Azərbaycanda işıq pulu artırıldı

0
7

İyulun 14-də Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuradan virtualaz.org-a verilən məlumata görə, iclasda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib.

Təsdiq edilmiş yeni tariflər region ölkələrindəki faktiki tariflərlə müqayisədə aşağı səviyyədədir.

Tarif tənzimləməsindən sonra əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan 18 mindən artıq işçinin əməkhaqlarının artırılmasına imkan verəcək.

Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcək. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.