“Zaminbank”, yoxsa zalımbank?

0
7

“Zaminbank”, yoxsa zalımbank?
“Zaminbank” şəhid ailəsinin üstünə “tank”la gəlir.

Ölkə banklarındakı vəziyyəti hər kəs bilir. Kredit faizlərinin yüksəkliyi barədə dəfələrlə ölkə prezidenti cənab İlham Əliyev də münasibət bildirib. İnkaredilməz faktdır ki, banklarla kredit müqaviləsi bağlayan əksər ölkə vətəndaşı acınacaqlı duruma düşür və nəticədə girov qoyduğu əmlakını itirir. Araşdırmalar təsdiq edir ki, son illərdə minlərlə vətəndaş bankalar tərəfindən müflis edilmiş, evsiz-eşiksiz, taleyin ümidinə buraxılmışdır.
Eşitdiklərimə bir o qədər inana bilmirdim. O günə qədər ki, şəhid olmus dostum Əliqulu Ağayevin ailəsi “Zaminbank” tərəfindən Abşeron rayon məhkəməsinə çəkilib, şəhid ailəsinin evinin hərraca çıxarılması barədə qərar qəbul edilməsinə şahid oldum. Bu barədə məlumatı şəhid Əliqulunun ömürgün yoldaşı Səadət xanımdan eşitdikdə xeyli təəccübləndim. Görəsən, Zaminbank başqa çıxış yolu tapa bilməyib? Axı, Səadət xanım kredit borcunu ödəməkdən imtina etmir, sadəcə olaraq borcu ödəmək üçün bankdan müddətin uzadılmasını xahiş edib. Necə deyərlər, “Zaminbank”ın Binəqədi filialının rəhbərliyi isə şəhid ailəsinin göz yaşlarına inanmaq istəməyib. Yaranmış problemi aradan qaldırmaq bir o qədər çətin deyilmiş. Görünən odur ki, “Zaminbank”ın rəhbərliyinin gözü şəhid ailəsinin yeganə sığınacaq məkanı olan mənzilə düşüb. Bunu müəyyən etmək bir o qədər çətin deyil, sadəcə olaraq bir azca zaman ayırıb, araşdırma aparmaq kifayət edir.

Şəhid ailəsi krediti nə üçün götürüb?

Əliqulu Ağayev 1992-ci ilin may ayının 20-də Naxçıvanın Sədərək rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Həyat yoldaşının şəhid olduğu barədə qəfil xəbərdən Səadət müəllimə iflic olub və II qrup əlildir. Ataları şəhid olanda övladları İlkinin 13, Elnurun isə 12 yaşı olub. Ailə ağır günlər yaşayıb. Səadət xanım etiraf edir ki, indi şəhid ailələrinə dövlət qayğısı yüksək səviyyədədir: “Əvvəllər belə deyildi. Şəhid ailəsi üçün verilən dövlət təzminatı az olduğundan, əlilliyimə baxmayaraq çalışmalı olurdum. Ölkə prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə diqqəti və qayğısı sayəsində yaşayış səviyyəmiz xeyli yüksəlib. Əvvəlki evimizdə yaşamaq çox çətin idi. Hər iki oğlum ailə həyatı qurub, övlad sahibi olsalar da, 9 nəfəlik bir ailəylə ikiotaqlı, uyğunsuz evdə yaşamağa məcburduq. 2011-ci ilin mart ayının 8-də cənab İlham Əliyev Xırdalan şəhərində şəhid ailələri üçün tikilmiş mənzillərdən birini bizə ayırdıqda sevincimizin həddi-hüdudu olmadı. Digər bir problemimiz də ali təhsilli iki oğlumun işsiz olması idi. Açıq söyləyim ki, həmin problemi özümüz həll etmək istədik. Oğlum Elnur həm də sürücülüyü bacardığından iritonnajlı yük maşını alıb, ailəmizin ehtiyaclarını ödəməyi planlaşdırdıq. Bu məqsədlə iki bankla razılaşmaya nail olduq. Bu gün bizi məhkəməyə verib, Abşeron rayon məhkəməsinin çıxardığı prezidentin qərarla bizə verdiyi evi əlimizdən almağa çalışan “Zaminbank”dan 28 min 500 manat kredit götürdük. Sirr deyil ki, kredit bizə rüşvətsiz verilmədi. Zaminbankın Binəqədi filialının Şahin adlı məsulu oğlum Elnurdan 3 min 500 manat rüşvət almışdı və söz vermişdi ki, əgər iki il ərzində krediti ödəyə bilməsək ödəmə müddətinizi bir neçə il də artırılmasına yardım edəcək. Aldığımız pulun 21 min manatını ilkin olaraq aldığımız “SHACMAN” maşını üçün ödəyib, əlavə olaraq “Muğanbank” ASC-nin “İNVEST” filialından 24 ay müddətinə 52 min manat kredit almalı olduq. Belə ki, “SHACMAN” markalı ağırtonnajlı avtomobilin kreditlə qiyməti təxminən 83 min manat civarında idi. Oğlum inanırdı ki, maşınla gecə-gündüz çalışıb kreditləri ödəyə biləcək. Əslində vəziyyət heç də “Zaminbank”ın iddia etdiyi qədər acınacaqlı deyildi. “Muğanbank”dan 2 il müddətinə götürdüyümüz 52 min manat kredit borcunu bir il üç ay ərzində ödəyə bildik. Üstümüzədən ağır bir yükün götürlüdüyünü düşünürdük ki, “Zaminbank” üstümüzə tank-topla” gəlməyə başladı. İki il ərzində həmin banka 20 min manata yaxın faiz borcu ödəsək də, bank vəziyyətimizi nəzərə alıb, kreditin ödəmə müddətini uzatmaq istəmədi”.

“Zaminbank”ın Abşeron rayon məhkəməsi ilə anlaşması olubmu?

Səadət xanım danışdıqca xəyalımda şəhid Əliqulunu canlandırdım. Hədsiz vətənpərvər idi. Hər kəsə yardım əli uzatmağa çalışırdı. Məhz onunla 1992-ci ilin may ayının 14-də mühüm bir iş üçün Bakıya səfər etmişdim. Heç yadımdan çıxmır, bir neçə gün sonra Əliqulu həyəcanla mənə Sədərəkə düşmənin hücum etməsi xəbərini söylədi. Ona narahat olmamağı məsləhət bilib,- Qulu “batalyon”umuz ordadır, biz də işimizi yekunlaşdırıb sabah dönərik, demişdim. Mənimlə razılaşsa da, dözməyib elə həmin gün Naxçıvana qayıtmış və birbaşa döyüş meydanına atılmışdı. Naxçıvana döndüyümdə Əliqulunun ağır yaralandığını və şəhər xəstəxanasına yerləşdirildiyi xəbərini eşitdim. O zaman Naxçıvan Ali Məclisinin sədri olan böyük dövlət xadimi Heydər Əliyev onu xəstəxanada ziyarət edib, müalicəsi üçün Türkiyə Cümhuriyyətinə göndərmək istəmişdi. Ancaq amansız ölüm buna imkan verməmişdi. Mənə isə dostumu ziyarət etmək qismət olmadı. Culfadan Naxçıvana getdiyim zaman Əliqulunun cənazəsini son mənzilə yola salan avtomobil karvanıyla qarşıladım…Təbii ki, Əliqulu həyatda olsaydı onun ailəsi belə problemlərlə heç bir zaman qarşılaşmazdı. Zəhmətkeş, qoçaq insan idi…
Səadət xanım söhbətinə davam edib, Abşeron rayon məhkəməsinin hakimi İlham Kərimlinin onları aldatdığından söhbət açdı: “Bizi bircə dəfə məhkəməyə dəvət edib, cənab İlham Əliyevin ailəmizə hədiyyə verdiyi mənzilin hərraca çıxarılması barədə qərar çıxardılar. Mən məhkəmədə etiraf etdim ki, kredit borcumuz var və həmin borcu mütləq ödəyəcəyik. Yeganə xahişim o oldu ki, ödəmə müddətini artırsınlar. Axı biz krediti ödəməkdən imtina etsəydik, “Muğanbank”a 52 min manat borcumuzu ödəyərdikmi? Üstəlik də “Zaminbank”a 20 min manata yaxın faiz borcu ödəmişik. Özünüz fikirləşin, iki il ərzində 72 min manatı ödəməyə nail olan ailə, “Zaminbank”ın 24 min manatını ödəməkdən imtina edərmi? Təəssüf ki, hakim İ.Kərimli bunları nəzərə almayıb, birmənalı olaraq bankın mənafeyini müdafiə etdi. Bank əməkdaşlarına dəfərlərlə müraciət etdim ki, siz bizdən aldığınız pulu yenidən kimlərəsə kredit verməyəcəksiniz? Cavab verdilər ki, verəcəyik. Dedim, elədirsə, onda bizimlə müqaviləni yeniləyib, müddəti artırın və həmin kredit faizini bizdən alın. Söz versələr də, sözlərindən qaçdılar. Hiss etdim ki, yeganə məqsədləri evimizi əlimizdən almaqdır. Təsəvvür edirsinizmi, Abşeron rayon məhkəməsinin 12 iyun 2014-cü il tarixli, evimizin hərraca çıxarılması barədə çıxardığı qətnaməni 2015-ci ilin yanvar ayının 7-də bizə təqdim ediblər. Səbəbini bilmirik və heç gözləmirdik ki, hakim İ.Kərimli belə qətnamə çıxaracaq. Böyük ehtimalla “Zaminbank” hakimlə “anlaşa” bilib.”

“Zaminbank”ın Binəqədi filialında nələr gördüm?

Səadət xanımın xahişini nəzərə alıb, oğlu Elnurla birgə “Zaminbank”ın Binəqədi filialına getdim. Orada özünü filialın müdiri kimi təqdim edən Şahin adlı şəxs və digər bir bank əməkdaşıyla xeyli müzakirədən sonra, problemin həll yolu barədə razılaşmaya gələ bildik. Razılaşmaya əsasən yanvar ayının axırına qədər 2400 manat faiz borcunu ödəməli, kreditin ödəmə müddətini isə ayda 628 manat olmaqla 3 il artırmalıydı. Çox sevinmişdim. Şəhid ailəsinin işinə yardım edə bildiyimdən məmnun olmuşdum…
Razılaşdığımız kimi yanvar ayının 30-da 2400 manat toplayıb “Zaminbank”ın Binəqədi filialına getdik. Kaş getməyəydik…Özünü filial müdiri kimi təqdim edən Şahin adlı şəxsin sifəti tamamilə dəyişmişdi. Bu dəfə görüşdüyümüz kabinetdə bizi sanki “rinq”ə çıxacaq rəqib boksçular kimi qarşıladılar. Şahin 2400 manatı dədikdən sonra, on gün müddətində əlavə 15 min manat gətirməyimizi tələb etməyə başladı. Ona 10 gün əvvəlki anlaşmamızı xatırlatdıqda “O gün belə idi, bu gün belə. Ya dediyimizi edəcəksiniz, yada ki, üzüsulu mənzili boşaldın. Yoxsa gəlib atacaqlar eşiyə”-dedi. Elnur ağzını açıb danışmaq istədikdə Şahin “kəs səsini maşennik, lazım gəlsə səni içəri basdıracağam” ultimatumunu verərək, ətrafında topladığı idmançı cüssəli cavanlara onu götürüb eşiyə atmaq göstərişini verdi. Həmin qolbəyilər bir an içində arıq cüssəli şəhid övladını sözün əsil mənasında eşiyə tulladılar. Əsəbimdən dil-dodağım qurumuşdu. Ömrümdə bəlkə ilk dəfə bu cür ədəbsizliklə, yekəxanalıqla qarşılaşırdım. Təsəvvür edirsinizmi, mən etiraf edirəm ki, heç bir zaman belə qudurğanlığın şahidi olmamışam.
Gördüklərim azmış kimi, təxminən 50-55 yaşlı bir qadın da peyda olub rusca şəhid oğlunun arxasınca ən ağır söyüşləri yağdırmağa başladı. Həmin qadına Elnurun şəhid övladı olduğunu xatırlatdıqda, rusdilli olduğunu nümayiş etdirərək “mne ne nujen vaş voyna i şehidi” deyərək, əlini yelləyib kabinetinə girdi. Ancaq həmin dəqiqə yenidən bizə yaxınlaşıb “gedin şəhid arvadına deyin ki, getsin prezident və birinci xanım onlara kömək etsin” deyə bağırdı. Səsindəki istehzanı başa düşmək mümkün deyildi və nəyə işarə vurduğunu təxmin etdim. “Ruskoyazıçnı” qadın Səadət xanımın ölkənin birinci xanımına müraciət etməsindən hiddətlənibmiş. Səadət xanım həmin müraciətində kimdənsə şikayət etməmiş, Mehriban xanım Əliyevadan da kreditin ödəmə müddətinin uzadılmasına yardım etməsini xahiş etmişdi. Ölkənin birinci xanımı müraciətə hörmətlə yanaşmış, Respublikanın Mərkəzi Bankına şəhid ailəsinin problemini həll etməyi tövsiyyə etmişdir. Əfsuslar olsun ki, Mərkəzi Bank 26 yanvar 2015-ci il tarixli məktubuyla Səadət xanıma onlara heç bir yardım göstərə bilməyəcəklərini, problemin həlli yolunun məhkəmələrdən keçdiyini bildirib. “Zaminbank”dan kor-peşman Səadət xanımgilə qayıtdım. Təəssüf ki, bəd xəbərlə qayıtmışdım…

“Yaxşı ki, Azərbaycanın İlham Əliyev kimi prezidenti, Kəmaləddin Heydərovtək naziri var”

Səadət xanım göz yaşını saxlaya bilmirdi. Yaşı 70-ə çatmış qadının övladı, nəvəsi ilə birgə evsiz-eşiksiz yaşamasının mümkünsüzlüyünü bilməmiş deyildi. “İnanın ki, ölkənin prezidenti cənab İlham Əliyev olmasaydı, gedib xarici səfirliklərdən sığınacaq istəyərdim. Cənab prezidentin qayğısını, diqqətini qiymətləndirməmək nadanlıq olar. Bir il bundan öncə Xırdalanda qəbul keçirən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşə bildim. O, bizə əvəzsiz köməklik göstərdi. Ona dua etdiyimdə etiraz edib, “Səadət müəllimə, siz ölkə prezidentinə sağ ol deyin, biz cənab prezidentin göstərişlərini yerinə yetiririk”-dedi.”
Səadət xanım bunu söyləyərək, göz yaşlarını saxlaya bilmədi. Onu narahat edən məqam o imiş ki, ölkənin prezidenti, nüfuzlu naziri vətəndaşlara diqqət və qayğı göstərsə də, “Zaminbank”a yığışmış bir qrup dələduz hətta şəhid ailəsini aşağılamaqdan çəkinmir.
Etiraf edim ki, baş verənlərin “şok”unu yaşamaqdaydım. Səadət xanıma yalnız bir köməyim olub; vəkillə danışıb, Sumqayıt Appelyasiya məhkəməsinə müraciət etmişik. Nəticəsi necə olacaq, bunu da söyləyə bilmərəm. Ancaq onu söyləyə bilərəm ki, Səadət xanımın ailəsinə həqiqətən dəstək vermək lazımdır. Onun ailəsinin başçısı bizlərin, müqəddəs Vətənimizin uğrunda həyatını qurban verib. Görəsən, Əliqulu Ağayev yaşasaydı, ailə bu problemləri yaşayardımı?
Həmin sualın cavabını özüm vermək istəyirəm. Nə qədər ki, “Zaminbank”a yığışmış kimi zalım insanla var, nəinki Səadət xanım, bütövlükdə Azərbaycan xalqı problemlərdən qurtula bilməyəcək.

Ramiz Tağıyev

LEAVE A REPLY