“Komandante Fidel”:”Azadlıq adası”nın əfsanəsi (FOTOLAR)

0
4
Fidel Kastro Kubaya yarım əsrə yaxın rəhəbrlik etdi. «Komandante» (silahdaşları onu belə çağırırdı) fürsət düşdükcə Amerikaya xatırladırdı ki, kommunizm dünyada uğursuzluğa düçar olsa da, mövcud olmağı da bacarıb. Özü də Amerikanın “qapısının ağzında”… 

Zəngin atanın inqilabçı oğlu

Tərəfdarları onu sosializm uğrunda mübarizə aparan savaşçı, Kubanı xalqa qaytaran inqilabçı-siyasətçi kimi xarakterizə edirlər. Tənqidçiləri isə Kastronun Kuba iqtisadiyyatını çökdürdüyünü, müxalifəti əzən repressiv rejim qurduğunu deyirlər.

Fidel Alexandro Kastro Rus 1926-cı ilin avqustunda zəngin ailədə anadan olub. Atası Anxel Maria Bautista Kastro plantasiya sahibi idi və Kubaya İspaniyadan mühacirət etmişdi.

Kuba inqilabının əfsanəvi lideri Fidel Kastro 90 yaşında dünyasını dəyişdi. Onun ölümünü dövlət televiziyasından qardaşı – ölkənin hazırkı prezidenti Raul Kastro elan etdi. Qardaşı onu da dedi ki, özünün vəsiyyətinə uyğun olaraq Fidelin cəsədi yandırılacaq.

Yarım əsrlik iqtidar

Fidel Kubanı 1959-cu ildən düz 2006-cı ilədək idarə edib. 2006-cı ildə həkimlər ona ağır diaqnoz qoyandan sonra  hakimiyyəti 5 yaş kiçik qardaşı Raula ötürməli olub.

Xəstəlikdən sonra ictimaiyyət arasına nadir hallarda çıxan Fidel əsasən yerli KİV-lərdə məqalələrlə çıxış edib.

Fidel Kastro 1945-ci ildə Havana Universitetinin hüquq fakültəsinə daxil olub. Bu alovlu kommunist sol ideyaların qatı müdafiəçisi kimi tanınıb.

Dahi tələbə və möhtəşəm atlet

«Dahi tələbə və möhtəşəm atlet. O çox məşhurdur. Şübhəsiz ki, böyük gələcəyi olacaq», deyə müəllimlərindən biri Fideli xarakterizə edib.

Gənc Fidel həmkarlar ittifaqlarının toplantılarına qatılır, kasıb xristianları məhkəmələrdə müdafiə edir, tələbə dostları ilə birgə ABŞ səfirliyinin önündə nümayişlər təşkil edirdi. İnqilaba ilk cəhdi uğursuz olsa da, əsla ruhdan düşmürdü.

1952-ci ildə Kubada çevriliş olur və hakimiyyətə diktator Fulxensio Batista gəlir.

53-cü ilin iyulunda Kastro və tərəfdarları Monkada kazarmasını qiyamla ələ keçirməyə cəhd edir və bu hadisə tarixə Kuba inqilabının başlanğıcı kimi düşür.

Qiyam uğursuz olur. Fidel və yoldaşları qiyamın təşkilinə görə mühakimə edilirlər.

«Tarix mənə haqq qazandıracaq!»

Məhkəmə prosesində Fidel özünün məşhur nitqini söyləyir və sözlərini belə bitirir: «Tarix mənə haqq qazandıracaq!».

15 il həbs cəzası alsa da, gənc inqilabçı iki il sonra amnistiya ilə azadlığa çıxır.

Batista rejiminin təqiblərindən yaxa qurtarmayacağını bilən Fidel Meksikaya gedir və dərhal vətəninə qayıdışa hazırlaşır.
Orada «26 iyul hərəkatı»nı yaradır. Məhz bu inqilabi hərəkat sonradan orduya çevrilir.

Fidelin «Manifest nömrə bir» adlı siyasi proqramı torpaqların xristianlara paylanmasını, millətçiliyi və pulsuz təhsili nəzərdə tuturdu.
Fidel Kastro silah və ordu ilə 59-ci ilin əvəllərində Havanaya girir və elə həmin gün Batistanın siyasi rəqibləri ilə bir araya gələrək yeni hökuməti formalaşdırır.

Prinsipial və amansız…

Olduqca prinsipial və istədiyinə nail olmağı sevən biriydi. Siqarı «paravoz» kimi tüstülədir, «rom» içməyi və qadınları sevirdi. Kütləni bir sözüylə alovlandırmağı, insanların diqqətini saatlarla özündə saxlamağı bacarırdı.

Mərhəmətli deyildi. Hakimiyyətə gəlişindən sonra Batista rejiminin minlərlə tərəfdarını güllələtmişdi. Rəqibləri bu rəqəmin hətta onminlərlə ifadə olunduğunu deyirlər.

Amerikalılara görə o, fərqli düşünən hər kəsi məhv edən totalitarizm simvolu və amansız diktator idi.

600 sui-qəsd cəhdi

Onu dəfələrlə öldürmək istəyiblər. Kubalıların dediyinə görə, bu sui-qəsd cəhdlərinin sayı 600-dən çox olub.

Deyilənə görə, Mərkəzi Kəşfiyyat İdarəsi bu məqsədlə ən müxtəlif vasitələrə əl atıb – killer tutub, yeməyinə zəhər qatıb, havaya vərəm çöpləri buraxıb və s. Lakin tale və cəngavər sağlamlığı Fideli bütün bunlardan sağ çıxarıb.

Kastro hakimiyyəti ələ keçirəndən sonra Kubanı maraqlı plakatlar bürümüşdü. Plakatların birində belə yazılırdı: «Artıq Kuba azaddır. Amerikalı dostlarımız, xoş gəlmisiniz! Fidel Kastro».

60-cı illərdə ABŞ-la Kubanın münasibətləri kəskin pisləşir. Kubalılar hesab edirdi ki, Batistanın tiranlığının məsuliyyəti amerikalıların üzərindədir. İttihamlara cavab olaraq Vaşinqton Kubaya sanksiyalar tətbiq edir. İki ölkə arasında diplomatik münasibətlər yalnız yarım əsr sonra – 2015-ci ildə yenidən bərpa olunur.

Fidel həyatı boyunca bir neçə ABŞ prezidentinin ölümünü görə bildi. O prezidentlər ki, Fideli məhv edəcəklərinə söz vermişdilər. O, Latın Amerikasında solçuların çevrilişinə şahid oldu. Bu isə Kubanın Amerikanın sanksiyalarına duruş gətirməsi sayəsində baş tutmuşdu.

Fidel Kastro 2000-ci ilin dekabrında Putini Kubada qarşıladı. Putin Kubaya gəlişi ilə göstərməyə çalışdı ki, Moskva əvvəlki kimi Havananı sadiq dost və tərəfdaş sayır.

Tarixi nitq…

«Azadlıq adası»nın banisi Fidel uzun illər həm də bu fikirləri ilə yadda qalacaq: «Mən inqilabı 82 nəfərlə başlatmışdım. Əgər bir daha bunu təkrarlamalı olsaydım, mənə 15, yaxud 10 adam bəs edərdi. Neçə nəfər olmağınızın elə bir əhəmiyyəti yoxdur. Əsas inanmaq və dəqiq plana sahib olmaqdır. Elədiklərimiz bizə öyrətməlidir ki, mümkün olmayan şey yoxdur. Dünən qeyri-mümkün görünən şey bu gün mümkündür. Ona görə də sabah bizə heç nə namümkün görünməyəcək…».

Strateq.az