İçməli su mənbələri yoxlanılır

0
5

52 rayonun 2683 kəndində 3647 su mənbəyindən laboratoriya nümunələri götürülərək müayinə edilib.

Virtualaz.org saytının məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Vaqif Abdullayev mərkəzin fəaliyyətinə həsr olunmuş tədbirdə bildirib.

V.Abdullayev deyib ki, 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin layihələrinin ekspertizası aparılıb. “Yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına uyğun təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, daşınması və zərərsizləşdirilməsinə nəzarət zamanı aşkar olunan çatışmazlıqlar barəsində Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq icraçı qurumlarına müraciətlər edilib”, – deyə baş direktor vurğulayıb.

Tədbirdə deyilib ki, Səbail rayonundakı Şıx və Qaradağ rayonundakı Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənmə hallarının davam etməsini nəzərə alaraq həmin ərazilərdə çimərliklərin qadağan edilməsi barədə qərar qüvvədə saxlanılıb.

Mərkəz direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva isə son 5 il ərzində tətbiq edilən peyvəndlərlə bağlı məlumat verib. “2013-cü ildən maliyariyaya yoluxma halları qeydə alınmayıb. Azərbaycan ərizisində malyariyanın tam ləğvinə nail olunub. Həmçinin 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2014-cü ildən qızılca və göyöskürək xəstəlikləri qeydə alınmayıb. Qazanılmış nailiyyətləri əldə saxlamaq üçün Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2016-2020-ci illər üçün “Azərbaycan Respublikasında malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə Milli Strategiyanın icrasına başlanılıb”.