“Bu, ciddi psixoloji təsiri ola biləcək çox səhv addımdır” –Mərkəzi Bankın dollar köçürmə qadağasına reaksiyalar

0
4

Mərkəzi Bank “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nı təsdiq edib.

Yeni qaydalara əsasən, bank hesabı açılmadan Azərbaycan daxilində və ölkədən kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər.

Rezident və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hesabı açmadan xarici valyuta vəsaitlərini bir əməliyyat günü ərzində 1 000 ABŞ dolları, ay ərzində isə 10 000 dollar ekvivalentinədək məbləğdə köçürə bilər.

Məsələylə bağlı iqtisadçı ekspert Natiq Cəfərli musavat.com-a bildirib ki, hələlik bank hesabı olmadan pul köçürmələrə müəyyən limitləşmə gətirilir:

“Əslində bu, ciddi psixoloji təsiri ola biləcək çox səhv addımdır. Çünki iş adamları ümumiyyətlə, xarici investorlar üçün hər hansı bir seqmentdə valyuta əməliyyatlarına qoyulmuş məhdudiyyətlər çox pis bir mesaj kimi yozulur. Bu qaydanın tətbiq olunması ən azından gələcəkdə ölkədən valyuta çıxarılması üçün pul köçürmələrinin daha da sərtləşməsi anlamına gəlir. Bu da qorxuducu, ürküdücü addımlardır. İnvestorlar daxildə qazandığı pulun bir hissəsini valyutaya çevirib ölkədən çıxarmağı düşünür ki, bu da təbiidir. Belə bir məhdudlaşdırıcı addımların olması ilə ölkə həmin iş adamlarını itirə bilər. Bu, gələcəkdə hesabdan hesaba pul köçürmələr vasitəsi ilə də böyük qadağaların olması ehtimalını artırır. Bu da Azərbaycan iqtisadiyyatının indiki durumunda heç də yaxşı bir hal deyil. Çünki Azərbaycan hökuməti çalışır, azından bəyan edir ki, ölkəyə investisiyalar cəlb olunmalıdır. Xarici investorların işləməsi üçün kifayət qədər böyük şərait yaradılmalıdır. Bir anlıq təsəvvür edin ki, xarici iş adamları müəyyən vəsait qazanırlar. Tamamilə normal haldır ki, onu valyutaya çevirib qoyduqları yatırımları ölkədən çıxarmaq istəyəcəklər. Buna qoyulacaq məhdudiyyətlər, bununla bağlı hər hansı məhdudlaşdırıcı addımlar həmin iş adamlarının vəziyyətini çətinləşdirəcək və ümumiyyətlə, onları Azərbaycan bazarından qorxudacaq, ürküdəcək”.

Ekspert Əkrəm Həsənov isə bildirib ki, bu, xaricə pul köçürmələri üzrə ən vacib yenilikdir:

“Beş ildən sonra Mərkəzi Bank mənim iradımı qəbul etdi. Xırda yenilikləri kənara qoysaq, 3 əsas dəyişikliyi qeyd etmək lazımdır. Birincisi, bank hesabı açılmadan vətəndaşın xaricə köçürmələrinə aylıq 10000 dollar məbləğində limit qoyulub. Düzdür, reallıqda buna nəzarət etmək praktiki mümkün deyil, çünki vətəndaş bir neçə bank vasitəsilə də bu köçürmələri edə bilər və bu halda bankların limitə nəzarət imkanı olmayacaq. Köçürmə bank sirri olduğu üçün bir bankın digər bankdakı əməliyyat haqda məlumat alması mümkün deyil. 32 bankın hərəsi vasitəsilə 10000 dollar köçürmə edilsə, ayda 320000 dollar edir.

Bu halda vətəndaşın hər hansı məsuliyyətindən də söhbət gedə bilməz. Çünki Mərkəzi Bankın qaydaları yalnız banklar üçün məcburidir. İkincisi, analoji məhdudiyyət vətəndaşın bank hesabı vasitəsilə yaxın qohumlarına köçürmələrə də şamil ediləcək. İndiyədək yaxın qohumlara bank hesabı vasitəsilə köçürmələr məhdudiyyətsiz idi.

Lakin təbii yuxarıdakı halda olduğu kimi burada da məhdudiyyətdən yayınmaq çətin deyil: sadəcə fərqli banklar vasitəsilə köçürmə etmək olar, vəssalam.

Nəhayət, ən vacib yenilik vətəndaşın və hüquqi şəxsin xarici bankdakı hesabına depozit qoyulması məqsədilə məhdudiyyətsiz köçürmə etmə imkanının ləğv edilməsidir. Yəni indiyədək xaricdə hesabın var idisə, ora istənilən qədər pul köçürə bilərdin. Hələ 5 il əvvəl nəşr etdirdiyim ”Azərbaycanın bank hüququ” kitabımda yazırdım ki, sözügedən imkan valyuta əməliyyatları üzrə bu qaydaları mənasız edir. Çünki istənilən ölkədə hesab açıb ora istənilən qədər pul köçürə bilərəmsə, digər məhdudiyyətlər əhəmiyyətini itirir.

Nəhayət ki, Mərkəzi Bank mənim bu iradımı nəzərə alıb sözügedən imkanı qaydalardan çıxardıb. Düz də edib. Çünki bu, faktiki olaraq ölkədən valyutanın məhdudiyyətsiz çıxarılmasının leqal yolu idi. Cari vəziyyətdə isə valyuta rejimi sərtləşdirilməlidir. Ötən ildən başlayaraq dəfələrlə yazmışam ki, valyuta rejimi sərtləşdirilməlidir. Heyf ki, Mərkəzi Bank bunu ölkədən xeyli valyuta çıxarılandan sonra etdi”.