FİFA Bakının “İnter” klubunatransfer qadağası qoyub

0
4

FİFA Bakının “İnter” klubuna sanksiya tətbiq edib.

Klubun prezidenti Rəşad Qasımovun “Report”a verdiyi məlumata görə, qarşıdakı 2 transfer dövründə komandaya yeni oyunçu cəlb edilməsinə qadağa qoyulub.

O bildirib ki, qərar mayın 26-da çıxarılsa da, AFFA-ya indi göndərilib. Cəzaya səbəb isə “İnter”in maliyyə “feyr-pley”ini pozması olub: “Əslində UEFA klubumuzu eyni səbəbdən 2016-2017 mövsümündə Avropa Liqasında iştirakdan məhrum etdikdən sonra FİFA-nın da hansısa cəza tətbiq edəcəyini gözləyirdik. Amma qərarın nəyə görə 3 aydan sonra göndərildiyi mənə aydın deyil. Görünür, ali futbol qurumunda çalışan şəxslərdən kiminsə yadından çıxıb. Əslində qərarın gec göndərilməsi xeyrimizədir. Çünki elə qərar çıxdığı vaxt göndərilsəydi, yayda heyətimizə daha səviyyəli oyunçular yox, əvəzedici heyət futbolçularını cəlb edəcəkdik. Nəticədə yüksək yerlər uğrunda mübarizə apara bilməyəcəkdik. İndi isə qışda və gələn yay yeni transferlər edə bilməyəcəyik”.

R.Qasımov qərardan şikayət etməyəcəklərini də vurğulayıb: “Onsuz da şikayət heç nəyi dəyişdirməyəcək. “Barselona”, “Real Madrid” kimi klubları cəzalandırırlar, şikayət qüvvədə qalır. Kimdir bizim lehimizə qərar çıxaran?”.

Qeyd edək ki, Bakı “İnter”i xərclərinin gəlirlərini üstələməsi və gecikən ödənişləri səbəbindən cəzalandırılıb.