Ramiz Tağıyev:”Təcilli tədbirlər görülməsə, kosmetik işlərlə xalqı aldatmaq daha mümkün olmayacaq.”

0
5

“Durum gündən-günə pisləşir”

Ramiz Tağıyev:”Təcilli tədbirlər görülməsə, kosmetik işlərlə xalqı aldatmaq daha mümkün olmayacaq.”

Qışın ölkə əhalisinə yaxşı heç nə vəd etmədiyini proqnozlaşdırmaq çətin deyil. Qiymətlərin bahalaşması gündəlik qayğıları çoxaldıb. İşsizlik, maaşların azlığı ölkə əhalisinin müzakirə mövzusuna çevrilib. Necə olacaq sualı hər kəsi düşündürməkdədir. Millətim.info həmin sualı Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyevə ünvanlayıb.

O, durumun çətin olduğunu, ancaq vəziyyətdən çıxış yollarının oldugunu söyləyib:”Biz,daha mürəkkəb zamanlarda rəhbər vəzifələrdə çalışdıq. Blokada şəraitində olan Culfa rayonunu idarə edirdim. Problemlər içində sıxılırdıq. Gecələr yuxusuz qalırdım. İşıq, çörək, su çətinliyi yaşayırdıq. Mümkün imkanlardan istifadə edib, İrandan elektirik xətti çəkdirdik. Barter üsulu ilə elə oradan çörək gətirməyə nail olduq. Ardınca iki Culfa arasında müştərək bazar yaratdıq. Yüzlərlə iş yeri açıldı. Ərzaq qıtlığı aradan qalxdı. Təəssüf ki, həmin bazar sonradan fəaliyyətini dayandırıb.”

Ramiz Tağıyev insanlara sərbəst ticarət imkanları yaradılmasının vacib olduğunu vurğulayıb: “İnsanlara sərbəst ticari münasibətlər yaratmağa şərait yaradılmalıdı. Bu baxımdan qonşu ölkələrlə-Rusiya, Gürcüstan, Türkiyə və İranla sərhəd bölqələrində azad müştərək bazarlar yaradılmalıdı. Əlbəttə, bu monopolistlərin mənafeyinə uyğun gəlməyəcək. Ancaq ölkədə qiymətlərin düşməsinə ciddi təsir göstərəcək. İstehsal sahələri yaradılmalıdır ki, istehsal olunmuş məhsullar dünya bazarına yol açsın. Pambığı ərsəyə gətirib, ondan parça edə bilmiriksə hansı inkşafdan danışmaq olar? Uşaq üçün lazımlıq, pampers və digər ləvazimatlar xaricdən gətirilir. Təkliflərim çoxdur və qətiyyətlə söyləyə bilərəm ki, tez bir zamanda vəziyyəti düzəltmək mümkündür. Ancaq nə yazıq ki, bu iqtidar bizə düşmən kimi baxır, mövqeyimizi də təxribat kimi qiymətləndirir. Təcilli tədbirlər görülməsə, kosmetik işlərlə xalqı aldatmaq daha mümkün olmayacaq.”

Nicat