Xətai icra başçısının xariqüladə “kəşfləri”-ala-bula binalar, arendalıq ağaclar…

0
4

Azərbaycan bir çox sahədə analoqu olmayan ölkədir. Xüsusilə bu ölkənin müxtəlif rayonlarına rəhbərlik edən icra başçılarının “kəşfləri” dünyanın bir çox xalqlarına inanılması mümkün olmayan əfsanələr kimi görünə bilər. Məsələn, bəlkə də dünyada yeganə ölkəyik ki, əvvəl yol salıb, sonra onun altından su, elektrik xətləri keçiririk. Yaxud bir torpaq sahəsini bir neçə adama satmaq ənənəsi də yalnız bizdə görülüb. Hələ onu demirik ki, dövlət adından satılan torpaq sahələri belə, sonradan neft şirkətlərinin balansından çıxır və insanların min bir zəhmətlə ərsəyə gətirdikləri tikililər sökülür, amma buna görə kimsə məsuliyyət daşımır.

Bu qədər xarüqələrin yaşandığı Azərbaycanda bəzən bizim standartlarımıza belə uyğun gəlməyən, eşidənləri təəccübləndirən hadisələr baş verir. Xətai icra hakimiyyətinin rayonda apardığı abadlıq işləri də heç nəyə heyrətlənməyən Azərbaycan insanını mat-məəttəl qoyacaq qəbildəndir.

Rayonun İnqilab İsmayılov küçəsi 44 ünvanında yaşayan sakinlərinin Strateq.az redaksiyasına göndərdiyi şikayət məktubuna görə, binalarının bir tərəfi rənglənib, digər tərəfi isə olduğu kimi saxlanılıb. Sakinlər bu qeyri-adi abadlıq hadisəsini icra başçısının ölkə rəhbəri İlham Əliyevin pişvasına çıxmasıyla izah edirlər.

265

Bildirildiyinə görə, ölkə başçısı rayonda əsaslı təmir edilən 265 saylı məktəbdə aparılan işlərlə tanış olmağa gəlibmiş. İcra başçısı da onun keçəcəyi yollarda sürprizlərlə qarşılaşmaması üçün qollarını çirmələyib və gözə dəyən binaları restavrasiya etmək fikrinə düşüb. İlk işə isə köhnə binaları rəngləməkdən başlayıb. Di gəl ki, bunu da tam yerinə yetirməyib. Prezidentin keçdiyi yolda açıq şəkildə görünən binalara boya çəkildiyi halda, abrını ağacların örtüyü evlərə toxunulmayıb.

Maraqlıdır ki, şikayətçilərin yaşadığı İnqilab İsmayılov küçəsindəki 44-cü binanın yarısının qabağı ağac sıxlığından görünmədiyindən, Razim Məmmədovun “restavrasiya fəaliyyətindən” də onun yalnız bir hissəsi öz nəsibini ala bilib. Digər hissə isə əvvəlki vəziyyətdə saxlanılıb. Nəticədə həmin bina ala-bula görüntüyə bürünüb.

Məlumatı yoxlamaq üçün şikayətçilərin dediyi ünvana yollandıq. Həqiqətən də binanın bir hissəsinin rəngləndiyinin şahidi olduq.

inqilab-ismayilov

Sakinlərin bildirdiyinə görə, Razim Məmmədovun rayonun eyiblərini bu cür nadir “restavrasiya” üsulları ilə ört-basdır etməsinin səbəbi əslində ötən illərdə yürütdüyü “ağac qətliamı”yla bağlı imiş. Belə ki, Razim Məmmədovun rayona rəhbər təyin olunduğu 2006-cı ildən başlayaraq, 2009-cu ilə qədər Xətaidə olduqca sıx olan ağaclar qırılır və  bina tikmək istəyən iş  adamlarına satılırmış. Bu barədə dəfələrlə dövri mətbuatda yazılar dərc olunub, hətta fakt ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov tərəfindən etiraf  edilib və icra başçısı ciddi tənqidə məruz qalıb.

Doğrudan da 2009-cu ilin mətbuat səhifələrini vərəqləyəndə Razim Məmmədovun ağaclara olan “xüsusi qayğısıyla” qarşılaşırıq. “Yeni Müsavat” qəzetinin 24 noyabr 2009-cu il sayında dərc olunan “DAHA BİR İCRA BAŞÇISININ “QƏLƏMİ” QIRILIB”  sərlövhəli məqalədə deyilir:

“R.Məmmədovun vurulması prosesi isə Nizaminin keçmiş icra başçısı Mehbalı Əliyevin vurulması ilə eyni vaxtda başlayıb. İlk dəfə olaraq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov prezidentin ağacların kəsilməsinə qoyduğu qadağaya Nizami və Xətai rayonlarında əməl olunmadığını, Bakı şəhəri üzrə ən çox yaşıllığın bu rayonlarda məhv edildiyini bildirmişdi”.

Məqalədə yaxın  günlərdə Razim Məmmədovun işdən atılacağı xəbərləri də öz əksini tapmışdı. Hətta məlumatlara görə, rayon prokurorluğu belə, icra hakimiyyətinin bu yarıtmaz fəaliyyəti barədə cinayət işi qaldırıb, rayon məhkəməsi isə prokurorun iddiasını təmin edibmiş. Amma hansısa səbəbdən Razim Məmmədovun “qələminin qırılması” proqnozu özünü doğrultmayıb, icra başçısı indiyə qədər öz vəzifəsini qoruyub saxlaya bilib. Kim bilir, bəlkə də bütün bunlar icra başçısının işində yol verdiyi nöqsanları aradan qaldıracağıyla bağlı vədiylə əlaqədər olub.

Bəs, icra başçısı öz vədinə nə cür əməl edib?

Şikayətçilərin məlumatına görə, Prezident sentyabrın 5-də məktəb açılışına gəldiyi zaman maşın kortejinin keçdiyi bütün yollar ağaclarla əhatə olunubmuş. Yəqin ona görə ki, Razim müəllim ölkə rəhbərinin gözünə verdiyi sözə əməl edən, kəsdiyi ağacları yenidən əkən, təbiəti sevən icra başçısı kimi görünmək istəyirmiş. Di gəl ki, bu “təbiətsevərliyin” ömrü uzun sürməyib. Prezident İlham Əliyev məktəbdən geri qayıtdıqdan sonra həmin ağaclar da yoxa çıxıblar.

“Bu necə olur” sualımızı cavablandıran sakinlərdən biri  bir günün içində boy atıb böyüyən ağacların daha sonra “qeybə çəkilməsinin” sirrini açıqladı: sən demə, Prezidentin keçəcəyi yollara dibçəkdə ağac əkiblərmiş. Hansısa mağazadan alınıb gətirilən həmin ağaclar səfər başa çatdıqdan sonra yenidən çıxarılaraq geri qaytarılıb. Başqa sözlə desək, ağaclar bir neçə saatlığa “arendaya” götürülübmüş.

Yəqin ki, irəli sürülən iddiaya inanmadınız. Nə gizlədək, biz də inanmamışdıq. Sakinlər “arendalıq” ağacların torpaqda buraxdıqları izləri göstərəndə Razim Məmmədovun əsrarəngiz işgörmə qabiliyyətinə “bərəkallah” deməkdən başqa sözümüz qalmadı.

“Yüz eşitməkdənsə, bir görmək məsləhətdir” məntiqinə uyğun olaraq, dibçək izlərinin şəkilini çəkib siz oxucuları da heyrətləndirmək istədik.

Buyurun, şəkillərə baxın, Razim Məmmədovun abadlıq xarüqəsinə siz də təəccüblənin!

img-20160910-wa0004

img-20160910-wa0000

img-20160910-wa0001

img-20160910-wa0003

img-20160910-wa0005

img-20160910-wa0006

Heydər Oğuz

Strateq.az