Qışda soyuqdan, yayda istidən qorunmağımızda kondisionerlərin rolu danılmazdır. Amma faydası ilə yanaşı, sağlamlığımıza vurduğu zərəri çox vaxt nəzərə almırıq nədənsə. Yayın gəlişi ilə özünü göstərməyə başlayan qızmar isti və yüksək rütübətlilik kondisionerdən istifadəni artırır. Demək olar ki, hər evdə, ofislərdə və avtomobillərdə kondisioner var və gün boyu işləyir. Bəs ondan doğru istifadə edirikmi?
Xüsusilə uşaqlı evlərdə kondinsionerdən ehtiyatla istifadə etmək lazımdır. Kondisioner işləyən zaman filtrində yığılan mikroblar havaya qarışaraq infeksiyaların yaranmasına səbəb olur.
Pediatr Günay Rəsulova lent.az-a açıqlamasında deyib ki, kondisionerlərin arxasında olan durğun sularda Legionella pneumophila adlı çox təhlükəli bakteriya artıb-çoxalır. Kondisionerlərin içindəki nəmli mühit bu bakretiyanın yaşaması və çoxalması üçün əlverişlidir. Kondisioner işləməyə başlayanda bu mikrob havaya yayılır və uşaq-böyük fərq etmədən insanı ağır ağciyər xəstəliyinə, sətəlcəmə məruz qoyur. Bu mikrob xüsusilə ticarət mərkəzi, maşın, ofis, düzgün baxım edilməmiş kondisionerli evlərdə olur: “Bu mikroba yoluxmanı göstərən əlamətlər var. Başlanğıcda tək tək öskürək olur. Ardınca halsızlıq, yüksək hərarət, əzələ ağrıları, baş ağrısı, öskürək, ishal özünü göstərməyə başlayır. Əgər bu əlamətlərdən hansısa varsa, dərhal həkimə müraciət etmək lazımdır”.
Həkim bakteriyadan qorunmaq yollarını da sadalayıb. Onun sözlərinə görə, ilk növbədə, kondisionerin hər 6 aydan bir düzgün baxım, gigiyena və təmizliyi təmin edilməlidir. Müəyyən müddətdən bir filtrləri təmizlənməli və ya dəyişdirilməlidir: “Kondisionerin üfürdüyü soyuq hava birbaşa insanın üzərinə düşməməlidir. Optimal sərinləşdirici temperatur 23-25 dərəcəni aşmamalıdır. Xarici mühit temperaturu ilə kondisionerli ortamın temperaturu arasındakı fərq 7 dərəcəni aşmamalıdır. Uşaqları kondisioner çalışan əyləncə mərkəzləri, ticarət mərkəzləri, maşın, ofis, mağaza və digər yerlərə aparmayın. Günün isti saatlarında istiyə dözmək mümkün olmadıqda kondisioneri paralel otaqda qoşaraq uşaqla birbaşa təmasına imkan verməyin. İmkan olduqca isti yay aylarında təbii üsullarla sərinləməyə üstünlük verməyə çalışın. Bu cür ağır, ölümcül xəstəliklərdən özünüzü və körpələrinizi qoruyun”.