Kasıbın Haqq savaşı yağdı Firon dürməyinə,
Oğuz, onlar çıxarır çünki savaşdan çörəyi.
Heydər Oğuz
“Bizim istehsalat gücümüz günü-gündən böyüyür. Hər nə qədər raketdənmüdafiə sistemləri sahəsində daha çox böyümələrə imza atsaq da, digər sahələrdə də mühüm qazanclar əldə etmişik”.
Strateq.az xəbər verir ki, nəhəng silah şirkətlərindən olan “Raytheon”un icraçı direktoru Tomas Kennedi bunu etiraf edib.
Onun bildirdiyinə görə, rəhbərlik etdiyi şirkət ötən il silah və müdafiə sistemlərinin satışından 23 milyard dollar qazanıb, bu il isə mənfəətin 5 və ya 3% artacağı gözlənilir.
Maraqlıdır ki, Kennedi dünyanın getdikcə müharibəyə daha çox sürüklənməsinin onların işinə yaradığını da gizlətməyib. Yaxın Şərqdən Uzaq Şərqə və Asiyaya qədər ərazilərdə döyüşlərinin yaşandığını ifadə edən Kennedi deyib: “Müqavimət döyüşləri davam etdiyi müddətcə silahlara tələblər də artır”.
“Raytheon” şirkətinin hesabatları da icraçı direktorun fikirlərini təsdiqləyir. Hesabata görə, İranın ballistik raketlərindən çəkinən bir çox Yaxın Şərq ölkəsi şirkət tərəfindən istehsal olunan “Patriot” sifarişlərini artırıb.
Qeyd edək ki, ABŞ-da nəşr edən “İntercept” adlı xəbər saytı da ötən il yayınladığı bir məqaləsində silah şirkətlərinin Suriyadakı daxili döyüşdən milyardlarla dolar mənfəət əldə etdiyi bildirmişdi.
Mütəxəssislər Türkiyənin hava sahəsini pozan rus döyüş təyyarəsini vurmasının da silah satışlarına müsbət təsir göstərdiyini irəli sürürlər. Ümumiyyətlə, Rusiyanın Suriyaya müdaxiləsinin “Lockheed Martin”in də işinə yaradığı, 1995-ci ildə qurulan bu yüksək texnologiya və hava hücumundan müdafiə şirkətinin istehsal etdiyi F-22 və F-35 təyyarələrinə duyulan ehtiyacı yüksəltdiyi, Yəmən döyüşlərindən sonra isə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin raket və bənzər silah sifarişlərini artdığı bildilir.
Məsələyə bu aspektdən yanaşanda ABŞ-ın Rusiya ilə münasibətlərində niyə gərginliyi artırmaq xəttini tutduğu andınlaşır. Prinsipcə, Rusiya da müharibənin “çörəyini yemək”dən geri qalmır.
Bir müddət əvvəl Rusiyanın Suriyada Tu-22M3 təyyarələri ilə hərbi hava əməliyyatı keçirməsinin başlıca səbəblərindən biri də silah ticarətilə izah olunur. Mülahizələrə görə, 2012-ci ildən sonra bir ədəd Tu-22M3 təyyarəsi belə sata bilməyən Moskva əslində Suriya səmalarında öz strateji təyyarəsini nümayiş etdirirdi. Əks təqdirdə hərbi gücü məhdud terrorçulara qarşı atom bombası daşımaq üçün nəzərdə tutulan təyyarələrdən istifadə olunmasının başqa səbəblərlə izahı mümkün deyil.