Yeni prezidentin yeni komandası:ABŞ-ı və dünyanı kimlər idarə edəcək?

0
4
ABŞ-dakı prezident seçkilərinin sürpriz nəticələrindən sonra bütün dünyanı bu suallar maraqlandırmağa başlayıb. Yeni prezident Donald Tramp əsas dövlət postlarına kimi təyin edəcək? Siyasi təcrübəsi olmayan milyarderə həyati əhəmiyyətli qərarların qəbulunda kim dəstək verəcək?

Hələlik Tramp gələcək komandasının üzvlərini elan etməyə tələsmir. İndiki mərhələdə yalnız vitse-prezident, administrasiya rəhbəri və baş müşavirpostuna namizədlərin adları ictimailəşdirilib.

Başlayaq, vitse-prezident vəzifəsinə namizəd Mayk Pensdən. 

Xristian, mühafizəkar və respublikaçı… Hələ seçkiöncəsi kampaniyadan xeyli əvvəl Pens özünü bu ardıcıllıqla təqdim etmişdi. Sakit təbiətli Pens siyasi, mühafizəkar mövqeli məsələlərə gəldikdə kifayət qədər qətiyyətli olur.

İndiana  ştatının qubenatoru kimi o, abortlarla bağlı ən sərt qanunlarından birinə imza atıb. Qanuna görə, hətta doğulacaq körpədə genetik problemlər aşkarlandığı halda belə, hamiləliyin süni şəkildə sonlandırılması qadağan edilirdi. Qanunu pozan həkimləri isə cinayət məsuliyyəti gözləyirdi. Lakin Ali Məhkəmənin qərarı ilə ziddiyyət təşkil etdiyindən qanun qüvvəyə minmədi.

Pens həmçinin sahibkarlara icazə vermişdi ki, dini inanclarına zidd gələrsə, cinsi azlıqların təmsilçilərinə xidmət göstərməyə bilərlər.

Silah məsələsində də o, tipik respublikaçı mövqeyindən çıxış edir. Pens hesab edir ki, silaha sahib olmaqda məhdudiyyət olmamalıdır. 

Mayk Pens

Pens İraqa girməyin tərəfdarlarından olub və ABŞ əsgərlərinin bu ölkədən çıxarılması təşəbbüslərinə hər dəfə qarşı çıxıb. Onun fikrincə, İŞİD-in yarınmasına ABŞ qoşunlarının İraqdan vaxtından xeyli əvvəl çıxarılması şərait yaradıb.

Pens həmçinin Liviya lideri Müammər Qəddafinin devrilməsinə dəstək verənlərdən olub. O, Quantanamo həbsxanasının saxlanılmasına tərəfdardır.

Rusiyaya gəlincə, Pens bu ölkəni belə xarakterizə edir: «Amerika Rusiyadan güclüdür. İqtisadiyyatımız da 16 dəfə daha güclüdür. ABŞ siyasi sistemi hər baxımdan Rusiyadakı korrupsiyalaşmış, dələduz kapitalizmdən yaxşıdır».  

Onun fikrincə, Rusiya prezidenti Vladimir Putinlə güc mövqeyindən danışmaq lazımdır. Elə Barak Obamanı da dəfələrlə ona görə tənqid etmişdi ki, Moskva ilə dialoqda yetərli qətiyyət nümayiş etdirə bilmir.

Tramp komandasının digər iki üzvünün adı bugünlərdə məlum olub. Noyabrın 13-də elan edildi ki, administrasiya rəhbəri postunu Respublikaçılar Partiyasında Milli Komitənin sədri olan Rayns Pribus tutacaq. Baş müşavir vəzifəsi isə biznesmen və ifrat-sağçı xəbər saytı «Breitbart»ın redaktoru Stiven Bennona həvalə olunacaq.

Rayns Pribusun namizədliyini Trampa Respublikaçılar Partiyasının rəhbərliyi tövsiyə edib.

«Rayns ən yaxşı namizəd idi. Onu Konqresdə sevirlər. Nümayəndələr Palatasının spikeri Pol Raynla da əla münasibətləri var», – deyə «Politico»ya məlumatlı respublikaçılardan biri deyib.

Pribusun namizədliyini dəstəkləməsi Trampın ümumi maraqlar naminə şəxsi mövqeyini güzəştə gedə biləcəyini və ölkəsi naminə kompromisə hazır olduğunu da ortaya qoyur. Belə ki, bu ilin aprelində Tramp Pribusu sərt tənqid edərək onun «praymeriz» prosesindəki fəaliyyətini rüsvayçı adlandırmışdı.

Bu təyinat respublikaçılar arasındakı ənənəvi mühafizəkarlar tərəfindən rəğbətlə qarşılandı. Məsələn, senator Lindsi Qrem Trampı əla seçiminə görə təbrik etdi və bu seçimin onu ölkənin idarəçiliyinə ciddi yanaşmasının göstəricisi kimi qiymətləndirdi. 

Bennona gəlincə, o, ABŞ-da korrupsiyalaşmış elitanın qatı tənqidçisi və Trampın sadiq silahdaşı kimi tanınır.

Seçki kampaniyası müddətində Bennon öz ünvanına da tənqidlər eşitməyə başladı. Ona 20 il əvvəl ailə daxilində zorakılığa yol verməsi epizodunu xatırlatdılar. Ailənin maliyyə məsələləri barədə mübahisə edərkən Bennon keçmiş xanımının  boynundan yapışıbmış. Və qarşı tərəf bununla bağlı polisə müraciət edib.

Xanımın boynunda xəsaərt izi aşkarlansa da, sonradan o, işi böyütməmiş və məhkəməyə getməmişdi. Qadın həmçinin bildirirdi ki, Bennon oğlunu yaxınlıqdakı məktəbə göndərmək istəməyib. Çünki həmin məktəbdə əsasən yəhudi şagirdlər təhsil alır.

Stiven Bennon

«Southern Poverty Law Centre» hesab edir ki, Bennon «Breitbart»ı irqçilərin sığınacağına çevirib. Hətta bir dəfə bu nəşrdə irqin insanın intellekt və hafizəsi ilə birbaşa əlaqəsi haqda material da dərc olunub.

Trampın seçki kampaniyasının rəhbəri Kellign Konuey NBC-yə müsahibəsində onun haqqında belə deiyb: «Sizi əmin edirəm ki, o, qətiyyən qorxulu biri deyil. O, çox ağıllı taktikdir».

Amerikanın yeni liderinin komandasındakı digər yerlər hələ ki boşdur. Hazırda əsas diqqət dövlət katibi postunu kimin tutacağına yönəlib. Əgər əvvəl bu vəzifə üçün əsas namizəd kimi Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriçigöstərirdilərsə, noyabrın 15-dən favorit kimi Trampın keçmiş tərəfdaşı Rudolf Julianinin adı hallandırılmağa başladı.

Trampa yaxın mənbə « Associated Press»ə bildirib ki, əgər Juliani razılıq versə, kürsü onundur.

«Politico» yazır ki, Trampın seçimi bəzi dairələrdə təşviş yaradıb. Məsələ burasındadır ki, Juliani daxili siyasətdə təcrübəsizdir. Üstəlik o, özünü sərt, kompromisə getməyən və radikal islama qarşı barışmaz biri kimi xarakterizə edib.

2001-ci ildə Nyu-Yurk terror hücumuna məruz qalanda həmin vaxt şəhər meri olan Juliani səudiyyəli şahzadələrdən birinin terror qurbanlarına ayırdığı 10 milyon dollarlıq yardımdan imtina etmişdi.

«The Wall Street Journal»a müsahibəsində Juliani bildirib ki, Tramp administrasiyasının beynəlxalq siyasətdəki birinci hədəfi İŞİD-ə qarşı mübarizədir.

«Vaşinqton Pekinlə siyasi məsələləri kənara qoyub ticarət sahəsində işləyəcək. Rusiya düşünür ki, hərbi sahədə rəqibimizdir. Bu belə deyil. Rusiyanı bizim Obama dövründəki hazırlıqsızlığımız belə güclü etdi», deyə Juliani bildirib.

«The New York Times»a görə, Julianini baş prokuror və ya daxili təhlükəsizlik nazirliyində sərhəd xidmətinin rəhbəri də təyin edə bilərlər.

Rudolf Juliani

Dövlət katibi postuna növbəti şanslı namizəd kimi ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Boltonun da adı çəkilir. Bolton İraq savaşını dəstəkləməsi və İranı bombalamağa çağırışları ilə tanınır.

Pentaqonun rəhbərinin kim olacağı ətrafında da debatlar davam edir. «Washington Post» yazır ki, müdafiə naziri postuna keçmiş senator Kelli Ayott da gətirilə bilər. Ayott Suriyaya aktiv hərbi müdaxilənin tərəfdarlarındandır.

Pentaqona rəhbərlik Maykl Flinə də həvalə oluna bilər. Flin Ağ Evin ünvanına sərt tənqidlərinə görə istefaya göndərilmişdi. 

Flin hesab edirdi ki, ABŞ-ın terror təşkilatlarını məhvetmə strategiyası yanlışdır. Onun fikrincə, ayrı-ayrı şəxslərlə yox, radikal islamla mübarizə aparmaq lazımdır.

Maykl Flin

Maykl Flinin təyinatı üçün Senatın da razılığı olmalıdır.

Qanuna görə, müdafiə naziri mülki şəxs olmalıdır. Bir hərbçi bu postu xidmətdən ayrılandan 7 il sonra tuta bilər. İstisna üçün isə xüsusi razılıq olmalıdır. Son dəfə belə istisna 1950-ci ildə olmuşdu.

Əsas postlardan biri də maliyyə naziridir. Bu posta ən şanslı namizədin milyarder bankir Stiven Mnaçin olduğu deyilir. Tramp maliyyə naziri postunu ona həvalə edəcəyini deyib.

Trapmın silahdaşları ehtiyat edir ki, Mnaçinin bu posta təyinatı yeni prezidentin nəhəng banklarla ittifaqı kimi qəbul ediləcək.

Stiven Mnaçin respublikaçıların seçki kampaniyasının maliyyə məsələləri ilə məşğul olub.

Ticarət naziri postuna isə Trampın iqtisadi məsələlər üzrə məsləhətçisi Uilbur Rossun təyin ediləcəyi bildirilir. Ross ABŞ sərmayəçilərindən və milyarderlərindən biridir.

Hələlik komandanın tərkibi ilə bağlı yekun qərar verilməyib. Amma görünən odur ki, Tramp Respublikaçılar Partiyasını dinləyəcək, amma öz bildiyindən də dönməyəcək.

Çıxışlarının birində Tramp demişdi ki, Amerikanı bir biznesmenin müəssisəni idarə etdiyi kimi idarə etməyin vaxtı çatıb. Onun bu yanaşmasının nə dərəcədə uğurlu olduğu qarşıdakı 4 ildə məlum olacaq.

Strateq.az