ABŞ Suriya qiyamçılarına ağır silah vermədi:“Ruslar təşəbbüsü ələ keçirib” – “The Washington Post”

0
4
ABŞ-ın Suriyadakı qiyamçıları əlavə silahla təmin etməsi barədə müzakirələri nəticəsiz qalıb. 

The Washington Post“qəzetinin yazdığına görə, ABŞ diplomatlarının razılaşmamasının səbəbi Ağ evin bu plana şübhə ilə yanaşmasıdır. (Azadlıq radiosu)

Qəzet çoxdandır Obama administrasiyasının Suriyaya əlavə silah göndərmək məsələsini götür-qoy edəcəyini yazırdı. İndi qəzet Ağ evdəki mənbələrə əsaslanaraq, planın təsdiqlənmədiyini, amma gündəmdən çıxarılmadığını da xəbər verir.

Planın məqsədi Suriyada Bəşər Əsəd rejimiylə mübarizə aparan və ABŞ-ın dəstəyinə arxalanan qüvvələrə daha güclü silahlar göndərmək, bununla da Əsəd rejiminə təzyiq göstərmək idi. Ancaq rəsmilər Rusiyanın müdaxiləsi olduğu halda, planın hətta genişləndirilmiş versiyasının işə yaramayacağını deyiblər. Deyəsən, Obama Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bu planının taleyini gələcək prezidentin öhdəsinə buraxmaq istəyir. «The Washington Post» belə yazır.

«RUSLAR TƏŞƏBBÜSÜ ƏLƏ ALIBLAR»

Belə olarsa, Obamanın davamçısı çox müxtəlif variantlarla üz-üzə qalacaq. Çünki qiyamçıların əlavə silahla təmin olunmasına qarşı çıxanlar bu planın durumu bir az da gərginləşdirəcəyini, Suriyada əməliyyatların nəticələrinə xüsusi təsir etməyəcəyini deyirlər.

Amma fəaliyyətsizliyin də öz dərsləri var. Hələb şəhəri çökə, CIA-nın arxa durduğu on minlərlə döyüşçü daha etibarlı müttəfiq axtarışına çıxa və ABŞ Əsədlə vuruşanlara təhlükəli silah verməkdən indiyədək çəkinən region ölkələri üzərində nüfuzunu itirə bilər.

Obama administrasiyasının bəzi üzvləri ümid edirlər ki, Hələb məğlub olsa belə, qiyamçılar rejimə qarşı yeni cəbhələr yarada, Rusiyanı daha geniş əməliyyatlar zərurətiylə üz-üzə qoya bilərlər.

Diplomatik səylər nəticə verməzsə, əl atılacaq «B planı» kimi tanınan versiyanın tərəfdarları hələ də var. CIA-nın direktoru Con Brennan və müdafiə naziri Eşton B.Karter də belələrindəndir. Amma dövlət katibi Con Kerri və bəzi başqa diplomatlar əlavə silahın rus əsgərlərini də öldürəcəyindən və bunun Moskvayla qarşıdurmanı gücləndirəcəyindən narahatdırlar.

«Ruslar təşəbbüsü ələ keçiriblər. Siz Əsədlə müharibə edirmiş və Rusiyayla vuruşmurmuş kimi davrana bilməzsiniz». «The Washington Post»un yazdığına görə, müzakirələrə qatılan rəsmilərdən biri belə deyib.

TÜRKİYƏ MƏYUSDUR

Hazırda Ağ ev və CIA məsələni şərh etmir. Obamanın tərzindən agah olan rəsmilərdən biri «The Washington Post»a müsahibəsində prezidentin gücdən istifadəyə qarşı olduğunu aydın ifadə etdiyini, amma məsələnin müzakirə masasında qaldığını bildirib. Prezidentliyə namizədlərdən nə demokrat Hillari Klinton, nə də onun rəqibi – respublikaçı Donald Tramp CIA-nın Suriyada əməliyyat planı barədə bir şey deməyiblər.

Obamanın əməliyyatla meyl etməməsi CIA-nın xaricdəki müttəfiqlərini, o cümlədən Suriyayla geniş sərhədlərə malik Türkiyəni məyus edib. Türk rəsmilərindən birinin qəzetə verdiyi bilgiyə görə, onlar ABŞ-ın niyyətindən çaş-baş qalıblar. Ona görə də Suriyadakı qiyamçıların ağır silahla təmin olunmasıyla bağlı özləri ölçü götürmək niyyətindədirlər.

«Onlar dayaq duracaqlarına söz vermişdilər, amma indi heç nə baş vermədiyini görürük… Biz öz versiyalarımıza baxmağa hazırlaşırıq. Çünki Hələb məğlub olarsa, Əsəd qalib gələr», – türk rəsmisi belə deyib.