Rəsmi Ankara Ermənistana sərt bəyanatla cavab verdi:”Əvvəlcə işğal etdiyiniz torpaqların, Xocalının hesabını verin…”

0
3
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iki ölkə arasında 2009-cu ildə İsveçrənin Sürih şəhərində imzalanmış protokollarla bağlı açıqlamasına cavab verib. 

Türkiyə XİN-in bəyanatında bildirilir ki, E. Nalbandyanın açıqlamaları əsassızdır və beynəlxalq ictimaiyyəti yanıltmağa yönəlib: “Protokollar İsveçrənin yaratdığı şərait çərçivəsində aparılan danışıqlarda hazırlanaraq Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşdırılması məqsədi daşıyırdı. Lakin ilk olaraq Ermənistan Konstitusiya Məhkəməsi 12 yanvar 2010-cu il tarixində protokolların ruhuna və mətninə zidd ön şərtlər və məhdudlaşdırıcı hökmlər qəbul edib. Davamında Ermənistan prezidenti Serj Sarkisyan 22 aprel 2010-cu il tarixində protokolların ratifikasiyasının təxirə salındığını açıqlayıb. Son olaraq, Sarkisyan 19 sentyabr 2017-ci il tarixində BMT Baş Məclisində çıxışında protokolların gecikməsinin məsuliyyətini əsassız şəkildə Türkiyənin boynuna qoyaraq, tərəqqi olmadığı üçün protokolları qüvvədən düşmüş sayacaqlarını və 2018-ci ilin baharına bu protokollar olmadan girəcəklərini açıqlayıb”.

Bəyanatda bildirilir ki, Ermənistanın bu neqativ mövqeyinə baxmayaraq, Türkiyə protokolların əsas müddəalarına sadiqliyini qoruyur: “Protokollar hələ də TBMM Xarici işlər komissiyasının gündəmindədir və ratifikasiya olunmaq üçün Cənubi Qafqazda uyğun siyasi atmosferin və sülh ortamının yaranması zəruridir. Ölkəmizin protokol prosesində əsas məqsədi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin Cənubi Qafqazda əhatəli sülh və sabitliyi təmin edəcək şəkildə həyata keçirilməsi, bu çərçivədə Yuxarı Qarabağ probleminin həlli prosesində BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü təməlində irəliləyiş əldə olunması idi. İstənilən halda, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır”.

Bəyanatda E. Nalbandyanın uydurma “erməni soyqırımı” barədə iddialarının da həqiqətdən uzaq olduğu qeyd edilir: “Ermənistandan gözləntimiz mübahisəli tarixi mövzuları kənara qoyub, yaxın tarixin ən önəmli insanlıq cinayətlərindən biri olan Xocalı qətliamının hesabını verməsidir”.

Xatırladaq ki, E. Nalbandyan Yunanıstana səfəri zamanı bu ölkənin Xarici İşlər Nazirliyində çıxışında Türkiyə ilə imzalanmış protokolların həyata keçməməsində Ankaranı ittiham edib. O bildirib ki, Ermənistan 2018-ci ilin yazına qədər bu protokolları ləğv edəcək/APA.