-Hə, bu gün Aydanın müəlliməsi də hazırlığın pulunu istəmişdi göndərdim.
-Nə qədər göndərdin?
-Qırx manata danışmışdıq, elə o qədər də göndərdim.
-Barı bir şey öyrədə bilir?
-Hə, bir az irəliləyiş var.
Çoxdandı görüşmürlərmiş kimi bir neçə saniyə qarşı-qarşıya durub baxışdılar, daha sonra Natəvan:
-Yemək gətirim?
-Hə, acından ölürəm, nə bişirmisən?
-O gün kəsdiyin hinduşqanın döş ətindən küfte eləmişəm, günortadan da yemək qalıb, hansından istəyirsən, gətirim.
-Küftə gətir.
-Bu dəqiqə.
Xanımı cəld bir hərəkətlə evdən çıxdı, az sonra çardağın altındakı mətbəxdən qab-qacaq səsi eşidilməyə başlandı. O, əlindəki təpsidə yeməklə içəri girdiyi zaman Rahab da əynini dəyişib yüngül ev paltarında masanın arxasına keçərək əyləşməkdə idi. Xanımı qapıdan içəri girdiyi zaman ona:
-Evdə araq var idi, qalmayıb ki?
-Niyə qalmır ki, qalır… Bu evdə səndən başqa da içki içən var?
-Onu da gətir.
Təpsidəkiləri masanın üzərinə düzə-düzə:
-Rahab, bu gün rəngin də avazıyıb, nə olub sənə? Niyə demirsən? Biz ailə deyilik? Bilirəm ki, sənin nəsə dərdin var, amma heç kimə açıb demirsən, dünən telefonla danışırdıq, Ariz də soruşurdu səni, deyir gəlinbacı, qardaşım son vaxtlar yaman qəribə olub. Dedim, hə qardaş, heç mən də başa düşə bilmirəm onu…
-Yaxşı, get arağı gətir, deyəcəyəm nə olduğunu. Rahab bunu deyib, çörək diliminin kənarından qopartdığı balaca parçanı ağzına qoydu, küftənin suyundan bir qaşıq götürüb yeməyə başladı, ancaq ağzındakı sanki çörək deyil, daşmış kimi bir-iki dəfə taqətsiz hərəkətlə çeynədikdən sonra əlindəki qaşığı boşqabın kənarına qoyub, ağzındakı tikəsini udaraq sakitcə dayandı. Mətbəxdəki soyuducudan arağı gətirib gələn xanımı onu sakitcə oturub gözlərini önünə zilləmiş halda gördü, əlindəki içki şüşəsini və badəni masanın üzərinə qoyub:
-Hə, Rahab, qadan alım, indi de görüm nə olub?
-Gecikdin…
-Susdular, az sonra Rahab:
-Götür süfrəni, yemirəm.
Natəvan masanın üstündəkiləri təpsiyə qoya-qoya:
-Axı sən hinduşqa ətini çox istəyirdin…, niyə yemirsən? Heç olmasa çay gətirim.
-Gətir.
Az sonra ikisi də əyləşmiş, çaylarını içirdilər, Natəvan nəsə barədə danışmaq istəyir, uyğun mövzu axtarırdı, nəhayət nəsə tapmış kimi sevinərək:
-Nihadın toyunu nə vaxt eləyək?
-Qoy görək, rəhmətliyin ili çıxsın hələ…
Natəvan onun şəhid olan eziz dostunu nəzərdə tutduğunu bildiyindən yenə mövzunu dəyişmək ehtiyacı hiss etdi:
-O günü məktəbə getmişdim, Aydanın müəlliməsi çağırmışdı.
Rahab ona tərəf baxmadan:
-Nə məsələydi?
-Heç valideyn iclası idi, orda bilmirəm hardansa söz düşdü, Nihadı sünnət etdirməyimizdən danışmışam ölüblər gülməkdən.
-Müəllimələr?
-Yox e, nə müəlliməsi? Aydanın sinif yoldaşlarının anaları da orada idi, onlarla ordan-burdan danışırdıq, söz gəldi çıxdı kirvələrə, mən də Nihadı necə sünnət elətdirdiyimizdən danışdım, hamısının əli qalıb ağzında, bir gülüşürdülər ki, gəl görəsən.
-Mənə də de, mən də gülüm.
-Elə danışırsan ki, elə bil sən orda yoxuydun.
-Yenə də olsun, sən de, həm də eynən məktəbdəki qadınlara danışdığın kimi de.
Natəvan həyat yoldaşının üzünə baxdı, heç nə anlamamış kimi bir an duruxub qaldıqdan sonra Rahabın bu əhvalatı xatırlamaq, həm də onun dilindən eşidərək xatırlamaq istədiyini anlayıb sanki başqasına, heç xəbəri olmayan birinə danışırmış kimi anlatmağa başladı:
-Fevralın on ikisinde Rahab işe getməmiş, icaze alıb evdə qalmışdı. Hekayəsinin daha başlanğıcında onu gülmək tutdusa da, özünü ələ alıb davam etdi:
-Hə, nə deyirdim, Rahab evdə qalmışdı, səhər yeməyindən sonra mənə- uşağı hazırla, aparaq kəsdirək demədimi? Dedim, Rahab, qadan alım, elə ikimiz gedəciyik? Bəs kirvəsi kim olacaq? Dedi nə kirvə? Nə isə, Nihadı geyindirdim, Aydan məktəbdə idi, Şəbnuru da yolüstü məktəbə qoyub getdik Sumqayıta, xəstəxanaya. Orda cərrah Rahaba dedi ki, bəs uşağın kirvəsi hanı, gəlsin tutsun kəsim, Rahab da nə desə yaxşıdır? Həkim, kirvəni neynirsən? Kirvə elə anasıdır.
Daha artıq özünü saxlaya bilməyib gülməkdən uğunan Natəvan:
-Rahab, sən canın, elə danışa bilmirəm, mən artist zadam səninçün? Səhnədə dayanıb monoloq demirəm ki? Daha deməyəcəm, bu qədər bəsdi, deyib, zarafatca ayaqlarını yerə döydü.
Yaxşı, yaxşı əsəbləşmə… Rahabın dodaqlarında anlaşılmaz bir təbəssüm donmuş, yarıaçıq dodaqlarının arasından görünən ağappaq dişləri bir-birinə sıxılaraq qıcanmışdı.
Natəvan onun heç zarafat edəcək halda olmadığını görüb susdu, ayağa qalxaraq:
-Mən bir cücələrə baxım, dedi.
-Hə, bax, sonra da yerimi aç, yatacam.
-Yaxşı, istəyirsən birinci yatağını rahatlayım.
-Yox, işində ol.
İki dəqiqə sonra cücələrinə baş çəkib qayıdan Natəvan:
-Gəl, yerini açıram.

Ardı var…
Zaur Muradxanlı

My Webpage

LEAVE A REPLY