Bakıda qanunsuz yol nişanları və 2 min manatadək cərimə

0
4
Paytaxt yollarında qanunsuz yol nişanlarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən ( BNA ) virtualaz.org-a verilən məlumata görə, bu çərçivədə iyulun 10-da Yasamal rayonu Nazim Hikmət küçəsinə keçirilən baxış zamanı avtobus dayanacağı məntəqəsinə parklanma nişanın qoyulduğu aşkar edilib. Müntəzəm marşrut avtobusları üçün nəzərdə tutulan dayanacaq məntəqəsinin yaxınlığına standartlara uyğun olmayan nişanın qoyulması qanunsuz olaraq həyata keçirilib. Belə ki, “Yol Hərəkəti haqqında” Qanunun müvafiq maddəsinin tələbinə əsasən Bakı şəhərinin inzibati ərazisində yollarda yol nişanlarının qurulması Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırmaqla, Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir. Sözügedən ünvanda qanunsuz yol nişanı quraşdıran şəxslər barəsində zəruri inzibati tədbirlərin görülməsi təmin ediləcək.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 350-ci maddəsinə əsasən, müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə- fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.