Sumqayıtda uşaqlar arasında rotavirus infeksiyasının məhz sudan keçdiyi bəlli olub.
Bu barədə virtualaz.org-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri İmran Abdullayev bildirib.
İ.Abdullayev deyib ki, içməli suya çirkli suyun qarışdırılması nəticəsində virus yayılıb. “Götürülən analizlərin nəticələri də virusun məhz sudan keçdiyini təsdiqləyir. Hazırda xəstələrin vəziyyəti kafidir”, -mərkəz rəhbəri deyib.
Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov deyib ki, virusun qeydə alındığı ilk gündən nazirlikdə operativ qərargah yaradılıb: “Hazırda tək-tək müraciətlər daxil olur. Xəstələr nəzarətdədir. Müraciət tam kəsilənə və xəstələr sağalanadək qərargah fəaliyyətini davam etdirəcək”.
V.Qasımov Bakıda virusa yoluxma hallarının qeydə alınmadığını da söyləyib. “Rotavirus virusu məhz su vasitəsi ilə yayılır. Görünür, həmin gün içməli suya çirkli su qarışdırılıb. Hazırda su mənbələri də nəzarətdədir”.
Baş pediatr Nəsib Quliyev isə valideynlərə ehtiyatlı olmalarını, yalnız qaynadılmış sudan istifadə etməyi məsləhət görüb.