Rusiya Olimpiya Oyunlarına buraxılmır

0
5

Beynəlxalq Olimpiya Komitəsi (BOK) dünən keçirilmiş iclasında Rusianın idman naziri Vitali Mutkoya avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində başlayacaq Yay Olimpiya Oyunlarına akkreditasiya verilməməsi barədə qərar çıxarıb.

Bundan əlavə, yaxın günlərdə Beynəlxalq Anti-dopinq Agentliyinin (WADA) təqdimatı ilə BOK Rusiya komandasının ümumilikdə Olimpiadaya buraxılmaması məsələsinə baxacaq. Buna səbəb kimi 2014-cü ilin Soçi Qış Olimpiya Oyunlarında rusiyalı idmançıların kütləvi şəkildə dopinqdən istifadə etmələri göstərilir.

Qərb mətbuatının yazdığına görə, bu işə Rusiya hökumətinin yüksək trütbəli şəxsləri də qarışıblar və onlar idman məmurlarına nəyin bahasına olursa olsun, Soçidə medalların ümumi sayına görə birinci olmağı tapşırıblar.

Rusiya ona qarşı irəli sürülən bu ittihamları rədd edir və baş verənlərin birgə araşdırılmasını təklif edir.

Xatırladaq ki, Rusiyanın yüngül və ağır atletika yığmaları artıq Olimpiya Oyunlarından xaric edilib.