Aslan Aslanovla Səfər Əbiyevin “Lamiyə əməliyyatı”…
Polkovniki kim həbs etdirmişdi?
Şəmkir rayonunun İcra hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun oğlunun qətlə yetriməsiylə bağlı yeni təfərrüatlar ortaya çıxmaqdadır. Həmin qətli törətməkdə suçlandırılan Vüqar Əliyevin Qobustan qapalı həbsxanasında üçüncü şəxsin adından yazdığı hekayə bir çox məqamlara aydınlıq gətirsə də, sabiq başçının qısasçılığı sayəsində daha çox günahsız insanın həbsə məruz qalmasıyla bağlı məlumat almışıq.
Bir çox KİV-lər A.Aslanovun 2003-04-cü illərdə oğlu Ruslanın qətlində günahlandırılan Lamiyə Quliyeva və onun keçmiş nişanlısı Vüqar Əliyevin əksər qohum-əqrəbalarının müxtəlif müddətlərə həbsxanalara saldırıb, işkəncəyə məruz qoymasından ətraflı məlumat yaya bilib. Lakin, bu hələ qanunsuzluqların hamısı deyilmiş.
“Millətim”in baş məsləhətçisi Ramiz Tağıyevin söhbətlərindən aydın olub ki, qətllə bağlı “araşdırma”larda A.Aslanovun kirvəsi, sabiq Müdafiə naziri Səfər Əbiyev də iştirak edibmiş. Ramiz bəy hətta indi ömürlük həbs cəzası çəkən V.Əliyevin atası İbrahim İsmayılovla 16 saylı cəzaçəkmə müəssisəsində birgə cəza çəkdiklərindən də söhbət açdı:”Bizi hətta cəza çəkdiyimiz müəssisəslərdə də rahat buraxmırlar. 2005-ci ilin mart ayında cəza çəkdiyim 2 saylı cəzaçəkmə müəssisəsindən 16 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdüm. Qeyd edim ki, həbsxana həyatı yaşamağa məhkum edilmişlərin xoşlanmadığı əsas anlardan biri qəfil “etap”a-köçürməyə məruz qalmaqdır. Vüqarın atası İbrahim kişiylə 16 saylıda tanış olduq. Yüksək əxlaqlı, intizamlı, sakit bir insandır. Üstündə daima xüsusi nəzarət olduğundan ehtiyatlı davranmağa məcbur idi. Görüşüb, dərdləşirdik. Onun ailəsinin başına gətirilmiş faciəni dinləmək belə çox ağırdı. İbrahim kişi ilə söhbətlərimdən müəyyən etmişdim ki, o da, oğlu Vüqar da tam günahsız həbs ediliblər. 2005-ci ilin yayında azadlığa çıxdıqdan sonra Vüqarın, İbrahim kişinin başına gətirilmiş müsibətlər barədə ətraflı yazıb bir çox KİV-lərə təqdim etsəm də, səhifələrinə çıxarmaqdan imtina etdilər. Yalnız, indi həbsxana həyatı yaşamağa məhkum edilmiş “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyev həmin yazını rəhbərlik etdiyi qəzetin səhifəsinə çıxardı.”
Ramiz bəy həbslərdə olduğu müddətdə A.Aslanov və sabiq Müdafiə naziri S.Əbiyevin həbsxanalara “ezam” etdirdiyi bir çox günahsız insanla rastlaşdığını da qeyd etməyi unutmadı: “2004-cü ilin aprel ayında saxlanıldığım Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından məşhur “Bayıl” həbsxanasına köçürüldüm. Orada da A.Aslanovla S.Əbiyevin günahsız dustaqlarıyla tanış oldum. Polkovnik Təbriz Dadaşovu cinayətkarlar sırasında görmək çox ağır idi. O, Bakıda yerləşən hərbi hissələrdən birinin komandiri olmuşdu. Əlbəttə, mənim üçün də çox maraqlı idi ki, görəsən, polkovnikin A.Aslanovun oğlunun qətli ilə nə əlaqəsi olub? Ümumiyyətlə, polkovnik təbiətcə elə insan idi ki, kimsəyə pislik edə bilməzdi. Onun həbs edilməsinin səbəbi guya, polkovnik A.Aslanovun oğlunun qətlində suçlandırılan V.Əliyevin qohumlarından birini məzuniyyətə buraxıb. Əslində isə polkovnikin həmin məzuniyyətdən xəbəri olmayıb. Belə ki, tabeliyində olan zabitlərdən biri Vüqarın qohumunu iki günlüyə evə buraxıbmış. Məzuniyyətə buraxılmış qohumun qətllə bağlılığı olmayıb. Sadəcə olaraq A.Aslanov Vüqarın, Lamiyənin bütün qohumlarından intiqam almaq istəyib. Polkovnikin həbsindən açıq-aydın görünür ki, ona həmin “işdə” kirvəsi Səfər Əbiyev də “kifayət qədər” yardım edə bilib. Polkovnikə dəyən zərbə təkcə bu idimi? Əfsuslar olsun ki, yox! “Bayıl”ın 101 saylı “kamera”sında saxalanıldığımız zaman daha ağır səhnəyə şahidlik etməli olduq. Günlərin birində polkovnik T.Dadaşovla söhbətləşirdik ki, “kamera”nın qapısı açıldı. Axşam saat 8 olduğundan təəccübləndik. Çünki həmin saatlarda “kamera”ların dəmir qapıları təsadüfi hallarda açıla bilərdi. Qapı açıldıqda içəri ucaboylu, görkəmindən ziyalılığı bəlli olan bir şəxs daxil oldu. Polkovnik onun qardaşı olduğunu söylədikdə sevindim. Düşündüm ki, yəqin imkanlı, səlahiyyətli şəxs olduğundan polkovnikin azad olunmasına nail olub və onu azadlığa çıxarmaq üçün axşam saatlarında “Bayıl”ın qapısını açdırıb. Təəssüf ki, belə olmadı. Polkovnikin qardaşını da A.Aslanov və kirvəsi S.Əbiyev “Bayıl”a “ezam” edə bilmişdilər. Onun da həbs edilməsinin motivi hədsiz gülməliydi. Xatırlayırsınızsa, 2003-cü ildə Lənkəran şəhərində bina uçmuşdu. Polkovnikin qardaşı boya biznesiylə məşğul olduğundan, həmin binanın rənglənməsində onun satdığı boyalardan da istifadə edilibmiş. İndi özünüz düşünün, binanın uçmasına boya səbəb ola bilərdimi? Təsadüfi deyildi ki, hər iki qardaşı 7 il 6 ay həbs cəzasına “layiq” görmüşdülər. Polkovnik və qardaşı ilə sonradan 2 saylı cəzaçəkmə müəssisəsində birgə cəza çəkməli olduğumuzdan onların günahsız olaraq əzab çəkdiklərinin şahidi oldum.”
Ramiz bəyin vediyi məlumatdan görünür ki, A.Aslanov və S.Əbiyevin qisasçılıq zəminində cəzalandırdıqları insanların siyahısı hələ çox uzanacaq: “Təəssüf ki, həbsxanalarda günahsız cəza çəkən xeyli insan var. Onların əksəriyyəti imtiyazlı şəxslərin sifarişiylə həbs ediliblər. Özlərini hüquq müdafiəçisi adlandıranların həmin şəxslərin talelərinə biganə qalmalarına təəccüb edirəm. Çalışacağam ki, zaman-zaman günahsız məhkum həyatı yaşamış və indi də yaşayan insanlar barəsində ətraflı məlumat verim.”
Turan Türk