Ramiz Tağıyev: “Buna görə də optimist ruhlu nəsə söyləmək olmur”
Regiona növbəti səfərləri zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağa da getməyi planlaşdırır. Bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın “news.am” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bölgəyə səfər bu ayın sonunda baş tutacaq və həmsədrlər iki ölkənin rəhbərləri ilə görüşəcək: “Bu, Vyana və Sankt-Peterburqda yüksək səviyyədə başlayan danışıqları davam etdirmək və nizamlanma elementlərini müzakirə etmək üçün yaxşı imkandır. Ümid edirik ki, prezidentlər ilk fürsətdə görüşəcək. Lakin görüşün tarixi və yeri ilə bağlı hələlik məlumat yoxdur”.
Həmsədrlərin budəfəki səfərindən konkret nəsə gözləmək olarmı? Göründüyü kimi, səfər ərəfəsində sülh prosesində qeyri-müəyyənliklər olduğu kimi, həmsədrlərin özlərinin də baxışlarında qeyri-müəyyənlik detalları var. Belə ki, yayda Moskvanın qəfil fəallaşmasından sonra hazırda sülh danışıqları prosesində səbəbi rəsmən deyilməyən süstlük və ya hərəkətsizlik var.
Siyasətçi Ramiz Tağıyev bildirdi ki, bu səfərə də həmsədrlərin sıradan olan bir işi kimi baxmaq lazımdır: “Onlar uzun illərdir gəlib-gedir. Hər dəfə də ya İrəvəndan bura, ya da buradan İrəvəna səfər edirlər. Arada bir Dağlıq Qarabağın separatçı rejim başçısı ilə görüşməyi də unutmurlar. Dəyişən yalnız marşrutlar olur. Uzun illərin səfərləri nəticəsində həmsədrlər hansısa bir uğura imza atdığını qeyd edə bilərmi? Təbii ki, yox. Aprel döyüşlərindən sonra canlanma yarandı. Tərəflər arasında bir neçə görüş keçirildi. Kazan prinsipləri üzrə hərəkətin və status-kvonun dəyişməsinin vacibliyi bildirildi. Maraqlı burasıdır ki, əvvəllər ütülü bəyanatlar verən həmsədr ölkələrin hamısı birmənalı olaraq status-kvonu dəyişməyin vacibliyindən danışdılar. Ancaq nəticə olmadı. Yenə həmin passiv dönəmdəyik. Ermənistan konstruktivlikdən yayınır, həmsədrlər ona konkret təzyiq göstərmir. Fikir verdinizsə, onlar prezidentlərin görüşünü də təşkil edə bilmədi. Çünki ortada heç bir real təklif və razılaşma yoxdur. Azərbaycan Prezidenti haqlı olaraq bildirib ki, bizə görüş xatirinə görüş lazım deyil. Çox güman ki, həmsədrlərin budəfəki səfəri tərəflər arasında görüşün yeni raundunu təşkil etmək istəyilə bağlıdır. Səfərin məhsuldar olacağını səciyyələndirən hansısa bir faktor görmürəm. Buna görə də optimist ruhlu nəsə söyləmək olmur”.
Məhəmmədəli QƏRİBLİ