Müsavat qalmaqallardan qurtula biləcəkmi?
Müsavatda Ruspərəst və Qərbpərəstlərin savaşı gedirmiş…
Müsavat başqanı Arif Hacılı başqanlığa keçmiş namizədlərdən olan Tural Abbaslı ilə görüş keçirsə də, həmin görüşdən sonra belə Müsavatdakı çaxnaşmaların yekunlaşmayacağı bəlli olub. Qeyd edim ki, A.Hacılı Müsavat partiyasının başqanı seçiləndən sonra təşkilat daxilində qalmaqallar başlayıb. Yeni başqadan narazı olanlar onun başqanlığına etiraz ediblər. Narazıların partiya daxilində fraksiya yaratması məsələsi də gündəmdədir. Fraksiya məsələsini ilk gündəmə gətirən Tural Abbaslı olduğundan onun A.Hacılı ilə görüşü maraq doğurmuşdu. Görüşdən sonra açıqlama verən A.Hacılı bunları bildirmişdi:”Tural Abbaslı ilə göürşdüm. Bir çox məsələlər barədə ətraflı söhbət etdik. Məncə səmərəli oldu.”
Müsasvat başqanı görüşün səmərəli keçdiyini bildirsə də, noyabrın 23-də Müsavat partiyasında keçirilən Ümumrespublika müşavirəsində T.Abbaslı A.Hacılının başqan kimi fəaliyyətindən narazı qaldığını bəyan etmişdi. Ümumiyyətlə, həmin müşavirədən sonra narazılarla partiya rəhbərliyin arasında münasibətlər daha da kəskinləşmişdi. Ötən ayın sonunda narazıların-Müsavat partiyası məclisinin üzvü Vurğun Əyyub, partiya başqanlığına sabiq namizədlər Qubad İbadoğlu və Tural Abbaslı arasıda görüş keçirilmişdi. Həmin görüşdən sonra T.Abbaslı KİV-lərə belə açıqlama vermişd: “Görüşdə partiya daxilindəki vəziyyət, narazılıqlar və atılacaq addımlar müzakirə olunub. İlkin müzakirələrdə ümumi prinsiplər əsasında razılıq əldə olunub. Heç bir halda partiyadan ayrılmamaq şərti ilə, nizamnamə çərçivəsində birgə fəaliyyət plantformasını aydınlaşdırdıq. Hazırda Müsavatda başqan Arif Hacılı tərəfdarlarının üstünlük təşkil etdiyi idarəetmə institutları formalaşıb ki, bu da partiyadaxili demokratiyaya uyğun deyil. Alternativ fikir platformasına, yeni bir fraksiyaya ehtiyac var. Əsas fikir söyləmək üçün uyğun şərait olmalıdır. Çünki bütün postlarda bir şəxsin tərəfdarlarının təmsil olunduğu yerdə partiyadaxili demokratiya təhlükə altına düşür. Nəzər alsaq ki, başqan çox cüzi fərqlə seçilib, onda bu amillər nəzərə alınmalı və barışdırıcı bir siyasət yürüdülməli idi. Amma təəssüflər olsun ki, son bir ayda Arif Hacılı tərəfindən münasibətləri daha da kəskinləşdirən addım atılıb və bu davam edir. İllərini Müsavata həsr etmiş insanlar üçün bu vəziyyət xoş deyil. Biz bu vəziyyətdən narahatlıq keçirdiyimiz üçün belə bir fraksiyaya ehtiyac duyduq. Partiya daxilində bu cür birliyin yaradılması Müsavatın inkişafına yol açacaq”.
Müsavatın Ümumrespublika müşavirəsindəki çıxışından görünür ki, T.Abbaslı fraksiya yaratmaq ideyasını gerçəkləşdirmək niyyətindədir. O, Müsavat rəhbərliyinin siyasətini bəyənmədiyini bir daha təkrarlayıb.
A.Hacılının T.Abbaslı ilə görüşündən sonra etdiyi qısa açıqlamadan da görünür ki, görüş əslində səmərəsiz olub.
Müsavat başqanı əsas rəqibi ilə barışa biləcəkmi?
Müsavatın müşavirəsində çıxış edən sabiq başqanlığa namizəd Qubad İbadoğlunun A.Hacılının tərəfdarları tərəfindən sərt təpki ilə qarşılanması söyləməyə əsas verir ki, barışmaz rəqiblərin bir araya gəlməsi mümkün olmayacaq. Q.İbadoğlu çıxışında qeyd edib ki, Müsavatda daxili demokratiya yoxdur: “Müsavat dəyişməlidir. Qurultaydan qabaqkı Müsavat İsa Qəmbərlə bağlı idi. Müsavatın indiki dönəmi isə İ.Qəmbərin xarizması ilə idarə olunan deyil. Müsavatdakı keçid dövrü onu göstərdi ki, partiyada daxili demokratiya problemi var. Müsavatçılar Azərbaycanı demokratik görmək üçün ilk növbədə partiyadaxili demokratiyadan başlamalıdır. Təəssüflər olsun ki. Idarəetmədə aqressiya önə çıxdı, bəzi müsavatçılar partiyadan çıxarıldı. Qərarlar birtərəfli oldu.MNTK-nın apardığı müzakirələr, verdiyi qərarlar Müsavatda daxili ziddiyyətlərin artmasına səbəb oldu. Kamil Xəlilbəyli sosial şəbəkələrdə təhqir olunduğu halda, partiyadan çıxarıldı”.
Bundan sonra Q.İbadoğlunun çıxışına yenidən replikalar atıldı, zalda qalmaqal yarandı. Sabiq başqanlığa namizədin çıxışı bir daha təsdiq etdi ki, Müsavat partiyası İ.Qəmbərin dönəmində də demokratik olmayıb. Onun çıxışı hamıdan çox sabiq başqan İ.Qəmbəri qəzəbləndirmişdi. Məhz onun “dirijor çubuğu” ilə idarə olunanlar aranı qarışdırmağa səy göstərirdilər. Qalmaqala baxmayaraq Q.İbadoğlu çıxışını davam etdirməyə nail olub. O, partiyadan gedənlərin xəyanətkar adlandırılmasına etiraz edib. Q.İbadoğlu A.Hacılının ailə üzvləri tərəfindən təhqir olunduğunu xatırladıb:”Vaqif Hacıbəylinin sosial şəbəkələrdə yazdığı fikirlərin əksəriyyəti mənim əleyhimə yönəlib. MNTK tərəf ola bilməz. Sevinc Hüseynova tərəfə çevrilib. Hesab edirəm ki, Müsavat partiyası demokratik üsulla idarə olunmalıdır. A.Hacılı İsa Qəmbər deyil”.
Q.İbadoğlu bir daha İ.Qəmbərin Müsavatı təkbaşına idarə etdiyinə işarə vuraraq, belə idarəçiliklə A.Hacılının partiyanı idarə etməsinə razı olmayacağını bəyan edib. O, özünün təkliflər paketini də açıqlayıb. Q.İbadoğlu təklif edib ki, MNTK sədri ilə bağlı məsələyə yenidən baxılsın, partiyadan çıxarılanlar Müsavata qaytarılsın və partiya Nizamnaməsi nəzərə alınaraq, növbədənkənar qurultay çağırılsın.
Belə görünür ki, Q.İbadoğlunun təkliflər paketi A.Hacılı tərəfindən qəbul edilə bilməz. Çünki belə vəziyyət heç də A.Hacılının və eləcə də İ.Qəmbərin xeyrinə ola bilməz. Digər tərəfdən, daima mövqesizliyi ilə özünü partiyadaşlarına sevdirə bilən İ.Qəmbər artıq özündə cəsarət taparaq birmənalı A.Hacılını müdafiə etdiyini ortaya qoyub. Sabiq başqan hətta Q.İbadoğlu tərəfdarlarını xəyanətkar adlandıraraq körpüləri birdəfəlik dağıtdığını nümayiş etdirib.
Onun çıxışı əslində Q.İbadoğlu tərəfdarlarına ultimatum mahiyyəti daşıyıb. O, yeni qurultay tələbinin partiyanın əleyhinə yönəldiyini vurğulayıb: “Narazıların fəaliyyəti gec, ya tez Nizamnamə ilə zidiyyət təşkil edəcək. Hər kəs nə istədiyini ayrı şəkildə müəyyənləşdirsin. Yeni qurultay ideyası partiyaya qarşı yönəlmiş ideyadır. Cəhd edə bilərsiniz, bacarın görək necə olacaq? Amma nizamnamə hallarının pozulması baş verirsə, bunun qarşısı alınacaq. Partiyanı hədələmək xəyanətdir. Bunun adı yoxdur. Mən Müsavat partiyasının seçdiyi A.Hacılı ilə bir yerdəyəm. Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin”.
İ.Qəmbərin belə çıxışına etiraz edənlər “İ.Qəmbər qurultay iştirakçılarına təzyiq edib” şüarlarını səsləndiriblər. Əsəblərini cilovlaya bilməyən sabiq başqan “bəsdirin, bu qədər yalan olmaz, yalan danışmayın. Mə təzyiq etsəydim, Arif Hacılı 228 yox, 350 səs toplayardı”, deyib.
Müsavatın son müşavirəsi birdə onu təsdiq etdi ki, İ.Qəmbər bundan sonra həmin təşkilatın lideri adlandırılmağa layiq deyil. Çünki lider adlandırılan şəxs daima barışdırıcı missiya yerinə yetirib, qalmaqalların qarşısını almaq iqtidarında olur. Q.İbadoğlu tərəfdarları və Müsavatda baş verənləri izləyən hər kəs yaxşı bilir ki, İ.Qəmbər iddialarından əl çəkmək niyyətində deyil. Belə ki, sabiq başqan öz kabinetini A.Hacılıya təhvil vermək istəmir. Bu bir daha təsdiq edir ki, A.Hacılı formal olaraq Müsavatın başqanıdır. Müsavatda baş verənlərin hamısı İ.Qəmbər tərəfindən idarə olunur və müşaviri Səxavət Əlisoyla birgə Müsavat partiyasından qovulanları yola salan da məhz sabiq başqan olub.
Belə görünür ki, A.Hacılının başqanlığa sabiq namizəd T.Abbaslı ilə görüşməsi partiyada sülh yaratmaqdan daha çox narazıların sırasını seyrəltməyə yönəlib. A.Hacılı ilə Q.İbadoğlunun barışacağı gün isə yəqin ki, heç bir zaman olmayacaq. Çünki bu çəkişmə Müsavatdaxili məsələ deyil, ortada daha gizli mətləblər var ki, buna da aydınlıq gətirməyə çalışacağıq.
Müsavatda Ruspərəst və Qərbpərəstlərin savaşı gedirmiş…
“Milli Şura” adlandırılan qondarma qurumun yaradılmasında Müsavatın sabiq başqanı İ.Qəmbərin xüsusi canfəşanlıq nümayiş etdirməsini unutmaq olmur. Bəli, İ.Qəmbər Rusiyadan idarə olunan, lideri siyasətdən bixəbər olan, kinorejissor Rüstəm İbrahimbəyovun olduğu “Milli Şura”nın ən alovlu təbliğatçılarından biri idi. O, hətta prezidentlik arzusundan vaz keçərək R.İbrahimbəyova yaşıl işıq yandırmağa razı olmuşdu. Qəribədir, elə deyilmi? Qəribəlik məhz orasındadır ki, İ.Qəmbər bir zamanlar liderim, ağsaqqalım adlandırdığı Əbülfəz Elçibəyə belə güzəşt etməmişdi. Bəs, indi nələr baş verir? Məlumdur ki, R.İbrahimbəyovun prezident seçkilərində iştirakı baş tutmaması səbəbindən, “Milli Şura”nın rəhbərliyi Cəmil Həsənlinin əlinə keçdi. O,isə öz növbəsində kəskin dönüş edərək üzünü Şimaldan Qərbə çevirməyi məqsədəuyğun hesab etdi. Əlbəttə, burada C.Həsənlinin Londonda-ingilis əri olan qızının da rolu az olmadı. AXCP sədri Əli Kərimlinin də xaricilərə ərə getmiş qohumlarını bura əlavə etsək, C.Həsənli-Ə.Kərimli “tandemi”nin üzü Qərbə hərəkət etmələri başadüşüləndir.
Müsavatın “Milli Şura”dan üz döndərməsindən sonra belə “Milli Şura”ya isti münasibətlərini gizlətməyən Q.ibadoğlu və tərəfdarlarının mövqeyi İ.Qəmbəri qətiyyən razı sala bilməzdi. Çünki sabiq başqan hələ 2003-cü il prezident seçkiləri ərəfəsində Qərbə olan bütün ümidlərinin boşa çıxdığını anlayıb, üzünü yenidən Rusiyaya yönəltmişdi. Sirr deyil ki, sabiq başqanı Moskva ilə bağlayan bir çox məqamlar var. Onun SSRİ “KQB”sinin “Kobra” və “Popov” ləqəbləri ilə agenti olduğu barədə KİV-lərdə dəfələrlə məlumat gedib.Necə deyərlər, hətta “KQB”-dəki “litrnı delo”sunun şəkili də qəzet səhifələrinə çıxarılıb. İ.Qəmbər özünü qərbpərəst kimi təqdim etmək istədiyi anlarda da, Qərbin onun keçmişindən məlumatlı olması onun arzularının gerçəkləşməsinə daima maneə olub.2003-cü ildə prezidentlik arzusu ilə ABŞ-a səfər edən İ.Qəmbər Vaşinqtonda çox soyuq qarşılanmış, ciddi cəhdlərindən sonra nail olduğu görüşlərin müddəti cəmi 7 dəqiqə çəkmişdi ki, başqan okeanın o tayından xəyal qırıqllığı ilə geri dönməli olmuşdu. Baxmayaraq ki, Müsavat Avropa Liberal İttifaqına qoşuldu, lakin həmin qurumda da müəyyən səbəblərdən diqqət mərkəzinə düşə bilmədi. Yəni, belə qəbul etmək olar ki, İ.Qəmbər özü üçün sonradan ən düz sayıla biləcək addımı ata bildi. Belə ki, sabiq başqan bir zamanlar sədaqətlə Rus imperiyasına xidmət etdiyindən, Moskva hər an onun keçmiş xidmətlərini nəzərə ala bilər. Axı sabiq başqanın digər yolu da qalmayıb…
İ.Qəmbər həm də onu bilməmiş deyil ki, bir çox Qərb ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və bunun əvəzində xaricdən külli miqdarda maliyyə vəsaiti ala bilən AXCP sədri Əli Kərimlinin Qərbdən xüsusi dəstəyi var. Elə bu səbəbdən də “Milli Şura”dan ayrılan sabiq Müsavat başqanı Ə.Kərimliyə “sən yoluna, mən yoluma” dedi.
“Milli Şura”nın sədri sayılan C.Həsənlinin və AXCP sədrinin Qərbə daha meyilli olmalarının səbəbi isə onlara daima sponsorluq etmiş sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin Qərblə və xüsusi olaraq ABŞ-ın bəzi rəsmi dairələriylə isti münasibətdə olması və həmin münasibətlərin təzələnməsi ehtimalının böyüklüyüdür.
Müsavat Partiyasının qurultayından öncə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının simasında Q.İbadoğlunun açıq-aşkar dəstəklənməsi A.Hacılını və eləcə də İ.Qəmbəri qıcıqlandırmaya bilməzdi. AXCP yetkililərinin Müsavatın başqanlığına digər sabiq namizəd Tural Abbaslıya da münasibəti sıcaq olduğundan gec və və ya tez Q.İbadoğlu və T.Abbaslı kimi üzü Qərbə olanların AXCP-yə və ya “Milli Şura”ya qoşulmaq ehtimalı böyükdür.
A.Hacılının sabiq başqan İ.Qəmbərdən fərqli heç bir baxışı yoxdur. O,əvvəllər nə Türkçülüyü, nə də Qərbçiliyi sevməyib. Əlbəttə, zaman-zaman özünü Türk millətçisi və yaxud Avropa demokratiyasının vurğunu kimi göstərməyə çalışsa da, səmimi olmadığını aşkar etmək bir qədər çətin olmayıb.
İndi Müsavatçıları bir sual düşündürür: hara gedək, Q.İbadoğlu ilə üzü Qərbə, yoxsa İ.Qəmbərin,A.Hacılının ardınca özümüzü yenidən Rusiyanın ağuşuna ataq?
Nicat Sadiq