Türkiyənin neçə atom bombası var?

0
5

15 iyul hadisəsindən sonra ortaya bir həqiqət daha çıxdı: Türkiyənin nüvə dövləti olması. Halbuki, bu zamana qədər bir çoxumuz 1962-ci ildə Rusiya və ABŞ arasında baş verən Kuba böhranı zamanı tərəflərin Türkiyədəki nüvə silahlarının çıxarılması ilə bağlı ümumi razılığa gəldiklərini və beləcə, Pentaqonun bu ölkəyə yerləşdirdiyi 4 atom bombasını geri çəkdiyini bilirdik. Bir ay öncə baş tutmayan dövlət çevrilişi oyunundan sonra isə Türkiyədə onlarla atom bombasının olduğunu və “onların təhlükəsizliyinə kölgə düşdüyü üçün İncirlikdən dərhal çıxarılmasının vacibliyini” öyrəndik.

Məlumatlara görə, İncirlik hava bazasında saxlanılan əksər atom bombaları ABŞ-a aiddir. Amma bu bombalar NATO ölkəsi kimi həm də Türkiyənin müdafiəsində indiyə qədər mühüm rol oynayıblar. İndisə həmin silahların qardaş ölkədən çıxarılması gündəmə gətirilib. Bəs, görəsən, bu silahlar Türkiyədən çıxarılarsa, qardaş ölkə nüvəsizləşəcəkmi?

Türkiyənin Habertürk.com saytının 21 oktyabr 2012-ci il tarixli, “Türkiyədə atom bombası var, amma …” sərlövhəli məqaləsi bu suala aydınlıq gətirməyə çalışır.

Məqalənin aktuallığını nəzərə alıb oxuculara təqdim edirik:

nuve-1

“Türkiyədə 70-ə qədər atom bombası var. Ancaq mövcud qaydalar, bu atom bombalarının istifadə imkanını həm Türkiyə, həm də ABŞ üçün, az qala, qeyri-mümkün hala gətirir.

Habertürk-ün əldə etdiyi ən son məlumatlara və mütəxəssislərlə birgə apardığı araşdırmaya görə, qaydalar bu bombaların çoxunun (50-ə qədərinin) ABŞ tərəfindən istifadəsini nəzərdə tutur. Ancaq Ankara bu bombaları atmaq qabiliyyətinə sahib təyyarə donanmasını İncirlik bazasında yerləşdirməyə icazə vermir,Vaşinqtonun israrlarına baxmayaraq, onun tələblərini geri çevirir.

Odur ki, təcili bir hadisə baş verərsə, ABŞ təyyarələrinin xaricindən gələrək bu bombalarla yüklənməsi lazımdır. İncirlikdəki digər atom bombaları isə (10-20 qədəri) nəzəri olaraq Türk təyyarələrindən (F-16-lar) atılmaq üçün nəzərdə tutulub. 1995-ci ilə qədər Akıncı və Balıkesir Hava bazasında da atom bombaları vardı. Bu tarixdən sonra isə bütün bombalar İncirliyə daşınıldı.

Mütəxəssislər Türk təyyarələrinin atom bombalarını daşıyabilmə imkanları haqqında da tərəddüdlərin yaşandığına diqqət çəkirlər. Türk təyyarələrinin atom bombası daşımaq potensialına sahib olduğu, ancaq təyyarələrin nə bombalarla yüklü, nə də bu missiyanı yerinə yetirmək üçün “rəsmiləşdirilmiş” olduğu ifadə edilir.Bu vəziyyətdə atom bombalarının “xüsusi status”la Türkiyəyə yerləşdirildiyi bildirilir.

Yalnız yüksək sürətlə uçan təyyarələrdən atılan B-61 atom bombaları 320 kilo ağırlığında, 3,5 metr boyundadır. Onların diametri 33 sm-ə qədərdir”.

Bu məlumatın səhihliyinə inansaq, belə çıxır ki, Türkiyənin 20 atom bombası var – adı Türkiyənin, özü ABŞ-ın olsa da.
Heydər