“Hər xəstədən 30-40 manat alır, qoyur xalatının cibinə…” – ŞİKAYƏT VAR

0
6

Xəstəxananın baş həkiminə rentgen şöbəsinin qarşısındakı biabırçılığı deyəndə özünü elə apardı ki, sanki ilk dəfə eşidir”.

Oktyabrın 26-da səhər saatlarında yaxınlarından birini Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müayinəyə aparan Səxavət İsmayılov gördüklərindən danışır. Deyir, Hacıyev soyadlı şöbə müdiri bədənindəki sınıqlara görə müayinəyə gələnlərə əməlli-başlı zülm edir:

“Özünüz bilirsiniz ki, rentgen şöbəsinə müayinəyə gələnlər əsasən əlində, qolunda, ayağında sınığı olan insanlardır. Onsuz da ağrı çəkirlər, bir tərəfdənsə həkimlərin yaratdığı şərait xəstələrin durumunu daha da çətinləşdirir. Xəstələrlə kobud davranırlar, məsələn, səhərdən növbədə dayanan qolu, qıçı sınan adamlar var ki, indi də getsəniz, orda dayanıblar. Çünki pulları yoxdur. Pulu olan xəstələri növbədənkənar qəbul edirlər. Şöbədə bir ağxalatlı xanım oturub, işinin adı pul yığmaqdır. Hər xəstədən 30-40 manat alır, qoyur xalatının cibinə…”

Səxavət İsmayılovun sözlərinə görə, vəziyyəti belə görəndə səs-küy yaradıb, yalnız bundan sonra onunla gələn xəstəni rentgen otağına buraxıblar. Həkimlər pulu ödəməyincə xəstəni müayinə etməyəcəklərini deyəndə rentgen otağından birbaşa baş həkimin otağına gedib:

“Dedim, “rentgen otağında əməlli-başlı bazar açmısınız”. Dedi, “bu xəstəxanada elə şey ola bilməz. Bunu kim edirsə, cəzalanacaq”. Həmin pul yığan xanımı çağırdı. Dedi, “bu xəstədən pul istəmisən?” O da qayıdıb nə desə yaxşıdır? “Biz ondan çox istəmədik ki… 20 manat istədik, onu da vermədi”. Baş həkim rəng alıb rəng verdi, dedi, “bir də səndən belə şikayət gəlsə, səni işdən qovacam”. Həkim də narazı şəkildə durub qayıdıb getdi işinin başına… Baş həkim dedi ki, “gedin, nə lazımdır həkimlər pulsuz edəcək”. Deməyim odur ki, həkim baş həkimə pul istədiyini etiraf edir, özü də minnət qoyur ki, “bu adamdan az istəmişik”. Baş həkimsə guya qəzəblənir, acıqlanır… Bu, baş həkimin şikayətçi xəstəni sarsaq yerinə qoyması deməkdir”.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan redaksiyamızın suallarını cavablandıran olmayıb. Səhiyyə Nazirliyindən isə bildirilib ki, vətəndaş başına gələnlərlə bağlı Nazirliyə rəsmi müraciət etsə, araşdırılar: “Hər yerə danışırlar, ancaq biri də Nazirliyə rəsmi müraciət etmir”, – qurumdan bildirilib.

Səxavət İsmayılov baş həkimdən və rentgen otağında işləyən əməkdaşlardan Səhiyyə Nazirliyinə və prokurorluğa ərizə ilə müraciət edəcəyini bildirir.

dia.az