Hökumətin siyasi partiyalara ayıracağı vəsaitin məbləği AÇIQLANDI
Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün gələn ilin dövlət büdcəsində 2 milyon 500 min manat vəsait nəzərdə tutulub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bu məbləğ elə 2014 və 2013-cü illərdəki qədərdir.
Qeyd edək ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Yəni dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.
Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
Hazırda Milli Məclisdə təmsil olunan aşağıdakı partiyalar büdcədən maliyyələşir.
Yeni Azərbaycan Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
Ana Vətən Partiyası
Sosial Rifah Partiyası
Azərbaycan Demokratik İslahatlar Partiyası
Ümid Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Vətəndaş Birliyi Partiyası
Böyük Quruluş Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Ədalət Partiyası