“Gülüstan” faciəsini yaradan səbəblər…

0
5

İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

“Gülüstan” faciəsini yaradan səbəblər…

Oktyabrın 12-də tarixi Azərbaycan torpaqlarını ikiyə bölən “Gülüstan” müqaviləsinin ildönümüdür. Ötən müddətdə Azərbaycan tarixi torpaqlarının 80 faizini itirib. Tarix – tarixdir. Vaxtilə baş verənlərə millətimiz nə qədər təəssüflənsə də, sonradan səhvləri düzəltmək çox çətin olur. Millətimizin aqibətində bir olmaq, bütövləşmək imkanı həmişə olub, ancaq bu imkanımıza yetə bilməmişik.
Tarix boyunca başımıza gələn çoxsaylı faciələrin içərisində artıq 200 illik müddətdə Azərbaycan-Türk xalqını iki yerə ayıran “Gülüstan” dəhşətli hadisəyə şahidlik edib.

“Gülüstan” müqaviləsi ilə fars və rus hegemonluğuna, işğalçılığına qarşı dura bilməyən ulusumuzun aqibətinə hələlik davam edən əbədi ayrılıq, parçalanma yazıldı. Farslarla ruslar torpaqlarımızı aralarında dədə malı kimi böldülər. 410 min kvadrat kilometrlik ərazisi olan dövlətçilik imkanımız, tarixi ərazilərimiz əlimizdən çıxdı. “Gülüstan” müqaviləsindən sonra ardıcıl olaraq Azərbaycan böyük faciələrə tuş gəlməkdədir. Müqavilədə bircə dəfə də olsun, “Azərbaycan” adına rast gəlinmir. Rusiya və İran yurdumuza sahiblənmək üçün bir-birini didsələr də, sonda törətdikləri cinayəti gizlətmək üçün Azərbaycanın adını bilərəkdən müqaviləyə salmayıblar. Sanki bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş. 11 maddədən ibarət müqavilə ilə bölüşdürülən, parçalanan yurdumuzda – öz aralarında düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz verdilər.

***

“Gülüstan” sülhünün şərtlərinə görə, Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyası tərkibinə qatıldı. Beləliklə, Bütöv Azərbaycan iki yerə parçalandı. Azərbaycandan, yəni məğlub xalqdan heç kəs orada iştirak etmədi. Abbasqulu Bakıxanov isə həmin müqavilə imzalanan vaxt Rusiya dövlətinin nümayəndə heyətinin tərkibində sadəcə, tərcüməçi vəzifəsini yerinə yetirirdi. Olduqca fəlakətli, utancgətirən məqamdır. Hər bir Azərbaycan vətəndaşı yurdumuzun necə tikə-parça olduğunu bilməlidir.

alt=”"Gülüstan" faciəsini yaradan səbəblər…” title=”"Gülüstan" faciəsini yaradan səbəblər…”

“Gülüstan” faciəsini yaradan səbəblər nə idi? Başlıcası, Türk xalqının bir olmaması! Tarixən qılınca sarılan, ancaq idrakının gücünə arxalanmayan türkləri dünya təkləyə bildi. Şah İsmayıl Xətayinin ölümündən sonra onun qurduğu dövlət yavaş-yavaş farslaşmağa üz qoydu, Şah Abbasın çağında farsçılar istəklərinə çatdılar. Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri o dövrdə vahid dövlət əvəzinə xanlıqlar şəklində mövcudluğumuz idi. Azərbaycanı bir əldə birləşdirən güc olmadı, təəssüf ki, meydana çıxmadı. Üstəlik, xanlıqların balaca maraqları (tayfaçılıq, bölgəçilik, hakimiyyətçilik) ucbatından birlik alınmadı. “Gülüstan”ın yaranmasının ən başlıca səbəbi isə Türk xalqlarını siyasi, iqtisadi, mənəvi baxımdan birləşdirəcək İnamın – dünyabaxışın olmaması idi. Hətta Azərbaycan xanları Gəncə xanı Cavad xanın başına gələn faciədən sonra da ayılmadılar. Təəssüf ki, tarixin çox dönəmlərində türklər arasında birlik olmayıb. Babək dövründə, eləcə də sonrakı əsrlərdə, xüsusən Səfəvilər dönəmində türklərin biri-birinə yadlığının acı nəticələrini görmək mümkündür. Bu dövrdə Rusiya artıq bir əsrə yaxın idi ki, imperiya kimi qurulmuşdu, əməlli-başlı oturuşmuşdu. Anlayırdı ki, uzun müddət ayaqda qalması üçün ona yeni-yeni torpaqların işğalı gərəkdir.

***

İmperiyaçılıq – fürsətcillikdir, qətiyyən insaniliyə, vicdana, mərhəmətə əsaslanmır. Yurdumuzda, bölgədə erməni məsələsinin tüğyanı “Gülüstan” faciəsi ilə başlandı. Erməni məkri rus imperializminin işinə gözəl yaradı, bu gün də yarımaqdadır. Bu dönəmdə İran da güclənirdi. Azərbaycan aqibəti “Gülüstan” adlı andlaşmaya birdən-birə gəlib çıxmadı. Heç bir faciə birdən-birə yaranmır. Xəlqi faciələri mahiyyətcə fərdi faciələr yaradır.Yüzillərlə babalarımızın buraxdığı səhvlər bir yerə yığışdı və “Gülüstan” faciəsi yarandı. “Gülüstan” Türkmənçayın faciəvi başlanğıcı oldu. İllərdir Azərbaycan ictimai mühitini müşahidə edirəm: demək olar, aydınlarımız “Gülüstan” və “Türkmənçay” faciələri mövzusunda danışmır, yazmırlar. Azərbaycanın tarixi torpaqlarının işğal olunaraq Rusiya və İran arasında bölüşdürülməsinə hələ də Azərbaycan mətbuatında, ümumiyyətlə, KİV-lərdə əsasən soyuq və laqeyd münasibət davam etməkdədir. Əgər millət öz tarixi keçmişinə sayğı və qayğı ilə yanaşmırsa, buraxdığı səhvlərdən dərs almırsa, deməli, bütün hallarda sabahını tam mənası ilə qura bilməz. Bu gün hər birimiz dünyanın qabaqcıl millətlərinin necə böyük uğurlara çatdıqlarından heyrətlə danışırıq. Unuduruq ki, onlar bütün bunlara ardıcıl inadla, çox hallarda başqalarının tarixi səhvlərindən dərs almaqla, bəhrələnməklə çatıblar. Azərbaycanın yurd bölünmüşlüyü fəlakəti barədə ilk növbədə ziyalılarımız car çəkməlidirlər. Milli mənafe şəxsi mənafedən heç bir halda aşağı ola bilməz. Ancaq aydınlarımız çox hallarda dedikləri kimi yaşaya bilmir, sözlə iş birliyini pozurlar. Gurultulu sözlərin arxasındakı milli əməlçilik görünmür. Dərindən fikirləşməliyik. Görəsən, Azərbaycanın “bölünmüş xalq” statusunu dünyaya necə anlatmalıyıq? Başqa yandan da siyasi dünya Azərbaycanın durumunu, tarixi keçmişini, harada səhv etdiyini, nələri itirdiyini çox gözəl bilir.

***

Ümumiyyətlə, yağılarımız bizi bizdən də yaxşı tanıyırlar. Biz isə hələ də tarixi düşmənlərimizi yaxşı tanımamışıq. Bircə faktı diqqətə çatdıraq. 1945-ci ildə Azərbaycanın Güneyində Pişəvərinin başçılığı ilə hökumət quruldu, ancaq bir ildən sonra amansızcasına boğuldu, soydaşlarımıza divan tutuldu. Belə bir çağda yaradılan BMT qarışıq məqamları “qanuniləşdirdi”. Bir yandan millətlərin hər birinin öz müqəddəratını təyin etmək hüququ qorunur, başqa yandan hər bir dövlətin ərazisinin toxunulmazlığı təsbit edilir. Azərbaycanın Quzeyinin SSRİ əsarətində olduğu bir dönəmdə səsimizin çıxmağı mümkün deyildi. Ancaq bu gün müstəqilliyimizin 21 yaşının tamamında da sözügedən məsələlərə çox hallarda susqun münasibət bəsləməyi üstün tuturuq. Çoxu deyir ki, Qarabağ dərdimizin olduğu bir çağda Güney Azərbaycan dərdindən danışmaq yersizdir. Türk dünyası Güney dərdimizə bələdlik səviyyəsində belə hələ yanaşmır. Qardaş Türkiyədə bu mövzuda adda-budda kitablar çıxsa da, ciddi yanaşma hiss olunmur. Bu tarixi fəlakətin özümüzə bilgi səviyyəsində belə tam aydın olmasını da öz əlimizlə əngəlləyirik. Çağdaş dünya siyasətində bölünmüş xalqlara münasibət ikilidir. SSRİ dağılanda Almaniya birləşdirildi. Görəsən, bu gün dünyada bölünmüş xalqlar içərisində Azərbaycan türkləri kimi 200 ildir ki, ayrılıq əzabını dadan varmı? Dərinə gedəndə Şimali və Cənubi Koreyanın birləşməməsi bu xalq üçün dəhşətli fəlakət deyil. Baxmayaraq ki, bu birləşməyə də əngəl törədilir. Ancaq Bütöv Azərbaycanın yaranması dünyaya qətiyyən sərf eləmir. Siyasi dünya Azərbaycanın bütövlüyünü özünün ağalıq iddialarına qarşı ən böyük əngəl hesab edir. Azərbaycanın bütövləşmək istəyi qarşısıalınmaz olduğu dərəcədə bu istəkdə, milli iddiada, haqda olan hər birimizdən gərgin, ardıcıl axtarışlarla dolu millətsevər həyatı yaşamaq tələb olunur. Hadisələrin gündən-günə gərginləşdiyi bir çağda Bütöv Azərbaycan idealının ABŞ-İran qovğası selində gerçəkləşəcəyi təbii olaraq baş vermədi: çünki türkə qarşı bir-birinə düşmən olanlar da birləşirlər. Azərbaycan dərdinin həll olunması bir günün işi deyil. Hər şeydən qabaq siyasi gedişat bizdən daha təpərli, ayıq, yetkin fərdlər olaraq meydana çıxmağımızı tələb edir. Hətta istədiyimiz səviyyədə fərdlər yetişəsə belə, Azərbaycanın birliyi müəyyən dövrün nəticəsi kimi gerçəkləşə bilər…

***

Tarix boyunca Azərbaycanın başına gələn faciələrin sayını artıq unutmuşuq. Ancaq sözün əsl mənasında bir millət olaraq mövcudluğumuzu təsdiq etmək istəyiriksə, o zaman faciələrimizi dərindən bilməli və dərs almalıyıq. Faciəsini unudan millət var olmur.Türklərin tarix boyunca faciələrlə üz-üzə qalması zaman-zaman dünyanın türkü sevməməsilə bağlıdır. Azərbaycanın başına gələn faciələr bütün Türk Dünyasının faciəsi hesab olunmalıdır. “Gülüstan”ın ardınca gələn “Türkmənçay” müqaviləsi ilə Azərbaycanımızın Arazın güneyindəki 210 min kv.km ərazisi İrana, 130 min kv.km. ərzisi isə Rusiyaya qatıldı. Türkmənçay müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu. Həmin ədalətsiz bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik.

“Türkmənçay” müqaviləsi bir xalqın ruhuna, mənliyinə edilən amansız təcavüzün, yırtıcılığın davamı idi. Bu müddətdə türk xalqlarının başına çoxlu fəlakətlər gəldi. Nə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyətcə Türk Dünyasını xilası da olmayacaq. Türk xaqları bunu gözəl anlamalıdırlar. Əlbəttə, burada ilk növbədə özümüz məsuliyyətimizi anlamalıyıq. Əgər bu gün Azərbaycanın hər bir vətəndaşı, ilk növbədə isə türklər xalqımızı iki yerə bölən “Gülüstan” və “Türkmənçay” fəlakətləri ilə bağlı geniş bilgiyə, eləcə də bundan çıxan məntiqi nəticəyə malik deyillərsə, o zaman itirdiklərimizin ölçüsü, mənəvi fəlakətlərimizin sayı daha da artacaq.

***

“Türkmənçay” müqaviləsi Azərbaycan türklərinin şərə qarşı inadcıl, bütöv mübarizəsinin olmaması üzündən baş tutdu. Əgər o zaman sözün böyük anlamında birliyə nail olsaydıq, bu fəlakət başımıza gəlməyəcəkdi. Bir millət olaraq dərdlərimiz çoxdur. Ancaq hər halda dünyanın sonu da deyil. Başımıza gələnlər bizə onu deyir ki, bundan sonra qətiyyən çaşmaq, sarsılmaq olmaz. Dövlətçilik ənənəmizi dəyərləndirməli, qədimliyimizlə, olmuşlarla yanaşı, həm də ömrümüzdə daim yeni-yeni ümidli üfüqlər yaratmalıyıq.

LEAVE A REPLY