Ramiz Tağıyev: “Təbii ki, bunu yalnız alqışlaya bilərik”
İran prezidenti Həsən Ruhaninin ötən ilin sonlarında Ermənistana etdiyi səfərin erməni mətbuatında geniş işıqlandırılmamasının səbəbi bəlli olub. Həsən Ruhani ermənilərin çox şey umduğu görüş öncəsi onlara əsl şok yaşadıb.
“Armenianreport” xəbər verir ki, səfər hazırlıqları ərəfəsində İran prezidentinin administrasiyası erməni tərəfinə müraciət edərək, səfər zamanı qondarma “soyqırım” abidəsi ziyarətinin protokoldan çıxarılmasını istəyib. Beləliklə, İran prezidenti sözügedən abidəni ziyarət etməyib və təbii ki, onun qarşısında baş əymək zorunda da qalmayıb. Sayt yazır ki, ölkə ictimaiyyəti İran prezidentinin bu hərəkətini “ermənilərin milli ləyaqət hissinə vurulan şillə” kimi qəbul edib. Məsələ burasındadır ki, aprel müharibəsindən sonra Qarabağ münaqişəsinin özünə sərf edən şəkildə həll olunacağı məsələsində Rusiyadan əlini üzən Ermənistan son dövrlər üzünü İrana çevirməklə, onu özünə arxa olaraq görürdü. Üstəlik, Türkiyə-Rusiya münasibətlərində buzların tamamilə əriməsi düşmən ölkəni kənarda özünə dayaq axtarmağa sövq edirdi. Bu mənada İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri orada böyük həyəcanla gözlənirdi. Sözügedən səfərdən cəmi bir neçə gün öncə İsrail baş nazirinin Azərbaycana səfəri və bu ölkənin rəsmi Bakı ilə silah alış-verişinə dair sənəd imzalaması bu həyəcanı bir qədər də artırırdı. Bütün bunlardan sonra Ruhaninin bu ölkədə ehtiyatlı mövqe sərgiləməsi isə bu həyəcanı məyusluqla əvəz edib.
Sayt ona da diqqət çəkir ki, İran prezidenti Qarabağ münaqişəsindən danışarkən ümumi sözlərdən istifadə edib, Dağlıq Qarabağı “respublika” adlandırmayıb. Bu isə Ermənistanda qıcıq yaradıb. Bildirilir ki, Həsən Ruhani bununla “Azərbaycanın xətrinə dəymək istəməyib”. Bütün baş verənlərə görə prezident Sarkisyanı qınayan sayt sonda onu “üzünə tüpürülərkən “yağış yağır” deməkdən vaz keçməyə” çağırır.
İran prezidentinin erməniləri məyus edən davranışına necə münasibət bəsləmək olar?
Siyasətçi Ramiz Tağıyev Ruhaninin Ermənistandakı bəzi davranışlarını normal sayır:
“Yaxşı olardı ki, İran Ermənistanla bağlı ümumiyyətlə fərqli siyasət yürüdə idi. İran prezidentinin Ermənistana səfəri də fərqli zamana təsadüf etdi. İsrailin baş nazirinin Bakıya etdiyi səfərə etiraz bildirən İranın dövlət başçısı dərhal İrəvana getdi. Təbii ki, İranın Ermənistana yönəlik loyal davranışı bizim ölkədə birmənalı qarşılanmır. Bu, dini cəhətdən də doğru deyil. Çünki onlar müsəlman olan bir ölkənin torpaqlarını işğal edib, əhalisinə divan tutublar. Ona görə dini aspektdən yanaşıram ki, İran teokratik bir ölkədir. İrəvana səfər edən dövlət rəsmiləri, protokola uyğun olaraq, qondarma “soyqırım” abidəsini ziyarət edir. Ancaq İran prezidenti həmin detalı əvvəlcədən protokoldan çıxartdırıb. Təbii ki, bunu yalnız alqışlaya bilərik. Amma bir daha təkrar edirəm ki, hazırda Ermənistanın İrana böyük ehtiyacı var, Tehranın onlara yox. Bu baxımdan da İran Ermənistana haqq yolunu qəbul etdirmək üçün bir qədər təzyiqlər edə bilər. Bu bizi lap sevindirər”.
Məhəmmədəli QƏRİBLİ