Son günlərdə geniş müzakirə olunan məsələlərdən biri də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu ildən etibarən orta ümumtəhsil müəssisələrində şagirdlərin qiymətləndirilməsi (buraxılış) və qəbul imtahanlarının modelinin dəyişdirilməsidir.
Belə ki, hazırki modelə görə, xarici dil sadəcə buraxılış imtahanlarına salınacaq. Qəbul imtahanlarında isə abituriyentlər aşağıdakı fənnlərdən imtahan verəcəklər:
I qrup | II qrup | III qrup | IV qrup |
Riyaziyyat | Riyaziyyat | Azərbaycan dili (rus dili) | Kimya |
Fizika | Coğrafiya | Tarix
(Azərbaycan və Dünya tarixi) |
Biologiya |
Kimya | Tarix (Azərbaycan və Dünya tarixi) | Ədəbiyyat | Fizika |
Yeni modelin tətbiqi nə kimi mənfi və müsbət nəticələr verəcək? İmtahanda sualların azaldılmasına baxmayaraq, 3 saat müddətin saxlanılması açıq tipli sualların çətinliyi ilə bağlıdırmı? Buraxılış və qəbul imtahanlarının nəticələri hansı faizlə hesablanacaq? Bu kimi suallara təhsil ekspertlərinin köməyi ilə cavab tapmağa çalışdıq:
Kamran Əsədov Publika.az-a yeni modelin tətbiqində həm mənfi, həm müsbət cəhətlərin olduğunu bildirib:
“Azərbaycanda təhsil sistemində ali məktəblərə qəbul imtahanlarında dəyişiklik labüd idi. Ona görə ki, artıq 25 ildən çoxdur eyni cür test tapşırıqları ilə qəbul tələbələrin bacarıqlarını passivləşdirir. 2008-2009-cu tədris ilindən başlayaraq Azərbaycanda orta ümumtəhsil məktəblərində kurrikulum standartlarına uyğun təhsil prosesi həyata keçirilir. Həmin bu sistemdə şagirdlərin yalnız bilik səviyyəsi müəyyən edilirdi, digər bacarıqlarını yoxlamaq mümkün olmurdu. Bildiyiniz kimi isə artıq əmək bazarında yeni bacarıqlar tələb olunur. Bu səbəbdən də DİM 2019-cu il tədris sitemi üçün yeni model hazırlayıb. Belə ki, artıq 2019-cu il üçün nəzərdə tutulan qaydalara əsasən, buraxılış imtahanında 3 fənn, qəbul imtahanında isə 2 fənn olmaqla, iki mərhələli ali məktəblərə və orta ixtisas təhsil müəssislərinə qəbul imtahanları keçiriləcək. Burada yenilik ondan ibarətdir ki, buraxılış imtahanında toplanılan bal qəbul imtahanında toplanılan balın üzərinə gələcək və ümumi toplam bal çıxarılacaq. Qəbul imtahanlarındakı yenilik isə fənn sayının azalması ilə müşahidə olunur. Əvvəl qəbulda 5 fənn üzrə imtahan verən abituriyentlər artıq 3 fənn üzrə imtahan verəcəklər. Amma təkrarçılıq halı var. Məsələn, 1-ci qrupa qəbul imtahanı verən abituriyentlər riyaziyyat fənnindən həm buraxılış, (riyaziyyat, Azərbaycan dili və xarici dil) həm də qəbul imtahanında imtahan verəcəklər. Yəni yenə də 6 yox, 5 fənndən imtahan vermiş olurlar. 2-ci qrupda da bu kimi məqam var. Amma bu qrupda yenilik dünya tarixi fənninin əlavə edilməsidir. Nəzərə alsaq ki, orta məktəblərdə ənənəvi deyil, təmayül (ixtisaslaşma) üzrə tədris aparılır, bu zaman çətinlik yarana bilər. Çünki onlara dünya tarixi kitabı verilmir. Onlara qrup fənni olaraq yalnız Azərbaycan tarixi tədris olunur. Son 2 il ərzində dünya tarixindən dərs almayan şəxslərə qəbulda həmin fənndən suallar salmaq düzgün deyil. 3-cü qrupda da Azərbaycan dili təkrarlanır. Bu model üzrə ən acınacaqlı ixtisas qrupu 4-cü qrup hesab olunur. Onlar buraxılış və qəbul imtahanlarında 3 ayrı fənndən imtahan verəcəklər. Düşünürəm ki, kifayət qədər ağır qrupdur və şəxsi fikrimə görə, gələcəkdə abituriyentlər kütləvi şəkildə 1 və 3-cü qruplara meyl edəcəklər. 2019-cu ildə 700 bal toplayan olmayacaq. Düşünürəm ki, 700 ballıq sistem qorunacaq və buraxılış imtahanlarında 300, qəbul imtahanlarında isə 400 bal olmaqla nəticələr hesablanacaq”.
Qəbul imtahanlarından xarici dilin çıxarılmasına münasibət bildirən Kamran Əsədov qeyd edib ki, bu abituriyentlərin xarici ölkələrdə təhsil alma şanslarını xeyli aşağı sala bilər:
“Ümumiyyətlə orta ümumtəhsil müəssisələrini bitirən şəxslərin heç də hər biri ali təhsil müəssislərinə imtahan verməyə hazırlaşmır. Onların bəziləri orta ixtisas təhsil müəssisələrini seçir. Bunu nəzərə alaraq, buraxılış imtahanında salınan suaların çətinlik səviyyəsi onluq şəklində müəyyənləşdirilməlidir. Məsələn, ilk 10 sual sadə, sonrakı 10 sual bir qədər çətin, digər 10 sual isə çətin tipli suallar olsa, daha məqbul hesab olunar. İlk 10 suala cavab verənlər ən azından attestatını ala bilsinlər. Eyni zamanda, xarici dilin də qəbul imtahanlarından çıxarılmasını uğurlu addım hesab etmirəm. Ən azından, 3-cü qrupda olan ixtisaslar (tərcümə fakültələri) və xarici ölkələrdə təhsil almaq istəyən gənclər nəzərə alınmalıdır. Bu ilkin illərdə repetitorların da işlərinə mənfi təsir göstərəcək. Ümumilikdə bütün ixtisas qruplarının tədrisi üzrə xarici dil bölmələri var. Əgər biz Avropa təhsili ilə inteqrasiyanı qarşımıza məqsəd qoymuşuqsa, xarici dilin təkcə buraxılış imtahanına salınması təhsildə ciddi şəkildə uduzmağımıza gətirib çıxaracaq. Xarici dil ən azından 3-cü ixtisas qrupuna əlavə olunmalıdır və qəbul imtahanları yüksək səviyyədə keçirilməlidir”.
O bildirib ki, keçən illərdə buraxılış imtahanlarında 40-50% şagird Azərbaycan dili və riyaziyyat fənnindən aşağı nəticə göstərmişdi. Hələ ki, DİM yeni model haqqında tam rəsmi mövqeyini ortaya qoymayıb:
“Ancaq düşünürəm ki, Mərkəzin əməkdaşları bunun üzərində çalışırlar. Hazırda 9-cu siniflərdə 2, 11-ci siniflərdə 3 fənndən imtahan verilir. Amma 2019-cu ildən etibarən hər iki buraxılış sinfi 3 fəndən (Azərbaycan dili, riyaziyyat, xarici dil) imtahan verəcək. Xatırladım ki, 2019-cu ildə imtahan verəcək. 110 min nəfər 9-cu sinif şagirdi bu ilin mart ayında 1-ci mərhələ kurrikulumdan imtahan verib və 70%-i “2” alıb. 2016-cı ildə isə 35 min şagird buraxılış imtahanında ana dili fənnindən “2” almışdı. Bunlara buraxılış imtahanı ilə qəbul imtahanı arasındakı faiz nisbətini artırsaq, nəticələr çox aşağı olacaq. Ümumilikdə problemdən çıxış yolu isə istər buraxılış, istərsə də qəbul imtahanlarında sualların çətinlik dərəcəsinin qruplaşdırılmasıdır”.
K.Əsədov qeyd edib ki, imtahan suallarının azaldılması ilə abituriyentlərə ayrılan zaman da tərs mütənasibdir:
“Dünya təcrübəsində bir suala 1 dəqiqə 30 saniyə ayrılır. Əvvəl 5 fəndən 125 sual üçün 3 saat ayrılırdı. İndi fənnlərin sayı azaldılırsa, bu avtomotik olaraq saata da təsir göstərməlidir. 3 fənn və hərəsindən 25 sual olmaqla cəmi 75 suala 3 saat vaxt ayrılması çox gülüncdür. Düşünürəm ki, ya vaxt 2 saata endiriləcək, ya da ümumi olaraq sualların sayında artım olacaq”.
Onun sözlərinə görə, jurnalistika üzrə bakalavr və magistratura pilləsinə qəbul zamanı qiymətləndirilmə meyarlarına düzgün əməl olunmadığı üçün kifayət qədər şikayətlər olmuşdu:
“Bu dəfə DİM bu kimi halların qarşısının alınması üçün müəyyən tədbirlər görüb. Qiymətləndirmə prosesinin obyektiv və şəffaf keçirilməsi önəmlidir. Cari ilin mart ayında keçirilən buraxılış imtahanlarında 500 nəfərin işi appelyasiyaya verilmişdi. Nəticələr yenidən yoxlanılmış və dəyişdirilmişdi. 2019-cu ildə bu halları minimuma endirmək məqsədi ilə Slovakiyanın “Şablon yazıların yoxlanılması” sistemindən istifadə ediləcək. Bu sistemdə insan faktoru olmayacaq. Nəticələr konkret meyarlar və standartlar əsasında aparılacaq. Düşünürəm ki, bu halda heç kimin nəticələrin şəffaflığına şübhəsi olmayacaq”.
Məsələyə münasibət bildirən təhsil eksperti Əjdər Ağayev dedi ki, tətbiq olunacaq yeni modelin gələcəkdə həm müəllim, həm də şagirdlər üçün faydalı olacağına inanır:
“2019-cu tədris ili üçün nəzərdə tutulub. Uzun illərdir qəbul imtahanları eyni formada keçirilir və bu da uşaqların qabiliyyətlərinin (yazılı, şifahi) passivləşməsinə gətirib çıxarır. Bu əslində çox gözəl üsuldur. Əvvəllər orta ümumtəhsil müəssisləri şagirdlərə məsuliyyətsiz yanaşırdılarsa, artıq bunu edə biməyəcəklər. Çünki buraxılış imtahanlarının nəticələrinin qəbul zamanı nəzər alınması məktəb sistemində tədris prosesinin səviyyəsinin də yüksəlməsinə gətirib çıxaracaq. Digər tərəfdən isə bu sosial cəhətdən valideynlərə bir növ yardım rolu oynayır. Əvvəllər 5 fənndən imtahan verəcək abituriyentlər repetitor yanına gedirdilər. Bu özü maddi cəhətdən olduqca böyük xərcdir. İndi həm fənnlərin sayının azaldılması və buraxılış imtahanında 3 fənnin nəticələrinin hesablanması maddi cəhətdən valideynlərə dəstəkdir. Təbii ki, bu tam qəti qərar deyil. Ola bilsin ki, müəyyən dəyişikliklər yaransın. Amma DİM çalışır ki, hər 3 tərəf üçün (valideynlər, orta ümumtəhsil məktəbləri və ali təhsil müəssisləri) ən faydalı olacaq sistem tədbiq edilsin”.
O bildirib ki, yeni modelin mexanizmində qiymətlərin hansı meyarlarla hesablanması dəqiqləşməsə də, hər iki mərhələdə maksimum balın nəzərdə tutulacağını düşünür:
“Hələ DİM dəqiq meyarları elan etməyib. Şəxsi fikrimə görə, ən yüksək bal nəzərdə tutulacaq. Məsələn, ən çox önəm fənn sayına görə qəbul imtahanına verilər. Buraxılış imtahanlarında toplanan balın 40%-i, qəbul imtahanlarında isə 60%-i götürülə bilər. İnanmıram ki, 50-50-yə olsun. Açıq sualların yoxlanılmasının şəffaflığı da qorunacaq. Çünki onların yazı qabiliyyəti, fikrini ifadə etmək tərzi inkişaf etməyib. Ona görə ilk ildə inanmıram ki, çətin keçirilsin.
Xarici dilin isə qəbul imtahanına salınmaması dəqiq deyil. Düşünürəm ki, bu məslədə mütləq dəyişiklik olacaq.
İxtisas qrupları üzrə 3-cü qrupda tərcüməçi, xarici dil müəllimliyini seçmək istəyən abituriyentlərin ixtisas fənnindən imtahan verməməsi mümkün deyil”.